Azərbaycanın ev sahibliyi edəcəyi WUF-13 – Ümumdünya Şəhərsalma Forumu ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyan qlobal platformalardan biri kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirəcək forum yalnız urbanizasiya və şəhərsalma məsələlərinin müzakirəsi ilə məhdudlaşmır, eyni zamanda yeni siyasi, iqtisadi və diplomatik əlaqələrin qurulması üçün geniş imkanlar yaradır. Azərbaycanın beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı kimi formalaşan imici, regionda yaratdığı yeni geosiyasi reallıqlar və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən müasir inkişaf konsepsiyaları forumun əhəmiyyətini daha da artırır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov Gundelik.az xəbər portalına müsahibəsində WUF-13 forumunun Azərbaycanın beynəlxalq siyasi münasibətlər sistemində mövqeyinin güclənməsinə verəcəyi töhfələrdən, regionda siyasi dialoq və əməkdaşlığın inkişafındakı rolundan, eləcə də ölkəmizin beynəlxalq arenada strateji tərəfdaşlıqlarının genişlənməsi baxımından yaradacağı yeni imkanlardan danışıb.
WUF-13 beynəlxalq tədbirinin Azərbaycanın beynəlxalq siyasi münasibətlər sistemində mövqeyinin güclənməsinə hansı töhfələri verəcəyini düşünürsünüz?
– WUF-13 – Ümumdünya Şəhərsalma Forumunun sessiyası olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyan qlobal platformadır. Tədbirə dünyanın 180 ölkəsindən 40 mindən çox iştirakçının qeydiyyatdan keçməsi onu göstərir ki, Azərbaycana beynəlxalq maraq və etimad kifayət qədər yüksəkdir.
Forum çərçivəsində müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, ekspertlərin və investorların iştirakı gözlənilir. Bu isə Azərbaycanın beynəlxalq siyasi münasibətlər sistemində rolunun və təsir imkanlarının genişlənməsinə əlavə töhfə verəcək.
Tədbir zamanı şəhərsalma, urbanizasiya, dayanıqlı inkişaf və müasir infrastruktur məsələləri müzakirə olunsa da, forum eyni zamanda yeni siyasi və diplomatik əlaqələrin qurulması üçün mühüm platforma rolunu oynayacaq. Xüsusilə də ilk dəfə Azərbaycana səfər edəcək yüksəksəviyyəli qonaqlar ölkəmizin inkişafını, təhlükəsizlik mühitini və regional imkanlarını yaxından müşahidə etmək imkanı əldə edəcəklər. Bu çərçivədə dövlət başçısı ilə keçiriləcək görüşlər və ikitərəfli təmaslar dövlətlərarası münasibətlərin inkişafına yeni impuls verəcək.
Azərbaycan artıq beynəlxalq tədbirlərin uğurla təşkili sahəsində böyük təcrübəyə malikdir. Belə mötəbər tədbirlərin Bakıda keçirilməsi ölkəmizin dünyaya inteqrasiyasını daha da gücləndirir, siyasi mövqelərimizi möhkəmləndirir və Azərbaycanın beynəlxalq arenada söz sahibinə çevrilməsinə mühüm təsir göstərir.
Bu cür beynəlxalq forumların Azərbaycanın regionda siyasi dialoq, əməkdaşlıq və diplomatik əlaqələrinin inkişafında rolunu necə qiymətləndirirsiniz?
– Azərbaycan son illərdə beynəlxalq tədbirlərin təşkili və keçirilməsi sahəsində ciddi təcrübə qazanmış ölkələrdən biridir. WUF-13 forumuna marağın rekord səviyyədə olması da bunu bir daha təsdiqləyir. Əvvəlki forumlarla müqayisədə Azərbaycanda keçiriləcək tədbirə qatılmaq üçün qeydiyyatdan keçən iştirakçıların sayının daha yüksək olması ölkəmizə olan beynəlxalq marağın və etimadın göstəricisidir.
Azərbaycan regionda yeni geosiyasi reallıq formalaşdıran ölkə kimi diqqət mərkəzindədir. Ölkəmiz son 30 ildə işğal altında qalan suveren ərazilərini öz gücü hesabına azad edərək regionda yeni sülh və əməkdaşlıq mühiti yaradıb. Bununla yanaşı, azad olunmuş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. WUF-13 kimi tədbirlər də Azərbaycanın bu təcrübəsini dünya ilə bölüşməsi üçün geniş imkan yaradır.
Eyni zamanda, Azərbaycan etibarlı tərəfdaş və təhlükəsiz əməkdaşlıq məkanı kimi beynəlxalq imic formalaşdırıb. Bu gün dünyada sabitlik və təhlükəsizlik baxımından etibarlı regionların sayı kifayət qədər azdır. Azərbaycan isə Cənubi Qafqazda sülhün, əməkdaşlığın və qarşılıqlı dialoqun təşviqinə töhfə verən əsas dövlətlərdən biridir. Belə beynəlxalq forumlar region ölkələri ilə yanaşı, daha geniş coğrafiyada siyasi dialoqun inkişafına, yeni iqtisadi və diplomatik əlaqələrin qurulmasına mühüm təsir göstərir.
WUF-13 tədbirinin ölkəmizin beynəlxalq arenada siyasi və strateji tərəfdaşlıqlarının genişlənməsi baxımından hansı yeni imkanlar yaradacağını hesab edirsiniz?
– Hər bir beynəlxalq tədbir ölkənin tanıdılması və beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün mühüm fürsət hesab olunur. WUF-13 isə əhatə dairəsinə və iştirakçı sayına görə xüsusilə böyük əhəmiyyət daşıyan qlobal platformalardan biridir. Forum çərçivəsində keçiriləcək müzakirələr, görüşlər və əməkdaşlıq təşəbbüsləri Azərbaycanın beynəlxalq arenada siyasi və strateji tərəfdaşlıqlarının daha da genişlənməsinə şərait yaradacaq.
Tədbirin əsas mövzusu urbanizasiya və şəhərsalma ilə bağlı olsa da, onun Azərbaycan üçün əhəmiyyəti daha genişdir. Bu forum vasitəsilə ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi inkişaf modeli, müasir infrastrukturu və investisiya imkanları dünya ictimaiyyətinə daha yaxından təqdim ediləcək. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri Azərbaycanın inkişaf konsepsiyasının nümunəsi kimi diqqət çəkəcək.
Bununla yanaşı, tədbir turizm sektorunun inkişafına da müsbət təsir göstərəcək. Azərbaycana gələn qonaqlar ölkəmizin təhlükəsiz, müasir və qonaqpərvər mühitinin şahidi olacaqlar. Bu da gələcəkdə həm turistlərin, həm investorların, həm də müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən tərəfdaşların sayının artmasına səbəb olacaq.
WUF-13 çərçivəsində qurulacaq yeni əlaqələr yalnız iqtisadi sahə ilə məhdudlaşmayacaq. Forum siyasi, humanitar, mədəni və strateji əməkdaşlıqların inkişafı üçün də yeni imkanlar yaradacaq. Bütün bunları nəzərə alaraq demək olar ki, WUF-13 Azərbaycanın beynəlxalq arenada mövqeyinin daha da güclənməsinə, siyasi nüfuzunun artmasına və strateji tərəfdaşlıqlarının genişlənməsinə mühüm töhfə verəcək.
