İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

BMT ABŞ-nin Karib dənizində gəmilərə endirdiyi zərbələri qəbuledilməz adlandırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Bürosu (OHCHR) ABŞ hərbi qüvvələrinin Karib dənizində, Vaşinqtonun narkotik ticarəti ilə əlaqələndirdiyi gəmilərə endirdiyi hava zərbələrini pisləyib.

Gundelik.az-ın Avropa mediasına istinadən  məlumatına görə, təşkilatın nümayəndəsi Ravina Şamdasani cümə günü keçirdiyi brifinqdə bildirib ki, hücumlar nəticəsində ölüm halları artır və bu vəziyyət qəbuledilməzdir. Onun sözlərinə görə, ABŞ dərhal bu hücumları dayandırmalıdır.

Şamdasani əlavə edib ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk məsələ ilə bağlı araşdırma aparılmasına çağırıb. O qeyd edib ki, ABŞ-ın Karib dənizi və Sakit Okean ərazisində gəmilərə endirdiyi hava zərbələri beynəlxalq hüququn pozulması deməkdir.

Xatırladaq ki, ABŞ mediası daha əvvəl prezident Donald Trampın Latın Amerikası narkotik kartellərinə qarşı ölkə hüdudlarından kənarda hərbi əməliyyatların aparılmasına səssizcə icazə verdiyini yazmışdı. Məlumata görə, ABŞ komandanlığı bu məqsədlə Latın Amerikası sahillərinə səkkiz hərbi gəmi və bir sualtı qayıq göndərib.

Bu addımlar bir sıra dövlətlərdə, xüsusilə də Venesuelada narahatlıq yaradıb. Beynəlxalq media orqanları Vaşinqtonun Venesuela prezidenti Nikolas Maduronu istefaya məcbur etmək üçün təzyiq kampaniyası apardığını da bildirib.

Gundelik.az