Aşıq sənəti dədə-babalarımızdan miras qalma, həm də bir folklor növü tək ən önəmli milli dəyərlərimizdən biridir. Bu sənətin ölməzliyi, həmişə yaşarlığı ondan irəli gəlir
ki, bu sənətdə atalar sözləri, xalq deyimləri, saz havaları, söyləmələr-deyişmələr yaddaşlarda qalır, hafizələrdən-hafizələrə köçür, üstündən min illər keçməsinə baxmayaraq öz təravətini olduğu kimi saxlayır. Öz təravətini bu gün də ilk günkü tək qoruyub saxlayan aşıqlarımızdan biri də Aşıq Pəridir. Aşıq sənətində Aşıq Pərinin öz naxışı var. Aşıq Pərinin bənzərsizliyi onun təkrarsız bir sənətkar, öz dövründə aşıq şeirinin ilhamvericilərindən biri olmasındadır. Həqiqət carçısı olan Aşıq Pəri həsrət- hicran nəğməkarı tək zamanın məngənəsində sıxılsa da, özünü küskün, köməksiz bir
Allah bəndəsi kimi aparmır. Ona hörmət göstərənləri Aşıq Pəri doğruluq, ədalət, insana hörmət, təmiz məhəbbət və səmimi dostluq hislərini dərindən ifadə edən ahəngdar şeirləri ilə ruhlandırır. Aşıq Pəri sənət zirvəsinə təkcə yüksəlmir, həm də yüksəldir. Onun yaradıcılığında gözəl bənzətmələr, hikmətli kəlamlar, xalq ifadə və deyimləri, atalar sözü və məsəlləri yerli-yerində işləndiyindən qoşma və gəraylılarda bədiiliyi, axıcılığı, rəvanlığı artırır, beyt və misraları xalq dilinə, canlı danışıq dilinə
daha da yaxınlaşdırır. Aşıq Pərinin yazdığı qoşma və gəraylılar, deyişmələr həssas qəlbdən qopub gələn lirik şeirlərdir, bir-birindən gözəlXalqımızın qəhrəmanlıq və mədəniyyət tarixində Azərbaycan qadınlarının öz şöhrəti, öz şərəfli yeri var. “Kitabi Dədə Qorqud” qəhrəmanı igid Buğaca süd verən ananın, Qoç Koroğlunun sadiq
Nigarının, Nəbinin Həcərinin, xalqımızın keçmiş müdrik hökmdarı Nüşabənin, tədbirli dövlət xadimi Sara Xatunun dayandığı ucalıqdı bu yer…
Mədəniyyətimizin önəmli bir qolunun aşıq-ozan sənətkarlığında da qadınlarımız bax, belə bir ucalıqda dayanır, belə bir ucalıqda yaşayır… Ona görə yaşayırlar ki, Qorqudun yaşıdı olan sazı, sözü yaşadıblar. Bu saz və söz sahibləri olan nənələrimiz çox zəngin ədəbi irs qoyub getmişlər. Belə dəyərli xanımlarımızın sırasında duran, Xan Arazın xan qızı kimi doğulan, təbi ilahi vergidən gələn, bədahətən şeirlər deyən Aşıq Pəri Azərbaycan aşıq şeirinin ən görkəmli nümayəndələrindən biri, qadın aşıq sənətinin isə yaradıcısı və banisidir. Aşıq Pəri 1811-ci ildə Cəbrayılın Maralyan kəndində anadan olub. Məktəbi bitirdikdən sonra aşıq şeri ilə maraqlanmağa başlayıb. Qısa zaman içində onun şan-şöhrəti hər yana yayılıb və öz dövrünün aşıqlarının diqqətini özünə çəkib. Təxminən 1830-cu ildə Aşıq Pəri Şuşaya köçüb və ömrünün sonuna qədər burada yaşayıb. Firidun bəy Köçərli onun bilikli, gözəl bir xanım olduğunu yazır. Aşıq Pəri kamil söz ustası idi. Onun deyişmələri sənətkarlıq baxımından seçilən, sevilən poeziya nümunələri kimi daim yaşayır. Aşıq Pəri bir Azərbaycan aşığı, qadın aşıqlarımızın banisi olmaq faktından əlavə, həm də
