Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) 2025-ci ilin sentyabr ayı üçün hazırladığı Dünya Ticarət İcmalında xəbərdarlıq edib ki, qlobal ticarət siyasətində qeyri-müəyyənlik rekord həddə çatıb. Qeyd olunur ki, bu göstərici 2025-ci ilin birinci rübündə indiyədək ən yüksək səviyyəyə yüksəlib.
Bu barədə Gundelik.az quruma istinadən xəbər verir.
Hesabata görə, artan gözlənilməzlik artıq sistemli və qlobal xarakter daşıyır. Bu, xərclərin artmasına, maliyyə bazarlarında dalğalanmalara və ölkələr arasında fikir ayrılıqlarının dərinləşməsinə səbəb olur. Şirkətlər isə ciddi seçim qarşısında qalır: malları anbarlarda saxlamaq, daşınma marşrutlarını dəyişdirmək və ya daha yüksək göndərmə xərclərini ödəmək məcburiyyətindədirlər.
Ən ağır zərbə maliyyə imkanları və logistikası məhdud olan, şokların təsirini yumşaltmaqda çətinlik çəkən kiçik ixracatçılar və inkişaf etməkdə olan ölkələrin üzərinə düşür. Sənəd müəllifləri bildirirlər ki, qeyri-müəyyənlik artıq bütün qlobal iqtisadiyyatın ödədiyi yeni “tarif”ə çevrilib.
Xatırladaq ki, bundan əvvəl Çinin Rusiyadakı səfiri Zhang Hanhui ABŞ-ı Ümumdünya Ticarət Təşkilatının normalarını pozmaqda ittiham etmişdi. Onun sözlərinə görə, Vaşinqton bir vaxtlar azad ticarətdən böyük fayda götürsə də, indi proteksionizm və iqtisadi təzyiqlərlə məşğuldur. Nəticədə çoxtərəfli ticarət sistemi zəifləyir və beynəlxalq iqtisadi sabitlik pozulur.
Gundelik.az
