Cənubi Koreyanın impiçment olunmuş prezidenti Yun Sok Yol, 2024-cü ildə uğursuz hərbi vəziyyət elan etmə cəhdi ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə, ədalət mühakiməsinə mane olma və sənədləri saxtalaşdırma ittihamları üzrə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bu hökm, onun gözlənilməz hərbi vəziyyət fərmanı ilə bağlı açılmış dörd məhkəmə işindən birincisidir. Qısa müddət davam etsə də, bu addım ölkə miqyasında ciddi qarışıqlığa səbəb olmuş, deputatların Yun qərarını ləğv etmək üçün Milli Assambleyaya tələsməsi fonunda kütləvi etirazlara yol açmışdı.
Hakim cümə günü bildirib ki, Yun-un hərəkətləri “ölkəni siyasi böhrana sürükləyib” və o, “ardıcıl şəkildə heç bir peşmanlıq göstərməyib”.
Cümə günü verilən hökm Yun-un digər məhkəmə işlərinin necə nəticələnə biləcəyinə dair ipucları verir. Ona qarşı irəli sürülən ittihamlar arasında vəzifə səlahiyyətlərindən sui-istifadə və seçki qanunvericiliyinin pozulması da var.
Ən ağır ittiham üsyan (qiyam) maddəsidir və prokurorlar bu ittiham üzrə ölüm cəzası tələb ediblər. Həmin iş üzrə hökmün fevral ayında çıxarılması gözlənilir.
Cümə günü təxminən 100 Yun tərəfdarı məhkəmə binasının qarşısına toplaşaraq böyük ekranda canlı yayımlanan prosesləri izləyib.
Onlardan bəziləri üzərində “Yun, yenidən! Koreyanı yenidən möhtəşəm et” yazılan qırmızı plakatlar qaldırmışdı. Hakim günahkarlıq hökmünü elan edərkən bəzi tərəfdarların ona qışqırdığı eşidilib, digərləri isə kədərli görünürdü.
Məhkəmə Yun-un:
prezident mühafizəçilərindən istifadə edərək həbsinin qarşısını almaqda,
hərbi vəziyyət elan etməzdən əvvəl kabinetin bütün üzvləri ilə məsləhətləşməməkdə,
baş nazir və müdafiə nazirinin hərbi vəziyyəti təsdiqlədiyini iddia edən saxta sənəd hazırlayıb sonra onu məhv etməkdə
təqsirli bilindiyini açıqlayıb.
Hakim bildirib: “Təqsirləndirilən şəxs konstitusiyanı və qanunları qorumaq borcuna malik idi, lakin onlardan üz döndərdi.”
Prokurorlar bu ittihamlar üzrə 10 il həbs cəzası tələb etmişdilər. Hər iki tərəfin hökmdən 7 gün ərzində apellyasiya şikayəti vermək hüququ var.
Yun ittihamları rədd edib və bildirib ki, onun həbsi üçün verilən order qanunsuzdur və fövqəladə səlahiyyətlərdən istifadə edərkən qanun onu kabinetin bütün üzvləri ilə məsləhətləşməyə məcbur etmir.
O, bütün məhkəmə prosesləri boyunca iddia edib ki, istintaq orqanlarının onu araşdırmaq və həbs etmək üçün hüquqi əsasları olmayıb. Onun sözlərinə görə, hərbi vəziyyət elan edilərkən heç bir prosedur pozuntusu baş verməyib.
Cənubi Koreyada məhkəmələr adətən günahını qəbul edən və ya məsuliyyətini dərk edən şəxslərə daha yüngül cəza verirlər. Lakin prokurorlar Yun-un peşmanlıq göstərməməsini daha ağır cəza üçün əsas kimi qiymətləndirirlər.
2021-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət ittihamları ilə 20 il həbsə məhkum edilən Pak Gın He cinayət məsuliyyətinə cəlb olunan son sabiq prezident idi. Lakin o, sonradan əfv edilərək azadlığa buraxılmışdı.
Yun-un hərbi vəziyyət cəhdindən altı ay sonra, seçicilər müxalifət lideri Li Cə Myonqu qəti qələbə ilə prezident seçiblər.
Buna baxmayaraq, Yun-un məhkəmə prosesləri Cənubi Koreyada mövcud olan dərin siyasi parçalanmanı yenidən gündəmə gətirib. Keçmiş prezidentin onu şəhid kimi görən güclü tərəfdarları hələ də var. Keçən ilin dekabrında aparılan sorğuya əsasən, cənubi koreyalıların təxminən 30%-i Yun-un hərbi vəziyyət elanını üsyan kimi qiymətləndirmir.
Hərbi vəziyyət cəhdi on minlərlə insanı küçələrə çıxarsa da, Yun tərəfdarları da — daha az sayda olmaqla — əks-etiraz aksiyaları keçiriblər.
Mənbə:BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