Azərbaycan qadını adının ləyaqətli daşıyıcılarından olmuşdur. Aşıq Pəri poeziyasının dili rəvan, axıcı və xoşagələndir. Onun şeirlərində insanlarda insanlığı yaşatmaq,
paklığa, təmizliyə, düzlüyə, mənəvi gözəlliyə çağırış notları var. Aşıq Pərinin həyatının maraqlı cəhətlərdən biri də odur ki, özündən öndəki ustad aşıqlar kimi o da özü haqqında dastan yaradan ünlü sənətkarlardandır. Aşıq Pəri aşıq məclislərində böyük hörmətə sahib olub. Şairlər onun gözəlliyini öz şeirlərində vəsf etmişlər. Aşıq Pəri Mirzə Həsən bəy Mirzə, Kərbəlayı Abdulla Canızadə , Cəfərqulu xan Nəva , Məhəmməd bəy Aşiq və s. aşıqlarla və şairlərlə deyişmiş, bu deyişmələrin hamısında uğur qazanmışdır. Gözəl şeirləri və hazırcavablığı ilə Aşıq Pəri az bir zamanda Qarabağ şairlərinin diqqətini cəlb etmiş, tez-tez Şuşada keçirilən şeir məclislərinin iştirakçısı olmuşdur. Aşıq Pəri təxminən 1847 -ci ildə Şuşa şəhərində vəfat etmişdir. Aşıq Pəri çox qısa, 35 il yaşamış, ancaq mənalı bir ömür sürmüşdür.
Puç dünya, səndə bir yarıyan hanı?
Günbəgün artırdı şövkəti, şanı,
Tiflisin sağ əli, sərdarın canı,
Viran qoyub Dağıstanı, neylədin?
Aşıq Pərinin yazdığı əsərlərin az hissəsi bizə gəlib çatıb. Əlimizdə olanları da diqqətlə nəzərdən keçirdikdə Azərbaycan poeziyasında öz yeri olan Aşıq Pərinin bədii portreti aydın görünür. Bir məsələyə tam əminik ki, onun adı həmişə yaşamaqdadır.
Azərbaycan qadınlarının aşıq sənətinə meyl edənlərin təşəbbüsü ilə uzun illər respublikamızda “Aşıq Pəri” məclisi fəaliyyət göstərirdi. Məclis üzvləri “Aşıq Pəri” ədəbi irsini ləyaqətlə qoruyaraq bu unudulmaz xanımın adını öz yaradıcılıqlarında yaşatmağa və tanıtmağa çalışırdılar. Aşıqlıq Dədə Qorquddan və sonra onun davamçıları olan Aşıq Nəcəfdən, Aşıq Ələsgərdən, Aşıq Alıdan, Aşıq Pəridən bizə yadigardır. Yadigarları isə öz adına və yaradıcılığına layiq qorumaq bizlərin borcudur.
Görkəmli şəxsiyyətlərin Aşıq Pəri haqqında söylədikləri:
Aşıq Pəri Şuşaya gələr-gəlməz Qarabağın gözə görünən, tanınmış şairləri arasında böyük hörmətə nail olmuş, bütün şeir və ədəbi məclislərində sayılmışdır. O, dərin düşüncəsinə, rəvan təbli və hazırcavablığına görə müasirləri arasında izzət sahibi idi. Ədəbiyyatşünas Əlabbas Müznib Aşıq Pəri sadə xalq dilində, əsasən aşıq səpgisində yazmışdır. Aşıq Pəri şair olmaqdan ziyadə xalq aşığıdır. Deyişmələrində şair öz dövrünün hünərli və cəsarətli qadını kimi diqqəti cəlb edir.
Ədəbiyyatşünas, alim Salman Mumtaz
Aşıq Pərinin hər şeiri ədəbi mühitdə dərhal əks-səda tapmış, bir neçə yeni şeir və deyişmənin yaranmasına səbəb olmuşdur. Azad sevgi tərənnümü, nikbin ruh, sadə
üslub və başqa bu kimi xüsusiyyətlər Aşıq Pərinin yaradıcılığının əsas məziyyətlərindəndir.
