Hindistan bəzi neft emalı zavodlarında Rusiyadan neft idxalını azaltmağı planlaşdırır.
Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qərar ABŞ prezidenti Donald Trampın təzyiqi fonunda qəbul olunub. Üç mənbə agentliyə bildirib ki, “bəzi Hindistan neft emalı zavodları Rusiya neftinin idxalını azaltmağa hazırlaşır”.
Bir gün əvvəl Donald Tramp Hindistanın baş naziri Narendra Modinin Rusiya nefti almağı dayandırmağa hazır olduğunu açıqlayıb. Tramp əlavə edib ki, növbəti addım kimi Çin də eyni addımı atmalıdır.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval isə bildirib ki, Yeni Dehli enerji idxalında öz istehlakçılarının maraqlarını əsas götürür. Onun sözlərinə görə, Hindistan neft və qazın ən böyük idxalçılarından biridir və qeyri-sabit enerji vəziyyəti fonunda milli istehlakçıların maraqlarının qorunması prioritet olaraq qalır.
Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ-ın Hindistanı Rusiya neftindən imtina etməyə məcbur etməsinin əsl səbəbini açıqlamışdı.
Gundelik.az
