Cənubi Sudan hakimiyyət orqanları bildiriblər ki, bazar günü ölkənin şimalında naməlum silahlı şəxslərin hücumu nəticəsində, yüksək vəzifəli rəsmilər də daxil olmaqla, azı 169 nəfər həlak olub. Ruweng İnzibati Bölgəsinin İnformasiya naziri Ceyms Monyluak Mijok bildirib ki, hücum onlarla silahlı gənc tərəfindən həyata keçirilib. Onun iddiasına görə, hücumçular qonşu Unity ştatından gəlib və Sudan People’s Liberation Army in Opposition (SPLA-IO) ilə əlaqəli olublar. SPLA-IO isə hücumda iştirakını inkar edərək, Unity ştatının hakimiyyət orqanlarını zorakılığı siyasiləşdirməkdə ittiham edib. BMT dəfələrlə xəbərdarlıq edib ki, ölkə yenidən genişmiqyaslı vətəndaş müharibəsinə sürüklənə bilər. Mijokun sözlərinə görə, ölənlər arasında 90 uşaq, qadın və yaşlı, həmçinin polis daxil olmaqla 79 regional qüvvə üzvü var. Daha 50 nəfər yaralanıb və onların əksəriyyəti müalicə üçün qonşu Abyei İnzibati Bölgəsinə aparılıb. Mijok BBC-yə deyib ki, hücumçular bazar günü səhər saat 04:30 radələrində (GMT ilə 02:30) insanlar hələ yatarkən Ruweng bölgəsinin Abiemnom dairəsinə daxil olaraq onları “təəccübləndiriblər”.O bildirib ki, hökumət qüvvələri sayca az olub. Döyüşlər üç-dörd saat davam edib və hücumçular evləri və bazarları yandırıblar. Rayon komissarı və icraçı direktor da daxil olmaqla bir neçə yüksək vəzifəli yerli məmur öldürülüb. Mijok əlavə edib ki, hökumət qüvvələri sonradan hücumçuları geri oturdub və hazırda ərazi tam nəzarət altındadır. O həmçinin iddia edib ki, Unity ştatının rəsmiləri Ruwengə qarşı planlaşdırılan hücumdan “məlumatlı olmalı idilər”. Unity rəhbərliyi isə bu ittihama cavab verməyib. Hücuma nəyin səbəb olduğu hələlik məlum deyil. United Nations Mission in South Sudan (UNMISS) bildirib ki, təxminən 1.000 mülki şəxs hücumdan sonra onların bazası yaxınlığında sığınacaq axtarmağa başlayıb. Missiya son 48 saatda bölgədə zorakılığın artmasından narahat olduğunu qeyd edib. UNMISS-in müvəqqəti rəhbəri Anita Kiki Gbeho deyib: “Bu cür zorakılıq mülki şəxsləri ciddi təhlükə altına qoyur və dərhal dayandırılmalıdır. ”O əlavə edib ki, missiya mühafizə tədbirlərini gücləndirib və Cənubi Sudan hökuməti ilə birlikdə vəziyyəti sabitləşdirmək üçün çalışır. Sülhməramlılar toqquşmalarda yaralanan azı 23 nəfərə təcili tibbi yardım göstərir. Missiya bütün tərəfləri dərhal atəşkəsə və dialoqa çağırıb. Yerli məlumatlara və AFP agentliyinə görə, ölənlərin çoxluğu və təhlükəsizlik narahatlıqlar səbəbindən qurbanlar bazar günü kütləvi məzarlıqda dəfn edilib. Ötən il Abiemnom dairəsində baş vermiş oxşar hadisə nəticəsində 42-dən çox mülki şəxs həlak olmuşdu. Ölkənin digər hissəsində — Jonglei ştatında baş verən toqquşmalardan sonra tibbi xeyriyyə təşkilatı Médecins Sans Frontières (MSF) hökumət və müxalif qüvvələr arasında artan zorakılıq fonunda 26 əməkdaşının itkin düşdüyünü açıqlayıb. Təşkilat Jonglei ştatının Lankien və Pieri bölgələrində tibbi xidmətləri dayandırıb. MSF həmçinin bildirib ki, 3 fevralda Lankien-dəki tibb müəssisəsi hökumət hava zərbəsinə məruz qalıb. Bəyanatda deyilir ki, bir çox əməkdaş ailələri ilə birlikdə zorakılıqdan qaçmağa məcbur olub və hazırda uzaq ərazilərdə, qida, su və əsas xidmətlərə çıxışı məhdud şəraitdə sığınacaq tapıblar. Dünyanın ən gənc dövləti olan Cənubi Sudan 2011-ci ildə müstəqillik əldə etdikdən sonra vətəndaş müharibəsi, yoxsulluq və korrupsiya ilə üzləşib. BMT xəbərdarlıq edib ki, 2018-ci ildə Prezident Salva Kiir ilə onun uzunmüddətli rəqibi Riek Maçar arasında imzalanmış hakimiyyət bölgüsü razılaşmasının son bir ildə pozulması fonunda ölkədə “tammiqyaslı vətəndaş müharibəsi” yenidən başlaya bilər.
Tərtib etdi:Jalə Əliyeva
Mənbə:BBC
Gundelik.az