Filosof Fuad Qasımzadə
“… Aşıq Pəri o zamankı savadlı və təhsil görmüş ədəbi simaların diqqət mərkəzində dayanırdı. Onun üstünə hər tərəfdən mənzum və mənsur məktublar axışıb gəlirdi. Şairə də öz növbəsində ona hörmət göstərənləri özünün doğruluq, ədalət, insana hörmət, təmiz məhəbbət və səmimi dostluq hislərini dərindən ifadə edən ahəngdar
şeirlərilə ruhlandırırdı”. Aşıq Pəri zahirən də, daxilən də çox gözəl, mənəviyyatca zəngin, geniş dünyagörüşlü bir xanım olub. Onun hüsnü-camalını tərif edən qoşmalar, gəraylılar yazılıb.
Ədəbiyyatşünas Firidun bəy Köçərli
Aşıq şeirinin ilhamvericilərindən biri sayılan Aşıq Pəri zəmanəsinin çox ağıllı, savadlı və hazırcavab adamlarından olmuşdur. O, yeri gəldikcə klassik və xalq şeirlərindən, atalar sözü və hikmətli sözlərdən məharətlə istifadə etmişdir. Həyatilik və səmimilik onun şeirinin əsas xüsusiyyətlərindəndir.
Fəlsəfə elmləri namizədi Əşrəf Mehdiyev
Aşıq Pərinin yaradıcılıq irsi ədəbiyyat xəzinəmizdə inci kimi qiymətlidir. Aşıq Pəri beynəlmiləlçi sənətkar idi. Aşıq Pəri öz lirik şeirlərini yüksək sənətkarlıqla oxuyaraq xalqın əxlaqına nəcib duyğular aşılamışdır. Aşıq Pərinin simasında ölməz şeir, rəvan musiqi, gözəl rəqs, ülvi bir gözəllik birləşmişdi.
Ədəbiyyatşünas Tariyel Abbaslı
Əsərlərində saf sevgi, təmiz və ülvi hissləri heyranlıqla tərənnüm edən, insanı yüksək bəşəri duyğular carçısı kimi təsvir edən, ona inanan Pərinin şeirlərində şəxsi kədərdən başqa el dərdi, zəmanəsinin,dövrünün vəfasızlığından, dünyanın etibarsızlığından şikayət də güclüdür. Aşıq Pərinin yaddaş vulkanlarına davam gətirəcək, əsrlər boyu yaşayacaq, saraya bənzəyən şeirlərində ifadələr qızıl kərpiclərdir. Və elə bunlar da oxucuya sonsuz mənəvi zövq, estetik duyğular bəxş edir.
Yazıçı, publisist Əlisahib Əroğul
Aşıq Pəri eşidilməmiş bir gözəlliyə malik olan, deyişmələri, hazırcavabcasına dediyi şeirləri ilə diqqəti cəlb edən, istedadlı şairlərlə şeirləşmədə həmişə müvəffəqiyyət
qazanan, qadın aşıq sənətinin yaradıcısı və banisidir.
Alman şərqşünası A. Berje
Aşıq Pəri haqqında düşünmək, bir daha aşıq yaradıcılığı və qoşma haqqında düşünmək deməkdir. Onun yaradıcılığını araşdırıb öyrənmək XIX əsr aşıq ədəbiyyatının yenidən öyrənilməsi və qiymətləndirilməsi deməkdir. Aşıq Pəri Azərbaycan qadınının ümumiləşmiş simvoluna çevrilərək aşıq-şair qadın estafetini şərəflə daşımışdır.
Filoloq Tamella Quluzadə
“Aşıq Pəri pərirüssar, fəriştəxəsal, sahibicamal, sahibitəb bir qadın imiş. Nikbin ruh, azad sevgi, sadə üslub Pəri yaradıcılığının əsas məziyyətlərindəndir.”
Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə Aşıq Pəri sözü üzə deməkdən qorxmayan, cəsur təbiətli, mərd insan, zəmanəsinin əzablarına, hüquqsuzluğuna sinə gərən, şeir-sənət vurğunu olan, yaradıcılığında xalq ruhunu yaşadan bir şair kimi diqqəti cəlb edir və hörmətlə xatırlanır.
