“Uşaqlara qayğı göstərmək, uşaqların təhsili, tərbiyəsi üçün şərait yaratmaq uşaqlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamaq uşaqlarla aparılan işin əsas hissəsi olmalıdır”.
Ümummilli lider Heydər Əliyev
Ötən əsrin sonlarından BMT tərəfindən hər il dekabrın 11-i Uşaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd olunur. BMT Uşaq Fondunun (YUNİSEF) təşəbbüsü ilə 1994-cü ilin aprelində Kann şəhərində təsis olunmuşdur. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanmış “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsində deyilir: “Uşaqlar barəsində dövlət
siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir”. Uşaqlara göstərilən qayğının daha bir bariz nümunəsi 22 iyun 1999-cu il tarixdə qüvvəyə minmiş “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşuqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunudur. Ulu öndərimiz Heydər Əliyev həmişə uşaqların bu əlamətdar günündə onlarla bir yerdə olmağı çox sevirdi. Heydər Əliyev Uşaqların Beynəlxalq Televiziya və Radio Günü ilə əlaqədar onların hazırladığı mərasimdə iştirak etməkdən böyük zövq alırdı. Fərəhlə demək olar ki, uşaq və gənclərə göstərilən diqqətin, qayğının daha da artırılmasında ölkə Prezidenti İlham Əliyevin xidməti çoxdur.
Təbii ki, uşaqların diqqətini çəkən, onların maraq dairəsinə daxil olan vərdişlərdən biri də televiziyadır. Buna görə də respublikamızda bir telekanalın uşaqlar üçün ayrıca redaksiyası fəaliyyət göstərir. Bu sarıdan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin ənənələrə söykənərək uşaqlar üçün proqramlar hazırlanması diqqət çəkir. İstər AzTV-də, istərsə də onun “Mədəniyyət” kanalında uşaq və gənclərə həsr olunan verilişlərin təkcə adlarına fikir verək: “Təmas nöqtəsi”, “Tələbə dünyası”, “Mən də uşaq olmuşam”, “Çoxbilmişlərdənsinizmi?”, “Mən azərbaycanlıyam”, “Müasir Azərbaycan gəncliyi”, “Biləyən”, “Bəbək”, “Ana dili” və s. əlbəttə, bu verilişlərin hər biri haqqında ayrıca danışmaq da olar.
Gundelik.az
