İsrail hökuməti bəyan edib ki, Livan Silahlı Qüvvələri Hizbullahı tərksilah etmək istiqamətində real addımlar atarsa, İsrail Müdafiə Qüvvələri (İDF) ABŞ-nin rəhbərlik etdiyi təhlükəsizlik mexanizmi ilə koordinasiyalı şəkildə Livanın cənubundakı hərbi varlığını mərhələli şəkildə azaldacaq.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Baş nazirin ofisindən verilən açıqlamada Livan hökumətinin 2025-ci ilin sonuna qədər Hizbullahı tərksilah etmək niyyəti alqışlanıb: “Bu qərar Livana öz suverenliyini bərpa etmək, dövlət qurumlarını gücləndirmək və qeyri-dövlət qüvvələrin təsirindən azad idarəetmə sistemi qurmaq üçün ciddi imkan yaradır”, – deyə bildirilib.
İsrail tərəfi həmçinin Beyruta Hizbullahı tərksilah etmək və regionda daha sabit gələcək təmin etmək üçün dəstək göstərməyə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, avqustun 5-də Livan hökuməti ordunu ilin sonuna qədər yalnız dövlət orqanlarının silah saxlamasını təmin edəcək plan hazırlamağa çağırmışdı. Lakin Hizbullah bu tələbi qəbul etməmişdi. Buna baxmayaraq, Livanın LBCI telekanalı ötən həftə bəzi Fələstin silahlı qruplarının qaçqın düşərgələrindəki silahlarını hakimiyyətə təhvil verməyə hazırlaşdıqlarını xəbər verib.
“Axios”un məlumatına görə, ABŞ administrasiyası Livan hökumətini Hizbullahı hərbi imkanlardan məhrum etməyə təşviq etmək üçün İsraili Livandakı fəaliyyətini məhdudlaşdırmağa çağırıb. İlk mərhələdə İsrailin Livanda saxladığı beş postdan birini bağlaması və hava hücumlarının intensivliyini əhəmiyyətli dərəcədə azaltması təklif olunub.
Mənbələrin bildirdiyinə görə, ABŞ həmçinin İsraillə sərhəddəki bir sıra ərazilərdə xüsusi “iqtisadi zona” yaradılmasını planlaşdırır. Səudiyyə Ərəbistanı və Qətər İsrailin geri çəkilməsindən sonra həmin zonaların bərpasına sərmayə yatırmağa razılıq verib.
Gundelik.az
