Livan məhkəməsi Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin 11 milyon dollar girov müqabilində azadlığa buraxılması barədə qərar verib.
Bu barədə Gundelik.az TASS-a istinadən xəbər verir.
Qərar oktyabrın 17-də ədliyyə sarayında keçirilən dindirmədən sonra müstəntiq hakim tərəfindən qəbul olunub. Qəddafinin vəkilləri onun 10 ildir həbsdə saxlanıldığını əsas gətirərək təyin olunmuş girov məbləğinə etiraz edəcəklərini bildiriblər.
Xatırladaq ki, Hannibal Qəddafi 2015-ci ilin dekabrında Livan imamı və siyasi xadimi Musa əs-Sədrin yoxa çıxması işi ilə əlaqədar Livan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, Suriyadan qaçırıldığını və qanunsuz olaraq Livana aparıldığını iddia edib. Qəddafi həmçinin qeyd edib ki, hadisə baş verən vaxt onun cəmi üç yaşı olub və Musa əs-Sədrin yoxa çıxması barədə heç nə bilmir.
Qeyd edək ki, sentyabr ayında Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 2007-ci il prezident seçkiləri kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ilə bağlı iş üzrə beş il müddətinə azadlıqdan məhrum edib. İstintaqın məlumatına görə, Sarkozi 2005-ci ildə Müəmmər Qəddafi ilə beynəlxalq arenada siyasi dəstək müqabilində seçki kampaniyası üçün vəsait almağa razılaşıb.
Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun Qəddafinin ölümünə verdiyi reaksiyanı xatırlatmışdı.
Gundelik.az
