İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Tramp: “İranla yaxın vaxtlarda razılaşma əldə edə bilərik”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlar davam edir və çox yaxşı gedir. O, prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən deyib: “Yaxın vaxtlarda İranla bir razılaşma görə bilərik.”

Tramp həmçinin ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra ölkədə “rejim dəyişikliyi” baş verdiyini və yeni rəhbərliyin daha “məntiqli” olduğunu iddia edib.

ABŞ mediasının məlumatına görə, Tramp Air Force One təyyarəsində çıxışı zamanı bildirib ki, İrandakı “birinci hakimiyyət aradan qaldırılıb”, “ikinci hakimiyyət isə demək olar ki, tamamilə yox edilib”.

O deyib: “Biz artıq rejimi dəyişmişik. Əvvəllər heç kimin danışmadığı fərqli insanlarla işləyirik. Tamamilə başqa bir qrupdur. Buna görə bunu rejim dəyişikliyi hesab edirəm.”

Tramp yeni rəhbərliyin “daha məntiqli” olduğunu vurğulayaraq əlavə edib: “Əvvəlcə həqiqətən pis, hətta şeytani olan rejim devrildi. Sonra digərləri gətirildi və onlar da getdi.”

O qeyd edib ki, İranla həm birbaşa, həm də dolayı danışıqlar aparılır: “Nümayəndələrimiz var, amma eyni zamanda birbaşa da danışırıq.”

Tramp bildirib ki, İranla çox yaxşı danışıqlar aparıblar və “onlara çoxdan verilməli olan bir çox şeyi əldə ediblər”.

ABŞ-ın təklif etdiyi 15 maddəlik atəşkəs planına İranın cavab verib-vermədiyi ilə bağlı suala cavabında o deyib: “Bəli, cavab veriblər. Maddələrin çoxunu bizə təqdim ediblər. Niyə verməsinlər ki?”

Tramp əlavə edib ki, İranın ABŞ-la razılığa gələcəyinə inanır, amma Tehrana heç vaxt tam güvənmək olmaz.

O, İranın nüvə silahına sahib olmasını qətiyyən istəmədiklərini vurğulayıb və belə bir imkan əldə edəcəyi halda İranın bunu dərhal istifadə edəcəyini iddia edib.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az