İyul 8, 2026
Baku
Elm və təhsil Hüquq

KONSTİTUSİYAMIZIN HÜQUQİ SİSTEMDƏ YERİ VƏ ƏHƏMİYYƏTİ

Konstitusiyalar bir çox ölkələrdə “Əsas qanun” (İtaliya), “Ali qanun” (Yaponiya), “Cəmiyyətin ali və əsas qanunu” (Maldova), “Respublikanın ali qanunu” (CAR) adlanır. Azərbaycan Respublikası Konstitusiyası belə adlandırılmasa da, mövcud olan yeganə aktdır ki, özünün yaradılması mexanizmlərini təsis edir və bütövlükdə tənzimləyir. Tarixən, Azərbaycan konstitusiyaları, ölkənin müstəqil siyasət yürüdərək beynəlxalq aləmdə yerini müəyyən etməyə çalışdığını ortaya qoyur. Baxmayaraq ki, Azərbaycan SSR dövrü konstitusiyalarına (1937 və 1978-ci il konstitusiyaları) Sovet dönəminin hüquqi sistemi təsir göstərmişdir, müstəqillikdən sonra bu təsirlərdən uzaqlaşmağa başlanılıb. Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib və ölkənin əsas hüquqi sənədi kimi çıxış edir. Bu məqalədə Konstitusiyanın hüquqi sistemdə rolu, onun digər normativ aktlarla əlaqəsi və üstünlüyü araşdırılır.
Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən bir neçə ölkənin konstitusiya təcrübəsindən də bəhrələnilmişdir. Məsələn, Türkiyə Respublikasının Konstitusiyasındakı bəzi müddəalar və hüquqi ənənələr, xüsusilə dövlətin dünyəviliyi və milli kimlik anlayışı Azərbaycan Konstitusiyasına təsir göstərmişdir.
Azərbaycan Respublikası konstitusiyası ölkənin ictimai, siyasi və hüquqi həyatının inkişafında önəmli rol oynayır. Onun əsas məzmun və mahiyyəti vətəndaş, cəmiyyət, dövlət arasında münasibətlərin, eləcə də, ictimai quruluşun əsaslarının, dövlət hakimiyyəti təşkilinin prinsip və formalarının tənzimlənməsinə yönəldilmişdir.
Konstitusiya hüququn aliliyini təsbit edir və dövlətin legitim fəaliyyətinin əsasını təşkil edir, idarəetmənin qanunçuluq prinsiplərinə əsaslandığını göstərir. Konstitusiyanın 7-ci maddəsinə əsasən, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.Bu müddəa ABŞ Konstitusiyasının preambula hissəsindəki ideyaya bənzəyir:
 “Birləşmiş Ştatların xalqı olaraq, daha mükəmməl bir İttifaq yaratmaq, ədaləti təmin etmək, daxili asayişi qorumaq, ümumi müdafiəni təşkil etmək, ümumi rifahı təşviq etmək və azadlığın nemətlərini özümüz və gələcək nəsillərimiz üçün təmin etmək məqsədilə bu Konstitusiyanı Birləşmiş Ştatlar üçün qəbul edir və qüvvəyə mindiririk…”
Azərbaycan Konstitusiyasının həmçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə də ortaq cəhətləri vardır. Məsələn, hər ikisi də yaşamaq hüququ, azadlıq və şəxsi toxunulmazlıq, fikir, söz və ifadə azadlığı, vicdan və din azadlığı və s. ilə bağlı müddəaları özündə əks etdirir. Azərbaycan Konstitusiyasında əsas insan və vətəndaş hüquqları və azadlıqlarından bəhs edən III fəslin bir çox maddəsi beynəlxalq hüquq normalarını  özündə əks etdirir.
Azərbaycan Konstitusiyasında gender bərabərliyi də öz əksini tapır. 25-ci maddənin II bəndinə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Bu maddə Konstitusiyanın əsas insan hüquqları və azadlıqları fəslində yer alır və gender bərabərliyinin hüquqi təməlini təşkil edir. Dövlət bu bərabərliyin həyata keçirilməsini təmin etməyə borcludur. Bu maddə yalnız hüquqi bərabərliklə kifayətlənmir, həm də faktiki bərabərliyin təmin olunmasına işarə edir – yəni qanun qarşısında eyni olmaqla yanaşı, real həyatda da bərabər imkanlar yaradılmalıdır. Gender bərabərliyi ilə bağlı beynəlxalq öhdəliklər Konstitusiyada yer alan hüquqlarla birbaşa əlaqəlidir. Milli qanunvericiliklə beynəlxalq konvensiya arasında ziddiyyət yaranarsa, beynəlxalq norma tətbiq olunur, bu da qadın hüquqları üçün önəmli qoruyucudur.
Konstitusiya dövlətin hüquqi sisteminin təməl aktıdır və bütün digər qanunlar və normativ aktlar onun prinsiplərinə uyğun olmalı, ona zidd olmamalıdır. Qanunvericilik aktları da həmçinin konstitusiyanın prinsiplərinə uyğun olmalıdır.  Konstitusiya qanunvericilik sisteminin əsas prinsiplərini müəyyən edir və qanunların hazırlanması, qəbul edilməsi və icrası üçün əsas çərçivəni formalaşdırır. O, hüquqi sistemin strukturunu, qanunvericilik prosesini və dövlət hakimiyyətinin təşkilati əsaslarını müəyyən edir.
Konstitusiyanın birbaşa hüquqi qüvvəsi
Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsində şərh olunan hüquqi-siyasi aktın ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olması və qanunvericilik sisteminin əsası olması təsbit edilmişdir:
M a d d ə 1 4 7 . Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi
Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.
