Donald Tramp ABŞ Xəzinə Nazirliyinin açıqlamasına görə, vəzifədə olan prezident kimi ilk dəfə ABŞ banknotlarında öz imzası olan şəxs olacaq.
Trampın imzası Xəzinə katibi Scott Bessent ilə yanaşı yerləşdiriləcək. Nazirlik bildirib ki, bu addım Amerikanın 250 illik yubileyini qeyd etmək məqsədi daşıyır.
Bessent deyib:
“Ölkəmizin və Prezident Donald J. Trampın tarixi nailiyyətlərini tanımağın ən güclü yollarından biri ABŞ dollarlarının üzərində onun adının olmasıdır.”
Ənənəvi olaraq ABŞ banknotlarında yalnız xəzinə rəsmilərinin imzaları olurdu.
Bu qərar administrasiyanın Trampın adını müxtəlif dövlət proqramları və ictimai binalarla əlaqələndirmək istiqamətində atdığı növbəti addımdır.
Tramp və Bessentin imzasını daşıyan ilk 100 dollarlıq əsginaslar iyun ayında çap olunacaq, daha sonra digər nominallar da buraxılacaq.
Hazırda dövriyyəyə buraxılan pullarda keçmiş prezident Joe Biden-in Xəzinə katibi Janet Yellen və xəzinədar Lynn Malerbanın imzaları var.
1861-ci ildən bəri ABŞ banknotlarında xəzinədarın imzasının olması ənənə halını almışdı. Tramp administrasiyasının planına görə bu ənənə dəyişəcək.
ABŞ-ın 250 illiyi münasibətilə Bessent bildirib ki, Trampın adını daşıyan pul çapı “ölkənin və prezidentin tarixi nailiyyətlərini tanımağın güclü yolu” olacaq.
Hazırkı ABŞ xəzinədarı Brandon Beach isə qeyd edib ki, ölkənin valyutası “Amerika xalqının rifahının, gücünün və sarsılmaz ruhunun simvolu olaraq qalacaq”.
Bu il ABŞ-ın müstəqillik bəyanatının — 13 koloniyanın Britaniyadan ayrıldığını elan etdiyi hadisənin — 250 illiyi qeyd olunur.
Kaliforniya qubernatoru və Trampın uzunmüddətli tənqidçisi Gavin Newsom bu qərarı tənqid edib:
“İndi amerikalılar ərzaq, benzin, kirayə və səhiyyə xərclərinin artmasına görə kimi günahlandıracaqlarını dəqiq biləcəklər.”
Bundan əvvəl federal incəsənət komissiyası da ABŞ-ın 250 illiyi münasibətilə Trampın təsviri olan 24 karatlıq xatirə qızıl sikkənin buraxılmasını təsdiqləmişdi.
Trampın ilk prezidentliyi dövründə isə onun adı COVID-19 pandemiyası zamanı milyonlarla amerikalıya göndərilən yardım çeklərinin üzərində də yer almışdı.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