Filologiya elmləri namizədi Sadıq Şükürov
Azərbaycan torpağı neçə-neçə şair qadınlar yetirib. Sənətsevər xalqımız onların əsərlərini yaddaşlarında yaşadıb, əsrlər boyu dillər əzbəri edib. Sənətkar ömrü cismani ölümdən sonra əsərlərində qalan ürəklərinin sözü, qəlblərinin duyumları ilə davam edir. Aşıq Pəriyə də belə bir tale qismət olub. Azərbaycanın aşıq və şair qadınları Məhsəti xanım Gəncəvi, Qürrətüleyi Zərrintac xanım Tahirə, Heyran xanım, Fatma xanım Kəminə, Xurşud Banu Natəvan… Özləri də adları qədər ecazkar olan sənət
ulduzları sırasında yer alan Aşıq Pəri ədəbiyyat xəzinəmizdə inci kimi qiymətlidir. Onun ədəbi irsi tam şəkildə dövrümüzədək gəlib çatmamışdır. Aşıq Pərinin şeirləri ilk dəfə Mirzə Yusif Qarabağinin “Məcmueyi-divani-Vaqif və müasirini-digər” (1856) məcmuəsində, sonralar isə A.Berjenin tərtib etdiyi “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” (Leypsiq, 1867) kitabında dərc olunmuşdur. Əlimizdə əsasən qoşmaları var. Bu qoşmalar sadə və anlaşıqlı bir dildə yazılmışdır:
Pərinin dərdi tüğyandı,
Sakin yeri Maralyandı.
Gülün qönçəsində yandı,
Bülbüllər əfqan eylədi-
deyən, zəmanənin dərdlərini zülflərindən ayırdığı qara tellərlə sinəsində saz eləyib kədər dolu bir dillə oxuyan, sənət dünyamızda əbədi yaşarlıq səlahiyyəti alan Aşıq Pərinin namı anılmasaydı cərgə naqis görünərdi. El sənətini sevənlərin, bədii sözün xiridarlarının söylədiklərinə görə Aşıq Pəri Maralyan kəndindən pərvazlanmış, öz
səsi, nəğməsi ilə ecazkar bülbül kimi ürəklərə yol taparaq sənət Məcnununa çevrilmiş, Qarabağın musiqi, şeir, sənət məclislərinin bəzəyi olmuşdur. Müasirlərinin dilinin
əzbəri olan Pəri şeirinin əsasını insani məhəbbət, haqsızlıqdan şikayət motivləri təşkil edir. Pəri aşıq şeirinin müxtəlif formalarında qələmini sınamış, bir-birindən gözəl
incilər yaratmışdır. Çoxçalarlı zəngin aşıq poeziyamızın ədəbi poetik qaynaqlarından biri də insan gözünün ilk heyrəti olan təbiətdir. Qadın aşıqlarımızın yaradıcılığında isə təbiətin tərənnümü və təsviri, real duyğuların və düşüncənin təbiətlə vəhdətdə verilməsi xüsusilə, daha qabarıq nəzərə çarpır. Bu qadın dünyasının, mənəvi aləminin təbiətlə oxşarlığı, dünyanın hardasa daha çox “qadın təbiətli” olması paralelliyi ilə bağlıdır. Aşıq Pərinin poeziyasında bu daha qabarıqdır. Bu poeziyada təbiət
insanlaşır, təbiət insanın kədərinə şərik çıxır, insan təbiətin. Təbiət həm insan varlığının özünün, həm də onun duyğularının, daxili aləminin sığınacağına, mənəvi güman yerinə çevrilir. İnsanın ruhi və psixoloji aləminin ayrı-ayrı təbiət detalları ilə bənzətmədə verilməsi, insanın təbiətə, təbiətin insana metamarfozası qadın aşıq
poeziyasının görünən tərəfidir:
Bir Pəri dil arasında qan ağlar
Çəkilib sinəmə dügünlü dağlar.
Ölübdür bülbülüm, lal olub bağlar,
Saralıb-sovulub güllər, ağlaram.
