İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Tramp yalnız bir şərtlə ASEAN sammitində iştirak edəcək

Ağ Ev ABŞ Prezidenti Donald Trampın ASEAN sammitində iştirak etməsi üçün qoyulan şərti açıqlayıb.

Bu barədə Gundelik.az “Politico”ya istinadən xəbər verir

Məlumata əsasən, Tramp yalnız Kamboca və Tailand arasında sülh sazişinin imzalanması mərasiminə sədrlik etmək şərti ilə sammitdə iştirak edəcək. Sammitin oktyabrın 26–28-də keçirilməsi planlaşdırılır.

Qeyd olunur ki, Ağ Ev ABŞ prezidentinə diqqətin tam yönəlməsi üçün təşkilatçılardan Çin nümayəndələrinin mərasimə buraxılmamasını xahiş edib.

Xatırladaq ki, sentyabr ayında Kambocanın baş nazirinin müavini və xarici işlər naziri Prak Sokhon BMT Baş Assambleyasında çıxışı zamanı ölkəsinin Tailandla sərhəd münaqişəsində atəşkəsə nail olduğunu bildirmiş və Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərdiklərini açıqlamışdı.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası — ASEAN (Association of Southeast Asian Nations)1967-ci ildə yaradılmış regional təşkilatdır. O, regionun 10 ölkəsini — Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippini — birləşdirir. Təşkilatın məqsədi iqtisadi artımı sürətləndirmək, mədəni əməkdaşlığı inkişaf etdirmək və sosial tərəqqiyə nail olmaqdır.

Hazırda ASEAN-a Malayziya sədrlik edir.

Daha əvvəl məlumat verilmişdi ki, Putin və Trampın da Malayziyada keçiriləcək sammitdə iştirak edəcəkləri gözlənilir.

Gundelik.az