Mərkəzi bankdan şübhəli siyasət tələb edən və buna nail olmaq üçün hüquqi sərhədləri sınağa çəkən siyasi lider — Argentinada yaşayan Martin Redradoya görə, Donald Trampın ABŞ Federal Ehtiyat Sistemi (FED) ilə qarşıdurması təəccüblü dərəcədə tanış səslənir.
Redrado 2010-cu ildə Argentinanın Mərkəzi Bankının rəhbəri vəzifəsindən uzaqlaşdırılmışdı. Buna səbəb onun o zamankı prezident Kristina Kirşnerin milli borcların ödənilməsi üçün valyuta ehtiyatlarının hökumətə verilməsi barədə göstərişinə qarşı çıxması olmuşdu.
O, bu qərara qarşı məhkəmədə qalib gəlsə də, BBC-yə bildirdiyinə görə üzləşdiyi “dözülməz” təzyiqlər səbəbindən sonda istefa vermişdi.
Bu qarşıdurma bu gün Argentinanı sonradan bürüyən iqtisadi böhranın ilk xəbərdarlıqlarından biri kimi xatırlanır. Həmin böhran ölkəni yüksək inflyasiya və milli valyutanın kəskin dəyər itirməsi ilə üz-üzə qoydu və ölkə hələ də bu vəziyyətdən tam çıxa bilməyib.
Trampın FED-lə mübarizəsi isə ABŞ-ın da oxşar bir yola girib-girmədiyi barədə müzakirələrə səbəb olub.
Ötən il yenidən hakimiyyətə qayıtdıqdan sonra Tramp ABŞ Mərkəzi Bankının sədri Cerom Pauelli iqtisadiyyatı düzgün idarə etməməkdə və faiz dərəcələrini həddən artıq yüksək saxlamaqla hökumət üçün borclanma xərclərini artırmaqda ittiham edib.
Lakin Trampın banka müdaxilələri yalnız sosial şəbəkələrdəki tənqidlərlə məhdudlaşmayıb.
Avqust ayında Tramp FED-in əsas siyasətçilərindən biri olan Liza Kuku vəzifədən azad etmək qərarı verib. Bu qərar hazırda Ali Məhkəmədə mübahisələndirilir.
Daha sonra, bazar günü Cerom Pauell bildirib ki, Ədliyyə Nazirliyi FED-ə qarşı, bir binanın təmir xərclərinin şişirdilməsi ilə bağlı cinayət araşdırması aparır. Pauell isə bu iddiaları “bəhanə” adlandıraraq rədd edib.
Bütün bu gərginliyə baxmayaraq, bazarların reaksiyası zəif olub. Analitiklər bunu investorların FED-in müstəqil fəaliyyətini davam etdirəcəyinə inamının göstəricisi kimi dəyərləndirirlər.
Lakin bu inam qarşıdakı həftələrdə ciddi sınaqdan keçəcək. Çünki Ali Məhkəmə Liza Kukun işdən çıxarılması ilə bağlı arqumentləri dinləməyə hazırlaşır və prezidentin səlahiyyət müddəti may ayında başa çatan Pauelli əvəz edəcək namizədi açıqlaması gözlənilir.
Mənbə:BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