Ümumiyyətlə, dərin, səmimi məhəbbət Aşıq Pəri şeirlərinin ruhunu, canını təşkil edir. Aşıq Pərinin yaradıcılığına müraciət edən yazıçılarımız, ədəbiyyatşünaslarımız
çoxdur. İndi isə professor Əzizə Cəfərzadənin Aşıq Pəri haqqında yazdıqlarına oxucularımızın ifasında nəzər salaq: Aşıq Pəri olduqca gözəl, rəvan təbli, ağıllı və hazırcavab olmuşdur. Bu cəhətləriylə o, tezliklə Qarabağda yaşayan Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq, Tüfeyli kimi yaradıcıların diqqətini cəlb etmişdir. Onlar
Aşıq Pəri ilə deyişmiş, hər dəfə də ilahi qadın təbi qarşısında məğlub olmuşlar. Bu deyişmələrdə Aşıq Pəri rəqiblərini sözün qüdrəti, sətirlərin məna tutumu ilə “məşhər ayağına çəkmişdir”. Onun gözəlliyi və təbi qarşısında məğlub olanlara sənətkar həmişə incə bir məna ilə gülmüşdür. (Cəfərquluxan Nəvanın dilindən):
Sən, ey Pəri, məlik pərvərdəsisən,
Həmişə deyirdik biz çakər ona.
Nədən ötrü bizdən kənar gəzərsən,
Nə mane olubsan sərasər ona?-
məzmunlu bəndinə qadın sənətçi belə cavab vermişdir:
Nə şayistə bu sözləri danışmaq?
Büsyardır mərdi-xidmətkar ona.
Saymırdın sultanı, xanı, paşanı,
Nə şah bir söz deyər, nə sərdar ona, – deyə cavab vermişdir.
Deyişmələrlə tanışlıq göstərir ki, Aşıq Pəri sözdən ustalıqla istifadə etmiş, hər kəlmənin yerini bilmişdir. Aşıq Pərinin şeirlərində saf məhəbbət, ana təbiət, ədalət, dostluq, gözəllik və s. keyfiyyətlər tərənnüm olunmuşdur. Onun şeirlərində poetik fiqur və bədii surətlərlə cilalanmışdır. O, xalq dilinin poetik imkanlarından ustalıqla istifadə etmişdir.Aşıq Pərinin bizə gəlib çatan şeirlərinin ümumi sayı 50-yə çatır. Bu şeirlərin bir qismində zəmanədən, dünyanın zülmündən, insanların vəfasızlığından acı-acı gileylənilir. Dünyasını tez dəyişmiş sənətkarın şeirləri içərisində bayatı formalı incilər də xüsusi yer tutur. Bu bayatılardakı cinaslar, dərin məna çalarları onları klassik bayatıların səviyyəsinə qaldırır. Aşıq Pəri şeirlərindən bir qismində dövrün, zamanın zülmündən, vaxtsız acılardan şikayət motivləri əksini tapmışdır. Bu baxımdan “Eylədin” adlı gəraylı da maraq doğurur. Ədəbiyyatşünas Əliabbas Müznibin 1928-ci ildə qələmə aldığı “Aşıq Pəri və müasirləri” adlı kitabda yazıçı müstəqil araşdırmaçı kimi çox dəyərli faktları üzə çıxarmaqla Aşıq Pəri haqqında bir çox ziddiyyətli məqamlara və məlumatlara aydınlıq gətirmişdir. Lakin ədibin böyük çətinliklə toplayıb nəşr etdirdiyi bu kitab ərəb əlifbası ilə olduğundan sonrakı nəsillər ondan faydalana bilməmişdir. Aşıq Pərinin Tufarqanlı Abbasla, Aşıq Valehin Zərnigar xanımı ilə və başqalarının deyişmələrinə nəzər alsaq, qadınların aşıq şeirinin, eləcə də heca vəzninin inkişafındakı rolunu aydın görmək olar. Onun cinas qafiyəli bayatısı buna misaldır.
Mən aşiq Maralyana,
Sən də gəl Maralyana.
Necəsən bir ah çəkim,
Dağlarda maral yana?
Nə qədər incə, obrazlı və təbiidir. Aşıq Pəri dərin düşüncəsinə, rəvan təbi və hazırcavablığına görə müasirləri arasında izzət sahibi idi. Aşıq Pəri cəsarətli, yeri
gəldikdə kəskin danışmağı bacaran, o cümlədən yumşaq yumora malik, çox həssas qadın idi. Ondan yadigar qalan şeirləri oxuduqda bu bədii irsin bütün notlarında Aşıq Pərinin obrazı boylanır:
Mən Pəriyəm, eşqə zarəm, neyləyim?
Dərdi-dildən xəbərdaram, neyləyim?
