Aliment məsələləri ilə bağlı icraatda olan işlərin sayı ilbəil ciddi şəkildə artıb və bu işlərin sayı son 5 il ərzində 10 minə yaxın artıb.
Gundelik.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov parlamentdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, 2025-ci ildə icraatda 141 min aliment işi olub. Bununla belə aliment işlərinin icra edilməmə halları aşağı faiz təşkil edir.
“Aliment işlərinin icrasında yaranan çətinliklər bəzən müəyyən vəsaitlərin olmaması, iş yerlərinin olmaması ilə bağlıdır, şəxslərin yaşayış yerlərini, iş yerlərini tez-tez dəyişməsi ilə bağlı olur.
2025-ci ildə aliment ödəməkdən yayılan 4299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Onlardan 3083 protokol üzrə məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq olunub. 2344 nəfər inzibati qaydada həbs edilib və aliment ödəməkdən yayınan şəxslər barəsində müəyyən cinayət hüquqi xarakter tədbirlər görülüb. Bununla bağlı cinayət məsuliyyətinə cəlb edilmə haqqında 286 təqdimat verilmiş, 235 təqdimat barəsində cinayət işi başlanılıb”.
