İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Tramp Venesuelanı növbəti dəfə hədələdi

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Venesuelanı narkotik kartellərinə qarşı mübarizə bəhanəsi ilə hədələyib. O, Karib dənizində Venesuela qüvvələrinə qarşı yeni hücumların istisna olmadığını bildirib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Tramp Nyu-Yorkdan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən, bölgədəki Amerika hərbi gəmilərinin fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

“Venesueladan çoxlu narkotik daşınır. Araqua bandasının üzvləri də ölkəyə daxil olmağa cəhd edirlər, lakin biz onları sərhəddə uğurla dayandırırıq. Bu addımlar həm narkotik, həm də dəstələrlə mübarizə üçündür”, – deyə Tramp qeyd edib.

“Venesuelaya daha çox hücum ola bilərmi?” sualına cavab verən Tramp, Karib dənizində narkotiklə əlaqəli gəmilər aşkar edildiyi müddətdə əməliyyatların davam etdiriləcəyini bəyan edib. ABŞ prezidenti Venesuelanın “balıqçı gəmisi” kimi təqdim etdiyi qayığın əslində narkotik daşıdığını iddia edib və bununla bağlı bütün kəşfiyyat məlumatlarının ABŞ-ın əlində olduğunu bildirib.

Tramp Venesuelaya birbaşa hücum ehtimalını isə dəqiq qiymətləndirməyib.

Qeyd edək ki, daha əvvəl Trampın imzaladığı sərəncama əsasən, ABŞ ordusu Latın Amerikasında narkotik kartellərinə qarşı əməliyyatlarda daha fəal iştirak edir. Avqust ayında ABŞ “USS Gravely”, “USS Jason Dunham” və “USS Sampson” müharibə gəmilərini Venesuela sahillərinə göndərmişdi.

Buna cavab olaraq, Venesuela Prezidenti Nikolas Maduro 4,5 milyon polis qüvvəsini səfərbər etdiyini və ölkənin istənilən hücuma qarşı hazır olduğunu açıqlamışdı. ABŞ müdafiə naziri Pit Heqset isə ordunun Venesuelada “rejim dəyişikliyi əməliyyatına” hazır olduğunu bildirmişdi.

Gundelik.az