Bu “neyləyim” sualının cavabını ömrü boyu axtaran Aşıq Pəri qoşmalarının birində çəkdiklərindən zinhara gələrək şəxsi həyatındakı təzadlardan şikayət edir. Aşıq Pəri
zahirən deyib-gülsə də, içində şam kimi əriyirdi. Müasirləri Aşıq Pərinin xətrini çox istəyirdi. Kitabda Şuşanın tanınmış şairlərindən biri olan, İbrahim Xəlil xanın nəvəsi
Nəva təxəllüsü ilə şeirlər yazan Cəfərqulu xanın Aşıq Pəri ilə müntəzəm deyişməsi haqqında məlumat çoxdur. Dövrünün əksər şairlərinə qalib gələn Cəfərqulu xan bu
deyişmələrin heç birində Aşıq Pərini bağlaya bilməmişdir. Allah Pəriyə elə bir istedad və təb vermişdir ki, şeir onun sinəsində su kimi axırdı. O, məntiqi, ağlı, dərrakəsilə
hamını valeh edirdi. Maraqlıdır ki, ona uduzan rəqibləri də bu məğlubiyyətdən qısqanclıq keçirmirdilər. Onlar Pəri kimi bir sənətkarın ətrafında olmağı, onunla şeirləşməyi özlərinə fəxr sanırdılar. Tanrı Aşıq Pərini sanki Qarabağ ədəbi mühitinə düşünülmüş şəkildə göndərmişdi. O, həm zahiri gözəlliyi, həm istedadı ilə Qarabağ
ədəbi mühitini öz ətrafında cəmləşdirmiş, sazla-sözün işığında onları valeh etmişdi. F. Köçərli 1903-cü ildə yazırdı: “Özünün ağıl və istedadı ilə çoxlarında heyrət doğuran gözəl və gənc şairə Aşıq Pəri o zamankı savadlı, təhsil görmüş ədəbi simaların diqqət mərkəzində dayanırdı.” Ətrafında baş verən hadisələri özündə əks etdirən, aşıq-şairin səfərlərini əhatə edən və həyatından bəhs edən “Alı xan və Pəri xanım” adlı dastan meydana gəlmişdir. Bu dastan ayrı-ayrı bölgə aşıqlarının dilində əzbər olmuş, o vaxtlar xalq arasında geniş yayılmışdır. Hətta bu dastan 1842-ci ildə rus dilinə tərcümə də edilmişdir. F.Köçərlinin verdiyi məlumatdan görünür ki, Aşıq Pərinin bədii irsi vaxtı ilə toplanmış, lakin sonradan bu irs yenə itib batmışdır. Aşıq Pəri yaradıcılıq üslubu ilə bu sənətin əzəmətini bir daha təsdiqləyir, ona təzə rənglər, çalarlar qatır. O, daha çox şifahi xalq ədəbiyyatının ən geniş imkana malik, bədii yaradıcılığın təməl prinsiplərindən biri olan qoşma növündən geniş və məhəbbətlə istifadə etmişdir. Bu da onun sənətkarlıq fəaliyyətinin dolğun ifadəsinə, sosial problemlərin qabardılmasına, insanın daxili aləminin hərtərəfli təsvirinə geniş yol
açmış, real həyat səhnələrinin məharətlə təsvirinə imkan vermişdir.
Səhər-səhər doğan dan ulduzuyam,
Aşıqların söhbətiyəm sazıyam.
Adım Pəri, Hacı Sayad qızıyam,
Xəbər alsan, o Maralyan maralı.
O, sələflərinin yaradıcılığının ən dəyərli keyfiyyətlərindən təsirlənmiş, bəhrələnmişdir, onların ənənəsini davam etdirmişdir. Azərbaycan aşıq və şair qadınlarının poetik salnaməsini şərəflə gələcək nəsillərə ötürmüşdür. Məhsətidən tutmuş Heyran xanıma qədər zərif qadın duyğularının, hisslərinin tərənnümü, ifadəsi Aşıq Pəridə də oxşardır, sanki onların davamıdır.
Mən sığındım məzar sandıq daşına,
Bir rəhm eylə gözdən axan yaşıma.
Pəri deyər, dönnəm yarın başına,
Yaralıyam, mən başına döndüyüm.
Aşıq Pəri müasirləri Molla Pənah Vaqif, Qasım bəy Zakir, Molla Vəli Vidadi ilə deyişmişdir. Molla Pənah Vaqif ona bu mədhiyyəni yazmışdır:
Boyun sürahidir, bədənin billur,
Gərdənin çəkilmiş minadan Pəri!
