“Apple” korporasiyası informasiya axtarışı üçün süni intellekt (AI) xidməti yaratmağı planlaşdırır.
Bu barədə Gundelik.az “Bloomberg”ə istinadən xəbər verir.
Agentliyin köşə yazarı Mark Qurman qeyd edib ki, şirkət sistem üzərində işləmək üçün xüsusi olaraq “Assense, Knowledge, and Information” adlı komanda yaradıb.
Mütəxəssislər istifadəçi sorğuları əsasında cavablar tapacaq süni intellektə əsaslanan axtarış sistemi üzərində işləməyə başlayıblar. Qurman bunun “OpenAI”dən “ChatGPT” çatbotuna bənzəyəcəyini söyləyib.
Məqalədə deyilir ki, sistem eyni vaxtda internetdən və cihazın yaddaşından məlumatları qəbul edərək müvafiq nəticələr təqdim edəcək və çattbot kimi dialoq qutusu vasitəsilə istifadəçi ilə əlaqə saxlayacaq. Yeni məhsulun hazırlanmasına “Apple”ın top meneceri Robbi Uoker rəhbərlik edir. Komandaya Siri səsli köməkçisi üzərində işləyən bir neçə nəfər daxil edilib.
Qurman bildirib ki, yeni sistem “Apple” servislərinə – Siri, “Spotlight” və “Safari”yə inteqrasiya olunacaq. Eyni zamanda o xatırladıb ki, iyun ayında “Apple”ın proqram təminatının inkişafı üzrə baş vitse-prezidenti Kreyq Federighi “The Wall Street Journal”a bildirib ki, şirkət ayrıca çatbot yaratmağı planlaşdırmır.
Bundan əvvəl “Apple” şirkətinin baş direktoru Tim Kuk “iPhone 16″nın “iPhone 15″dən daha populyar olduğunu bildirmişdi. Sahibkar həmçinin “Apple”ın süni intellektin inkişafına sərmayələri artıracağını bildirib.
Gundelik.az
