Almaniyanın Leypsiq şəhərində indiyədək şəhər ərazisində aşkar edilmiş ən qədim insan dəfnlərindən biri aşkarlanıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Təxminən 7 min il yaşı olan skelet gələcəkdə məktəb tikilməsi planlaşdırılan ərazidə tapılıb. Arxeoloqlar həmin sahədə qazıntılar aparıblar. Çünki ərazi tunc dövrünə aid olduğu əvvəlcədən məlum olan tarixi abidənin yaxınlığında yerləşir.
Dəfn edilmiş insanın sol böyrü üstə, ayaqları bükülü vəziyyətdə uzandığı müəyyən edilib. Skeletin yanında heç bir dəfn əşyası aşkarlanmayıb. Arxeoloqlar qalıqların yaşını yaxınlıqda qazılmış qədim taxta evlərin fraqmentləri əsasında müəyyənləşdirə biliblər.
Mütəxəssislərin sözlərinə görə, həmin evlər qədim Neolit dövrü yaşayış məskəninin bir hissəsi olub. Bu dövr insanların ovçuluq və yığıcılıqdan tədricən oturaq həyata, əkinçiliyə və maldarlığa keçməsi ilə səciyyələnir.
Saksoniya Dövlət Arxeologiya İdarəsinin mütəxəssisləri tapıntının əhəmiyyətini vurğulayaraq bildiriblər:
“Bu, nadir bir şansdır. Çünki Saksoniyanın əksər ərazilərində sümüklər o qədər pis qorunub ki, dəfn yerlərini yalnız qəbirə qoyulmuş əşyalar və qəbir çuxurlarının forması əsasında müəyyən etmək mümkündür”.
Qeyd edək ki, daha əvvəl El-Salvadorun Antiqvo-Kuskatlan şəhərində təxminən eramızdan əvvəl 850-ci ilə aid edilən dəfn yeri aşkarlanmışdı. Qədim insan qalıqlarının vulkan külü qatının altında üzüüstə vəziyyətdə olduğu bildirilirdi.
Nuri
Gundelik.az