Sən ha bir tərlansan cüda düşmüsən,
Bir bölük yaşılbaş sonadan Pəri!
Aşıq Pəri Qarabağın ilk qadın şairi sayılır. O, lap gənc yaşlarından aşıq şeiri ilə maraqlanmağa başlayıb. İlk təhsilini doğulduğu Cəbrayıl bölgəsində alan Aşıq Pəri
gözəl, ağıllı, istedadlı bir xanım olub. Onun yaradıcılığını araşdıranlar həm Azərbaycan, həm də Avropa şərqşünasları Aşıq Pərini işvəli bir nazənin kimi təqdim edərək bədahətən şeirlər deyən, azad ruhlu, həyatsevər bir qadın olduğunu yazıblar. Aşıq Pəri nakam ömür sürmüş, çox böyük ustalıqla dövrünün kişi şairləri ilə deyişmişdir. Şeir, sənət vurğunu Aşıq Pəri dünyagörüşünü zənginləşdirmək üçün Şuşaya getmiş və ömrünün axırınadək orada yaşamışdır. Aşıq Pəri Şuşaya gəldikdən sonra Qarabağın nəcib, sanballı adamları onunla maraqlanmış, bu ustadın məclisində olmağa cəhd göstərmişlər. Qarabağ ədəbi məclislərinin yaranması tarixi XIX əsrin birinci yarısında yaranmış, Aşıq Pərinin adı ilə adlandırılmışdır. Az müddət içərisində bütün Qarabağ camaatının hörmətini qazanan, müasirləri arasında xüsusi yer tutan Aşıq Pərinin şeir və deyişmələrində yer üzünün bəzəyi olan insan tərənnüm edilmişdir. Aşıq Pəri yaradıcılığı dərya dibində yatmış inciyə bənzər, axtardıqca tapılır… Aşıq Pəri ərəb-zəngi kimi poeziya aləmində, söz meydanında zəmanəsinin ən qüdrətli aşıq və şairləri ilə qoç kimi kəllə-kəlləyə döyüşmüş, həmişə də mənəvi zəfər çalmışdır. Onun şeirlərində ümumxalq ruhu, zəif şəkildə olsa da, müasirlik hissi nəzərə çarpır. Elə bu baxımdan da Aşıq Pəri poeziyasının ümumi ruhu həyat eşqinin qəm, möhnət üzərindəki qələbəsi kimi qiymətləndirilməlidir. Aşıq Pərinin ən məhsuldar yaradıcılıq dövrü XIX əsrin yarısına, el ədəbiyyatının ən güclü, ən təsirli çağlarına təsadüf edir. Aşıq Pəri ərəb, fars dillərini mükəmməl bilmiş, kiçik yaşlarından şeir qoşmağı, hazırcavablığı ilə dillərə düşmüşdür. İstedadlı şairə qızğın müşairələri ilə sadə xalq dilində yarım əsrə qədər yazıb-yaratmışdır, hicrandan, vüsaldan söz açan qəzəlxanlardan fərqli olaraq, Pəri elin ruhuna yatan deyişmələri ilə
fərqlənmişdir. Aşıq Pəri musiqi ahənginə uyğun, rəngarəng rədifli qoşmaları ilə yazılı ədəbiyyatda heca vəzninin qol-budaq atmasına şərait yaratmışdır. Onun böyük əsər təsiri bağışlayan deyişmələri yaradıcılıq rəqabəti doğurduğundan poeziyamızın zənginləşib inkişaf etməsində xüsusi rol oynamışdır. Aşıq Pərinin Cəfərqulu xan Nəva, Mirzə Həsən, Məhəmməd bəy Aşiq, Abdulla Canızadə və başqaları ilə deyişmələri ədəbiyyat aləminə məlumdur. Bu deyişmələrin hamısında da Aşıq Pəri qalib özü olardı. Firidun bəy Köçərlinin tədqiqatlarından aydın olur ki, Pəri 25 yaşında Məhəmməd adlı bir mollayla ailə həyatı qurmuşdur. Lakin xoşbəxtlik ona nəsib olmamışdır. Aşıq Pərinin şeir yazması, poeziya məclisində iştirakı Molla Məhəmmədin xoşuna gəlmdiyindən danlağa məruz qalır. Çəkdiyi əzablardan xiffətlənən, dərdini ancaq şeirlərinə söyləyən Aşıq Pəri qoşmalarının birində deyirdi:
Molla qoymur qələm alım dəstimə,
Ərzi-halım bəyan edim, neyləyim?
