Qədim taxılların sağlamlıq üçün daha faydalı olması ilə bağlı iddialar çox yayılıb. Lakin alimlər deyirlər ki, məsələ düşündüyümüz qədər sadə deyil.
Qədim taxıllar nədir?
Qədim taxıllar yüzlərlə, bəzən minlərlə il ərzində demək olar ki, dəyişməyən bitkilərdir. Müasir buğda və qarğıdalı kimi məhsullar uzun illər ərzində daha çox məhsul verməsi və daha yaxşı dadı olması üçün seçmə üsulları ilə yetişdirilib. Qədim taxıllar isə vəhşi əcdadlarının xüsusiyyətlərini daha çox qoruyub saxlayıb.
Bunlara aşağıdakılar daxildir:
Kinoa
Spelta (spelt)
Emmer
Einkorn
Darı (millet)
Arpa
Fonio
Çia toxumu
Taxıl və tam taxıl arasındakı fərq
Düyü, buğda, yulaf və qarğıdalı kimi məhsullar qidalanmamızın əsas hissəsini təşkil edir.
Tam taxıllar emal olunmadığı üçün üç əsas hissəsini saxlayır:
Kəpək (bran)
Endosperm
Cücərti (germ)
Bu hissələr lif, B vitaminləri, dəmir, antioksidantlar və zülalla zəngindir.
Rafinə edilmiş taxıllar isə emal zamanı bu hissələrin bir qismini itirir və nəticədə lif və bəzi qidalandırıcı maddələr azalır.
Araşdırmalar göstərir ki, tam taxıl istehlakı:
2-ci tip diabet riskini azalda bilər,
qan təzyiqinin aşağı olmasına kömək edə bilər,
bəzi həzm sistemi xərçənglərinin riskini azalda bilər.
Amma alimlər qeyd edirlər ki, tam taxıl yeyən insanlar adətən ümumilikdə daha sağlam həyat tərzi keçirirlər. Buna görə də faydanın nə qədərinin məhz taxıldan gəldiyini müəyyən etmək çətindir.
Qədim taxıllar daha sağlamdırmı?
Bəzi üstünlükləri var:
Bir çox qədim taxıl növündə az və ya heç gluten yoxdur.
Kinoa və darı glutenə həssaslığı olan insanlar üçün uyğun ola bilər.
Bəzi tədqiqatlarda kinoa qan şəkərinin idarə olunmasına müsbət təsir göstərib.
Məsələn, bir araşdırmada dörd həftə ərzində kinoa unundan hazırlanmış çörək yeyən insanların yeməkdən sonrakı qan şəkəri səviyyəsi ağ çörək yeyənlərdən daha aşağı olub.
Ancaq 2020-ci ildə aparılan araşdırmalar göstərib ki, müasir taxılların seçmə yetişdirilməsi onların qida dəyərini ciddi şəkildə azaltmayıb. Bəzi minerallar (dəmir, sink, maqnezium) azalsa da, fərq o qədər də böyük deyil.
Mütəxəssislərin fikrincə, qədim taxıllar ətrafındakı reklam və maraq bir qədər şişirdilmiş ola bilər. Onların əsas üstünlüyü çox vaxt tam taxıl şəklində yeyilmələridir, yəni daha çox lif, vitamin və mineral qəbul edilir.
Niyə yenidən populyarlaşırlar?
Qədim taxılların başqa bir üstünlüyü kənd təsərrüfatı ilə bağlıdır:
quraqlığa daha davamlı ola bilirlər,
daha az pestisid tələb edə bilirlər,
iqlim dəyişikliyi dövründə ərzaq təhlükəsizliyi üçün faydalı hesab olunurlar.
Məsələn, Türkiyədə və Qərbi Afrikada bəzi fermerlər qədim taxıl növlərini yenidən becərməyə başlayıblar.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
