İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Oskar” mərasimi Hollivuddan köçürülür – yeni məkan açıqlanıb

“Oskar” mükafatları uzun illər yerləşdiyi Hollivud mərkəzindən çıxaraq 2029-cu ildən etibarən Los-Ancelesin daha mərkəzi bir məkanına köçürüləcək. Elə həmin ildən mərasim həm də YouTube platformasında yayımlanacaq.

Dünyada milyonlarla insanın izlədiyi Academy Awards artıq hazırkı məkanı olan Dolby Theatre əvəzinə daha böyük tamaşaçı tutumuna malik Peacock Theater-də keçiriləcək.

Hollivud bulvarında yerləşən Dolby Theatre (əvvəlki adı Kodak Theatre) 2002-ci ildən bəri “Oskar”lara ev sahibliyi edir və Hollywood Walk of Fame ətrafında yerləşir.

Academy of Motion Picture Arts and Sciences bildirib ki, bu dəyişiklik LA Live kompleksinin sahibi olan AEG ilə uzunmüddətli əməkdaşlığın bir hissəsidir. Həmin kompleks həm də “Emmy” və “Grammy” kimi böyük tədbirlərə ev sahibliyi edir.

AEG nümayəndəsi Todd Goldstein qeyd edib ki, “L.A. LIVE mədəniyyət tarixini formalaşdıran anlar üçün yaradılıb və Oskarlar bundan daha böyük qlobal səhnə ola bilməz”.

Bu köçürülmə mərasimi məşhur Hollivud yazısından təxminən 12 km uzaqlaşdıracaq. Bununla belə, bu, müəyyən mənada “evə qayıdış” sayılır, çünki əvvəllər Oskarlar şəhərin mərkəzində yerləşən məkanlarda – Dorothy Chandler Pavilion və Shrine Auditorium-da keçirilirdi.

Akademiyanın rəhbərliyi də bildirib ki, AEG ilə əməkdaşlıq texnoloji baxımdan daha müasir və yüksək səviyyəli tədbir mühiti yaratmağa imkan verəcək.

Bu dəyişiklik eyni zamanda yayımla bağlı böyük yeniliyə təsadüf edir:

“Oskar”lar yarım əsrdən çoxdur ki, ABC kanalında yayımlanırdı, lakin 2029-cu ildən etibarən mərasim ABŞ-da canlı və pulsuz şəkildə YouTube-da yayımlanacaq.

Bununla belə, 2028-ci ildə keçiriləcək 100 illik yubiley mərasimi hələ də Dolby Theatre-da baş tutacaq və ənənəvi olaraq ABC kanalında yayımlanacaq.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az