Aşıq Pərinin yaradıcılığı zəngin olmuş, şifahi xalq ədəbiyyatının qoşma, təcnis, deyişmə, bayatı və s. janrlarında lirik şeirlər yazmışdır. Aşıq Pəri naşı bir aşıq deyildi,b o, dövrünün kamal sahiblərindən mükəmməl dərs almış, görüb-götürmüş, savadlı, təhsilli bir ziyalı idi. Aşıq Pəri qeyri adi istedadına görə dövrünün tanınmış aşıq və
şairləri arasında böyük nüfuz qazanıb. Onun haqqında hələ XIX əsrdə Rusiyada və Avropada çap edilən məcmuələrdə məlumat verilirdi. Aşıq Pəri eyni zamanda cəsarətli, yeri gəldikdə danışmağı bacaran, yumşaq yumora malik, cəsarətli, çox həssas qadın olub. Ondan yadigar qalan şeirləri oxuduqda bu bədii irsin bütün notlarında Aşıq Pərinin obrazı boylanır:
Mən Pəriyəm, eşqə zarəm, neyləyim?
Dərdi-dildən xəbərdaram, neyləyim?
Böyük ürəkli, şair duyğulu, sənət eşqli bir insanın, xüsusilə də zərif qadının ailədə başa düşülməməsi faciə idi. Çəkdiyi əzablar onun könlünü viran etmişdi. Bu ağır həyatın sahibi olan Aşıq Pəri zahirən deyib-gülsə də, içində şam kimi əriyirdi. Müasirləri xətrini çox istəyirdi. Aşıq Pərinin şeir məclislərində yeri başda idi. Pəri isə bütün bu dərdləri şeirlərində dilə gətirərək yaralı qəlbinə məlhəm çəkirdi.
Bir Pəri dil aramında qan ağlar,
Çəkilib sinəmə dügünlü dağlar,
Ölübdür bülbülüm, lal olub bağlar,
Saralıb-sovulub güllər, ağlaram.
Şuşanın tanınmış şairlərindən biri İbrahim Xəlil xanın nəvəsi, Nəva təxəllüsü ilə şeirlər yazan Cəfərqulu xanın Aşıq Pəri ilə müntəzəm deyişməsi haqqında məlumatlar çoxdur. Maraqlıdırki, bu deyişmələrin heç birində dövrünün əksər şairlərinə qalib gələn Cəfərqulu xan Aşıq Pərini bağlaya bilməmişdir.Ötən əsrin sonlarına yaxın unudulmaz el sənətkarı Narınc Xatun Aşıq Pərinin xatirəsini yaşatmaq üçün respublika miqyasında fəaliyyət göstərən “Aşıq Pəri” məclisi yaratmışdır.
Tanınmış heykəltaraş Xanlar Əhmədov tərəfindən Aşıq Pərinin gözoxşayan, əzəmətli heykəli ucaldılmışdır. Hər dövrdə olduğu kimi o dövrdə də Pərinin anladıqlarını
anlayan, dərddən, kədərdən qovrulan, lakin əli bir yerə çatmayan, demək istədikləri ürəyində qalan, ah-nalələri göyə yüksələn qadınlar çox idi. Amma Pəri fərqləndi, irəli çıxdı, qadınların dünyəvi arzularını, istəklərini, kədərini, sevincini lirik şeirləri ilə aləmə car etdi. Şam qədər qısa ömrünü bu amala həsr etdi. Aşıq Pəri həyatını,
hisslərini şeirin ecazkar dili ilə əbədiləşdirmiş, ömrünün ömrünün şeirə dönmüş anlarını bizə yadigar qoyub getmişdir. İllər, qərinələr keçsə də, aşıq sənətinin gözəl
Pərisi Qarabağın bir parçası kimi ruhumuzda, yaddaşımızda, tariximizdə yaşayacaq, onun zərif duyğuları zaman-zaman aşıq şeirini bəzəyəcək.
Ruhiyyə Məmmədli
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi – metodika şöbəsinin müdiri
Gundelik.az
