Günəşin daxili quruluşunu araşdıran elm adamları, ulduzun dərinliklərindəki maqnit fəaliyyətinin son 40 ildə böyük dəyişikliklər keçirdiyini və Günəşin daha əvvəl müşahidə olunmamış yeni bir davranış mərhələsinə daxil ola biləcəyini aşkar ediblər.
Alimlər bildirirlər ki, Günəşin səthindən alınan radiasiya ölçmələri ulduzun əsl vəziyyətini tam əks etdirmir. Astronomlar Yerə ən yaxın ulduzun daxili “səslərini” (seysmik dalğalarını) analiz edərək son 40 ildə baş verən böyük dəyişiklikləri üzə çıxarıblar.
Mütəxəssislərin fikrincə, əldə edilən nəticələr Günəşin tamamilə fərqli bir davranış rejiminə keçdiyini göstərə bilər. Birmingem Universitetindən astrofizik Bill Chaplinin rəhbərlik etdiyi tədqiqat Günəş aktivlik dövrlərində sistematik dəyişikliklərin olduğunu göstərib. Araşdırmaya görə, hər yeni dövrdə maqnit aktivliyi daha çox səthə yaxın bölgələrdə cəmlənir.
Günəşin daxilində “termonüvə zəngi”
Normalda Günəş 11 illik dövrlərlə dəyişir. Sakit minimum mərhələlərdən sonra maksimum dövrlərdə daha güclü partlayışlar baş verir. Bu proseslər peyklərə, GPS sistemlərinə və elektrik şəbəkələrinə təsir edə bilər. Günəşin fırlanan plazması səbəbindən hər 11 ildən bir maqnit qütbləri dəyişir.
Lakin son dövrlərdə bu ümumi prosesdə zəifləmə müşahidə olunub. Alimlər bunun səbəbini anlamaq üçün 1987-ci ildən toplanan seysmik məlumatları araşdırıblar. Dünyadakı altı müşahidə mərkəzindən ibarət BiSON şəbəkəsi Günəşin daxili dalğalarını ölçərək onun “termonüvə zəngi” kimi titrəyişlərini qeydə alıb.
Səthdə sakit, dərinlikdə güclü
Araşdırmalar göstərib ki, Günəşin səthində aktivlik zəif görünsə də, daxili təbəqələrdə yüksək tezlikli titrəyişlər əvvəlki kimi güclüdür. Bu isə maqnit fəaliyyətinin səthə yaxın, təxminən 1000 km dərinlikdəki nazik bir bölgəyə sıxışdığını göstərir. Yale Universitetindən astronom Sarbani Basu bildirir ki, daxili titrəyişlərlə səth aktivliyi arasındakı əlaqə son dövrlərdə dəyişib.
Kosmik hava proqnozları dəyişə bilər
Mütəxəssislər bu vəziyyətin təkcə zəif maqnit sahəsi ilə izah olunmadığını, Günəşin daxili qatlarında enerjinin yığılma formasının dəyişdiyini düşünürlər. Təxminən 2030-cu ildə başlayacaq yeni dövr bu dəyişikliklərin davam edib-etmədiyini göstərəcək.
Bu prosesin tam anlaşılması peyklər, rabitə sistemləri və elektrik şəbəkələri üçün vacib olan kosmik hava proqnozlarının daha dəqiq hazırlanmasına kömək edə bilər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
