ChatGPT kimi proqramlar geniş istifadə olunmağa başlayandan dərhal sonra silahlı ekstremist qruplar süni intellektdən yararlanmağa başlayıblar. Sonrakı illərdə isə bu qruplar generativ süni intellekt proqramlarından realist görünüşlü şəkillər və videolar yaratmaq üçün daha çox istifadə edirlər.
Dünyanın digər hissəsi süni intellektin imkanlarını mənimsəməyə çalışarkən, ekstremist qruplar da texnologiyanı sınayır, lakin onu necə tam şəkildə istifadə edəcəklərini hələ də bilmirlər.
Milli təhlükəsizlik mütəxəssisləri və kəşfiyyat agentlikləri xəbərdarlıq edirlər ki, süni intellekt ekstremist təşkilatlar üçün yeni üzvlərin cəlb edilməsi, saxta, amma realist görünüşlü video və audio materiallar (deepfake) yaratmaq və kiberhücumları təkmilləşdirmək üçün güclü vasitə ola bilər.
İraq və Suriyada əvvəllər ərazi ələ keçirmiş İŞİD artıq desentralizasiya olunmuş və zorakı ideologiyanı paylaşan bir qrupdur. Qrup sosial medianın üzv cəlb etmək və dezinformasiya yaymaq üçün təsirli vasitə olduğunu illər öncə anlayıb. Bu səbəbdən ekspertlər İŞİD-in süni intellekti sınamasını təəccüblü saymırlar.
SITE Intelligence Group-un tədqiqatçılarının araşdırmalarına görə, İŞİD həmçinin liderlərinin dini mətnləri oxuduğu saxta, amma realist görünüşlü audio yazılar (deepfake) hazırlayıb və mesajları sürətlə bir neçə dilə tərcümə etmək üçün süni intellektdən istifadə edib.
Mənbə: Euronews.az
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
