İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Zelenski Tramp və Starmeri görüşməyə və ortaq mövqe tapmağa çağırır

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trump ilə Böyük Britaniyanın baş naziri Keir Starmer-in görüşərək ortaq mövqe tapmalarına çağırıb. Bu çağırış Trampın Starmeri dəfələrlə tənqid etməsindən sonra səslənib.

BBC-yə verdiyi eksklüziv müsahibədə Zelenski bildirib ki, o, Trampa nə etməli olduğunu demək istəmir, lakin iki liderin görüşərək münasibətləri “yenidən yükləməsinin” vacib olduğunu düşünür.

ABŞ və İsrailin İrana endirdiyi zərbələrlə başlayan müharibə diplomatik gərginliyə də səbəb olub. Tramp NATO müttəfiqlərini tənqid edib və Starmeri kifayət qədər hərbi addım atmamaqda günahlandırıb.

Zelenski Qərb liderləri arasında parçalanma riskinə qarşı xəbərdarlıq edib və İrandakı müharibənin Ukraynaya təsiri ilə bağlı “çox pis hisslər” keçirdiyini deyib.

“Prezident Trampın Starmerlə görüşməsini çox istərdim ki, ortaq mövqeləri olsun,” – deyə o bildirib.

Tramp son açıqlamalarından birində Starmeri “Winston Churchill deyil” adlandıraraq, onu “yaxşı insan” hesab etdiyini, lakin “məyus olduğunu” vurğulayıb.

Starmer isə cavabında mövqeyini qoruyaraq bildirib ki, Böyük Britaniya daha geniş müharibəyə cəlb olunmayacaq. Baş nazirlik ofisi ABŞ–Böyük Britaniya münasibətlərinin “davamlı” olduğunu təkrar vurğulayıb.

Zelenski əlavə edib ki, Yaxın Şərqdəki münaqişə Ukraynada sülh danışıqlarını ləngidir: “Danışıqlar davamlı olaraq təxirə salınır. Bunun bir səbəbi var – İrandakı müharibə.”

Starmer Zelenskini Londonda qəbul edib. Bu səfər Ukrayna liderinin Avropa paytaxtlarına turunun bir hissəsidir. O, ötən həftə Paris-də olub və çərşənbə günü Madrid-ə yollanacaq.

Bu səfərlər Yaxın Şərqdəki münaqişənin Ukraynanın dörd ildir davam edən müharibəsini kölgədə qoyduğu bir dövrə təsadüf edir.

“Əsas diqqətin Ukraynada qalması çox vacibdir,” – deyə Starmer bildirib.

Zelenski Londonda səfəri çərçivəsində parlament üzvləri qarşısında da çıxış edib. O deyib:

“Rusiyada və İranda olan rejimlər nifrətdə qardaşdırlar və buna görə də silahlarda da qardaşdırlar. Biz istəyirik ki, nifrət üzərində qurulan rejimlər heç vaxt qalib gəlməsin və Avropaya və tərəfdaşlarımıza təhlükə yaratmasın.”

Bu çıxışda Starmerlə yanaşı NATO baş katibi Mark Rutte, müdafiə naziri John Healey və müxalifət liderləri də iştirak ediblər.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az