İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

ABŞ-da benzin qiymətlərinin artması Trampı çətin seçim qarşısında qoyur

ABŞ-da benzin qiymətlərinin artması, İranla bağlı vəziyyət fonunda Donald Tramp üçün siyasi riskləri daha da artırır.

ABŞ və İsrailin İrana qarşı birgə müharibəsinin üçüncü həftəsində Donald Tramp prezidentliyinin qalan hissəsini müəyyən edə biləcək qərarlarla üz-üzədir.

Lakin görünür ki, ABŞ prezidenti nəzarətdən çıxa biləcək bir müharibə ilə bağlı daxili narahatlıqlarını ictimaiyyət qarşısında açıq şəkildə göstərmir.

Bazar ertəsi Ağ Evdə bir saatdan çox davam edən çıxışı zamanı o, müharibənin vəziyyəti ilə bağlı fikirlərini bölüşməklə yanaşı, Kennedi Mərkəzinin təmiri, Ağ Evdə bal zalı tikintisi planları, bu ilki Dünya Kuboku, bir respublikaçı konqresmenin sağlamlığı və bir çox başqa mövzulardan da danışdı.

Bu, Trampa xas idi – plansız və geniş mövzuları əhatə edən çıxış. Keçən həftəsonu o, Floridadakı kurortunda qolf oynadı. Truth Social platformasında isə İran müharibəsindən çox, Ali Məhkəməni tənqid etməyə vaxt ayırdı.

Tramp başqa mövzularla maraqlansa da, əvvəlki ABŞ prezidentlərinin çətin yolla öyrəndiyi bir dərslə üzləşir – müharibə istəsən də, istəməsən də prezidentliyi tam şəkildə zəbt edə bilər.

Eyni zamanda, Trampın əvvəl “artıq qazanılıb” və “tam başa çatıb” dediyi bu müharibənin həftələrlə, hətta daha uzun davam edə biləcəyinə dair sübutlar artır.

Bazar ertəsi o bildirdi ki, müharibəyə görə aprelin əvvəlində planlaşdırılan Çin səfəri bir ay təxirə salınıb.

Ağ Evin mətbuat katibi Karolin Livitt bildirdi ki, prezidentin əsas vəzifəsi “Operation Epic Fury” əməliyyatının uğurunu təmin etməkdir.

Tramp sosial mediada bildirib ki, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyini təmin etmək üçün beynəlxalq koalisiya yaratmaq istəyir.

O yazıb: “Ümid edirəm ki, Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digərləri gəmilər göndərəcək. Bu boğazı tezliklə AÇIQ, TƏHLÜKƏSİZ və AZAD edəcəyik!”

Lakin Yaponiya, Avstraliya və bir çox Avropa ölkəsi bu təşəbbüsə qoşulmaq istəmədiyini bildirib.

Böyük Britaniyanın baş naziri Kir Starmer deyib: “Biz daha geniş müharibəyə cəlb olunmayacağıq.”

Bu isə Trampı çətin qərar qarşısında qoyur – ABŞ donanmasını daha çox cəlb edib-etməmək.

Əgər o bunu edərsə, ABŞ qüvvələri daha böyük risk altına düşə bilər.

Əgər etməzsə və müharibəni bitmiş elan edərsə, İran yenə də neft tədarükünə təhlükə yarada bilər və qiymətlər yüksək qala bilər.

Bu halda ABŞ milyardlarla dollar xərcləsə də, bölgədə güc balansını dəyişə bilməyə bilər.

Sorğu şirkəti Ipsos-un eksperti Klifford Yanq bildirir ki, enerji qiymətlərinin uzun müddət yüksək qalması Tramp üçün ciddi siyasi təhlükə yaradır.

Hazırda onun əsas tərəfdarları onu dəstəkləsə də, müstəqil seçicilər arasında dəstək azalır.

Onun reytinqi 40%-dən bir qədər yuxarıdır.

Əgər müharibə amerikalıların əsas narahatlığı olan yaşayış xərclərinə təsir etsə, vəziyyət dəyişə bilər.

Hazırda inflyasiya azalsa da, mənzil, ərzaq və istehlak mallarının qiymətləri yüksək qalır.

İran müharibəsi isə hökumətin iqtisadi problemləri həll etdiyini göstərmək səylərini zəiflədir.

Benzin qiymətlərinin artması isə Tramp üçün ciddi siyasi zərbə ola bilər.

Hazırda ABŞ-da benzinin orta qiyməti 3.72 dollardır, halbuki bir ay əvvəl bu rəqəm 2.94 dollar idi.

Ekspertlər bildirir ki, bu vəziyyət Respublikaçıların “yaşayış xərclərini azaltmaq” gündəmini sarsıda bilər.

Digər tərəfdən, ABŞ-ın hərbi əməliyyatları genişləndirməsi də böyük risk daşıyır.

Minlərlə dəniz piyadasının bölgəyə göndərildiyi bildirilir və bu, quru əməliyyatlarına gətirib çıxara bilər.

Lakin bu, ABŞ ictimaiyyətində narazılıq yarada bilər, çünki bir çox amerikalı uzunmüddətli müharibələrdən yorulub.

Ekspertlər bunu “sonsuz müharibə yorğunluğu” adlandırır.

Əgər ABŞ yalnız hava əməliyyatları ilə kifayətlənsə, Trampın vəziyyəti düzəltmək üçün vaxtı ola bilər.

Noyabrda keçiriləcək aralıq seçkilərə hələ yeddi aydan çox vaxt var.

Tramp isə belə deyib: “Bizə heç kim lazım deyil. Biz dünyanın ən güclü ölkəsiyik.”

Lakin reallıq ondan ibarətdir ki, onun qarşısındakı variantların heç biri risksiz deyil və vəziyyətin tez həll olunacağı ehtimalı getdikcə azalır.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az