Böyük Britaniya ilə Fransa arasında yeni imzalanmış razılaşmaya əsasən, Manş boğazını kiçik qayıqlarla keçərək Britaniyaya gələn bəzi qaçqınlar yaxın günlərdə Fransaya geri göndəriləcək.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu addım Avropa Komissiyasının təsdiqindən sonra atılıb.
Razılaşmaya görə, Böyük Britaniya Daxili İşlər Nazirliyi artıq bəzi sığınacaq axtaran şəxsləri Fransaya qaytarmaq səlahiyyətinə malikdir. Əvəzində, Britaniya Fransadan müəyyən sayda qaçqını qanuni və təhlükəsiz yollarla qəbul edəcək.
Daxili İşlər Nazirliyi bildirir ki, pilot proqram artıq texniki baxımdan tam hazırdır və həbslər bir neçə gün ərzində başlaya bilər. Yay aylarında keçidlərin artdığı nəzərə alınaraq, bu tədbirlərin indi həyata keçirilməsi planlaşdırılıb. Təkcə iyulun 30-da 898 nəfər Manş boğazını keçərək Britaniyaya çatıb.
“Bir gir, bir çıx” modeli
Yeni razılaşma çərçivəsində həftəlik təxminən 50 nəfərin Fransaya qaytarılması planlaşdırılır. Lakin Mühafizəkarlar Partiyası bu rəqəmin qeyri-real olduğunu deyir və faktiki vəziyyətin “17 nəfər gəlir, 1 nəfər gedir” formasında olduğunu bildirir.
Qaydalara əsasən, artıq kiçik qayıqla qeyri-qanuni şəkildə Britaniyaya daxil olan şəxslər gələcəkdə qanuni şəkildə müraciət edə bilməyəcəklər. Fransadan qəbul ediləcək sığınacaq axtaranlar isə əvvəlcədən sənəd, təhlükəsizlik və uyğunluq yoxlamasından keçəcəklər.
Pilot proqram 2026-cı ilin iyun ayına qədər davam edəcək və sonra yenidən qiymətləndiriləcək.
Rəsmi açıqlamalar və məqsədlər
Britaniyanın baş naziri Keir Starmer bu razılaşmanı “ciddi diplomatik səylərin nəticəsi” adlandırıb və bildirib ki, artıq “boş vədlər dövrü geridə qalıb”. O, sərhədlərə ciddi və peşəkar yanaşmanın vacibliyini vurğulayıb.
Daxili işlər naziri İvet Kuper isə bildirib ki, bu plan qanuni çərçivədə həyata keçiriləcək və insan alverçilərinin fəaliyyətinə ciddi zərbə vuracaq.
Yenidən giriş yasağı
Yeni sistemə görə, kiçik qayıqla gəlib Fransaya qaytarılan şəxslər Britaniyaya bir daha müraciət edə bilməyəcəklər. Əgər onlar yenidən qeyri-qanuni yollarla ölkəyə daxil olmağa cəhd etsələr, dərhal Fransaya qaytarılacaqlar.
Daxili İşlər Nazirliyi sərhəd xidmətləri üçün yeni əməliyyat strategiyası hazırlayıb. Bu strategiya qeyri-qanuni miqrantları erkən mərhələdə müəyyən edib, onların müraciət hüququnu bloklayacaq. Eyni zamanda, miqrantların saxlanması və geri göndərilməsi üçün mərkəzlər yaradılıb.
Müxalifətdə olan Mühafizəkarlar Partiyası isə bu planın səmərəsiz olduğunu, miqrasiya problemlərinə təsir etməyəcəyini və keçidlərin artmasına səbəb ola biləcəyini iddia edir. Onlar hökuməti Ruanda planını ləğv etməkdə günahlandırır.
Gundelik.az
