İyul 27, 2026
Baku
Müsahibə Siyasət

Azər Badamov: “Azərbaycan iqtisadiyyatının gələcəyi innovasiya və insan kapitalından keçir”

Müasir dövrdə qlobal iqtisadi proseslər sürətlə dəyişir, rəqəmsal texnologiyalar və süni intellekt isə dünya iqtisadiyyatının inkişaf trayektoriyasını müəyyən edən əsas amillərə çevrilir. Bu şəraitdə iqtisadiyyatın dayanıqlığının qorunması, qeyri-neft sektorunun inkişafı, innovativ sahibkarlığın genişləndirilməsi və insan kapitalının gücləndirilməsi Azərbaycan üçün də prioritet istiqamətlərdəndir.

Dövlət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, sahibkarlıq mühitinin yaxşılaşdırılması, rəqəmsal transformasiya, innovasiya ekosisteminin formalaşdırılması və gənclərin iqtisadi fəallığının artırılması istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, qlobal rəqabət şəraitində yeni iqtisadi çağırışlara uyğun çevik qərarların qəbul edilməsi, müasir texnologiyaların istehsal və xidmət sahələrinə inteqrasiyası, eləcə də yüksək ixtisaslı kadr potensialının ölkə daxilində səmərəli qiymətləndirilməsi xüsusi aktuallıq kəsb edir.

Bəs Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələr hansılardır? Gənclərin məşğulluğunun artırılması və kiçik sahibkarlığın inkişafı üçün hansı yeni mexanizmlərə ehtiyac var? Süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişaf etdiyi bir dövrdə ölkəmiz bu transformasiyaya nə dərəcədə hazırdır? Qarşıdakı illərdə iqtisadi inkişafın əsas çağırışları və imkanları nədən ibarət olacaq?

Gundelik.az bu suallarla Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamova müraciət edib.

1. Gənclərin məşğulluğu və kiçik sahibkarlığın inkişafı üçün hazırkı iqtisadi siyasətdə hansı dəyişikliklərə ehtiyac görürsünüz?

Gənclərin məşğulluğu və kiçik sahibkarlığın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Çünki bu günün gənci sabahın vergi ödəyicisi, sahibkarı və dövlətin əsas dayağıdır. Buna görə də dövlət tərəfindən gənclərin müasir bilik və bacarıqlara yiyələnməsi, startap fəaliyyətinin dəstəklənməsi və fərdi sahibkar kimi formalaşması üçün mühüm imkanlar yaradılıb.

Hesab edirəm ki, enerjili və bacarıqlı gənclər üçün daha geniş fəaliyyət mühiti formalaşdırılmalıdır. Xüsusilə rəqəmsal texnologiyalar, süni intellekt və innovasiya sahələrində gənclərin kreativ təşəbbüslərinə dövlət dəstəyi daha da artırılmalıdır.

Bu gün yüksək intellektə malik azərbaycanlı gənclər Silikon Vadisində və dünyanın digər texnologiya mərkəzlərində uğurla fəaliyyət göstərirlər. Məqsədimiz həmin yüksək ixtisaslı mütəxəssislərin ölkəmizdə işləməyə marağını artıran stimullaşdırıcı proqramlar hazırlamaq olmalıdır.

Düzdür, sənaye parklarında rezident kimi qeydiyyatdan keçmiş sahibkarlar üçün qanunvericiliklə bir sıra vergi və gömrük güzəştləri nəzərdə tutulub. Lakin hesab edirəm ki, ölkədən “beyin axını”nın qarşısı inzibati üsullarla deyil, yüksək əməkhaqqı, müasir innovasiya ekosistemi və rəqabətqabiliyyətli biznes mühiti yaratmaqla alınmalıdır. Yalnız bu halda gənclər öz potensiallarını ölkə daxilində reallaşdırmağa üstünlük verəcəklər.

2. Süni intellekt və rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan bu yeni iqtisadi modelə nə dərəcədə hazırdır?

Süni intellekt və rəqəmsal iqtisadiyyat təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün yeni inkişaf mərhələsidir. ABŞ, Çin, Cənubi Koreya, Sinqapur və Avropanın bir sıra ölkələri artıq rəqəmsal iqtisadiyyatın və süni intellekt texnologiyalarının tətbiqində mühüm nəticələr əldə ediblər. Azərbaycan da bu ölkələrin təcrübəsini dərindən öyrənməli və qlobal texnoloji dəyişikliklərə vaxtında uyğunlaşmalıdır.

Bu gün dövlətlərin gücünü müəyyən edən meyarlar dəyişib. Əgər XX əsrdə əsas üstünlük təbii sərvətlər və hərbi güc hesab olunurdusa, indi rəqabət üstünlüyü rəqəmsal texnologiyalar, innovasiya və süni intellektdən istifadə səviyyəsi ilə ölçülür.

Eyni zamanda milli təhlükəsizlik anlayışı da dəyişib. Əvvəllər əsas təhdidlər fiziki sərhədlərdən gəlirdisə, bu gün rəqəmsal sərhədlərin qorunması, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi strateji əhəmiyyət daşıyır.

Bu baxımdan Milli Məclisin növbədənkənar sessiyasında rəqəmsal inkişaf, kibertəhlükəsizlik, innovasiya və süni intellekt ekosisteminin formalaşdırılması istiqamətində mühüm qanunvericilik təşəbbüsləri qəbul olunub. Hesab edirəm ki, payız sessiyasında da beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə hüquqi baza daha da təkmilləşdirilməli və genişləndirilməlidir.

3. Sizcə, yaxın illərdə Azərbaycan iqtisadiyyatının qarşısında duran ən böyük çağırış və eyni zamanda ən böyük fürsət nə olacaq?

Mənim fikrimcə, yaxın illərdə Azərbaycan iqtisadiyyatının qarşısında duran ən böyük çağırış qeyri-neft sektorunun yüksək texnologiyalar və innovasiyalar əsasında inkişaf etdirilməsidir. Çünki neftdən asılı iqtisadiyyatlar geosiyasi və qiymət risklərinə daha həssas olur. Bundan əlavə, karbohidrogen ehtiyatları tükənən resurslardır və iqtisadi inkişafın uzunmüddətli təminatı qeyri-neft sektorunun gücləndirilməsindən keçir.

Bu baxımdan rəqəmsal texnologiyaların, süni intellektin və innovasiyaların iqtisadiyyatın bütün sahələrində tətbiqi genişləndirilməlidir. Xüsusilə aqrar sektorda müasir texnologiyaların tətbiqi məhsuldarlığın artırılması üçün vacibdir. Torpaq və su ehtiyatları məhduddur. Ona görə də əsas məqsəd mövcud resurslardan daha səmərəli istifadə etməklə yüksək məhsuldarlığa nail olmaq olmalıdır.

Prezidentin sərəncamları ilə təsdiq edilmiş kənd təsərrüfatının inkişafı üzrə dövlət proqramlarının, eləcə də rəqəmsal inkişaf və süni intellekt strategiyasının effektiv icrası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, müəyyən edilmiş strateji hədəflər düzgün seçilib və onların uğurlu icrası Azərbaycan iqtisadiyyatının müasir çağırışlara uyğun inkişafını təmin edəcək.

Eyni zamanda qarşıdakı dövrdə makroiqtisadi sabitliyin qorunması, ÜDM-in davamlı artımının təmin edilməsi, idxaldan asılılığın azaldılması və ixracyönümlü, yüksək əlavə dəyər yaradan istehsalın genişləndirilməsi ölkənin əsas iqtisadi prioritetləri olmalıdır.

AYNUR TURAN

Gundelik.az