Donald Trump bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqdə gəmiləri “lazım gələrsə” qoruyacaq. Bu açıqlama ABŞ–İsrailin İranla müharibəsinin yaratdığı enerji təchizatı böhranını azaltmaq məqsədi daşıyır.
Dünya neft və qazının beşdə biri İranla Birləşmiş Ərəb Əmirlikləri arasında yerləşən dar su yolu – Strait of Hormuz vasitəsilə daşınır. Lakin İranın gəmiləri “yandırmaq” hədələrindən sonra bu ərazidə hərəkət demək olar ki, tam dayanıb.
Tramp bildirib ki, ABŞ hökuməti bölgədə fəaliyyət göstərən bütün gəmiçilik şirkətlərinə “çox münasib qiymətə” risk sığortası təqdim edəcək ki, “ENERJİNİN DÜNYAYA AZAD AXINI” təmin olunsun.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, bu təminatlar şirkətlərin narahatlıqlarını aradan qaldırmaq üçün kifayət etməyə bilər.
Tramp bu açıqlamanı sosial mediada, qlobal neft və qaz qiymətlərinin artmaqda davam etdiyi və bunun ev təsərrüfatlarına təsiri ilə bağlı narahatlıqların yüksəldiyi bir vaxtda edib.
Bazar ertəsi İran rəsmisi Hörmüz boğazından keçməyə cəhd edən hər hansı gəmini “yandırmaqla” hədələyib və İran hərbçilərinin bölgədə bir neçə gəmiyə atəş açdığı bildirilir.
Bundan sonra bəzi sığorta şirkətləri bölgədə fəaliyyət göstərən gəmilər üçün sığorta haqlarını artırıblar. Lloyd’s List Intelligence məlumatına görə, hazırda təxminən 200 xam neft və neft məhsulu tankeri Fars körfəzində gözləmə vəziyyətindədir.
Tramp çərşənbə axşamı bildirib ki, o, ABŞ-ın İnkişaf Maliyyə Korporasiyasına (DFC) göstəriş verib ki, Körfəz vasitəsilə hərəkət edən “BÜTÜN dəniz ticarəti, xüsusilə enerji” üçün siyasi risk sığortası və zəmanətlər təqdim etsin.
O, həmçinin “lazım gələrsə… mümkün qədər tez” hərbi müşayiət vəd edib.
Açıqlamadan sonra neft qiymətləri bir qədər geriləyib. Bu açıqlama Trampın Energetika naziri Kris Rayt və Maliyyə naziri Skott Bessent ilə enerji məsələlərini müzakirə etməli olduğu vaxta təsadüf edib.
Buna baxmayaraq, Lloyd’s List jurnalının baş redaktoru Riçard Mid bildirib ki, ABŞ prezidentinin təchizat böhranına səbəb olan təhlükəsizlik narahatlıqlarını aradan qaldıra bilib-bilməyəcəyi hələ də aydın deyil.
O qeyd edib ki, son illərdə Qırmızı dənizdə husilərin hücumları ABŞ hərbi müdaxiləsinə baxmayaraq bir çox gəmiçilik şirkətlərinin daha uzun və baha marşrutlara üstünlük verməsinə səbəb olmuşdu.
“Sadəcə sığortanın olması gəmilərin Hörmüz boğazından keçməsinə kifayət etməzdi,” – deyə o bildirib və əlavə edib: “Hərbi müşayiətin olması da tam təhlükəsizlik demək deyil.”
Analitiklər xəbərdarlıq edirlər ki, uzunmüddətli fasilə xam neftin qiymətini bir barel üçün 100 dollardan yuxarı qaldıra bilər ki, bu da hətta ABŞ-da belə benzin qiymətlərinə ciddi təsir göstərə bilər. ABŞ-da daxili istehsal yüksək olsa da, qlobal qiymət dəyişiklikləri yenə də təsir edir.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında müharibəni müdafiə edərək deyib ki, İran rejimi ilə bağlı “nəsə etmək lazım idi”.
O etiraf edib ki, bu, qısa müddət ərzində neft qiymətlərinin artmasına səbəb ola bilər, lakin uzunmüddətli təsiri əhəmiyyətsiz sayıb:
“Bu bitən kimi qiymətlər düşəcək, məncə hətta əvvəlkindən də aşağı olacaq.”
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