Konstitusiyanın üstünlüyü onun hüquqi sistemdə mərkəzi yer tutması və digər hüquqi aktlardan daha yüksək qüvvəyə malik olması ilə ifadə olunur. Konstitusiya dövlətin ən ali hüquqi sənədi olduğu üçün onun hüquqi qüvvəsi bütün digər normativ-hüquqi aktlardan üstündür. Konstitusiya digər hüquqi aktların qəbul edilməsinin hüquqi əsaslarını müəyyən edir. Qanunlar, fərmanlar və digər normativ sənədlər Konstitusiyada müəyyən edilmiş prinsiplər və normalar çərçivəsində hazırlanmalıdır. Əgər hər hansı normativ akt Konstitusiyaya ziddirsə, o, ləğv edilir və ya dəyişdirilir. Bu prosesi adətən Konstitusiya Məhkəməsi həyata keçirir. Konstitusiya Məhkəməsi Konstitusiyanın digər hüquqi aktlara nisbətdə üstünlüyünü təmin edən əsas orqandır. Konstitusiya ilə ziddiyyət təşkil edən aktlar qüvvədən düşür.
“Konstitusiya birbaşa hüquqi qüvvəyə malikdir” müddəası Konstitusiyanın mətnində onun bir sıra müddəalarının inkişaf etdirilməsi və dəqiqləşdirilməsi məqsədilə qanunların qəbul edilməsini müəyyən edən normalar müddəalarının hər hansı bir digər akt tərəfindən konkretləşdirilmədən bilavasitə müxtəlif həyati məsələlərə tətbiq olunma imkanını nəzərdə tutur. Konstitusiyanın birbaşa tətbiqi, ümumiyyətlə, mürəkkəb problemdir və öz həllini gözləyir. Bir sıra normaların birbaşa tətbiqi nəzəri olaraq belə çətindir. Məsələn, əqli mülkiyyət hüququnun və ya seçki hüququnun xüsusi qanunlar olmadan birbaşa tətbiq olunması, demək olar ki, mümkün deyil, çünki hüququn realizə qaydası, qorunma qaydası qanunla dəqiqləşdirilməlidir. Buna görə də Konstitusiyada təsbit olunan müddəalar sonradan qanunlar və ya digər normativ hüquqi aktlar tərəfindən inkişaf etdirilir.
Konstitusiya müddəaları ölkənin qanunvericilik prosesinin əsasını təşkil edir və bütün qanunların qəbul edilməsində fundamental rol oynayır. Onun müddəaları milli qanunvericiliyə birbaşa və ya dolayısı ilə təsir göstərir, hüquqi sistemin formalaşmasını təmin edir. Qanunvericilik prosesi zamanı demokratiklik, şəffaflıq, hüququn aliliyi prinsipləri qorunmalıdır.
Qanunların hazırlanması, müzakirə olunması, qəbul edilməsi və təsdiqlənməsi Konstitusiya ilə tənzimlənir. Konstitusiya eyni zamanda Qanunvericilik təşəbbüsü hüququnu müəyyən edir. Hər kəs qanunvericilik təşəbbüsü hüququna malik deyil, bu hüquq yalnız müəyyən dövlət orqanlarına və vəzifəli şəxslərə məxsusdur. Qanunun hazırlanması və müzakirəyə çıxarılması təşəbbüsünü irəli sürmək hüququ bu subyektlərə məxsusdur:
Azərbaycan Respublikasının Prezidenti
Milli Məclisin deputatları
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı
Azərbaycan Respublikasının Prokurorluğu
Naxçıvan Muxtar Respublikasının Ali Məclisin
Qanun layihəsi Milli Məclisin komitələrində və plenar iclaslarında müzakirə edilir.Müzakirələr zamanı qanunun Konstitusiyaya uyğunluğu nəzərdən keçirilir və bu zaman layihəyə düzəlişlər edilə bilər. Qanun Milli Məclisdə səs çoxluğu ilə qəbul edilir. Konstitusiya qanunları üçün isə xüsusi səs çoxluğu tələb oluna bilər. Milli Məclis tərəfindən qəbul edilən qanun Prezidentə göndərilir. Prezident qanunu ya imzalayır, ya da geri qaytararaq düzəlişlər edilməsini tələb edə bilər (veto hüququ). Prezident qanunu imzaladıqdan sonra o, rəsmi qaydada dərc edilir və qüvvəyə minir. Yeni qanunlar Konstitusiyada təsbit olunmuş əsas hüquqlara və azadlıqlara zidd ola bilməz. Məsələn: İnsan hüquq və azadlıqlarını məhdudlaşdıran qanunlar qəbul edilə bilməz, demokratik idarəçilik prinsiplərinə zidd qanunların qəbuluna yol verilmir. Hüququn aliliyi və qanunçuluq prinsipləri pozulmamalıdır. Qüvvəyə minmiş bir qanunun Konstitusiyaya uyğun olmadığı aşkar edildiyi zaman Qanunverici orqan tərəfindən həmin qanuna düzəlişlər edilə, Konstitusiya Məhkəməsinin qərarı ilə qanun tamamilə ləğv edilə bilər, yaxud yeni qanunvericilik aktları qəbul edilərək əvvəlki normativ aktlar dəyişdirilə bilər. Məsələn, “Valideynlik hüququnun məhdudlaşdırılması” ilə bağlı Ailə Məcəlləsinin bəzi müddəaları (2014-cü ildə Konstitusiya Məhkəməsinin qərarı). Bu qərarda Ailə Məcəlləsinin bir müddəası valideynin hüquqlarının məhdudlaşdırılmasında uşağın maraqları prinsipi ilə ziddiyyət təşkil etdiyinə görə Konstitusiyaya uyğun hesab edilməmişdir.
Konstitusiyanın müxtəlif sahələrə dair müddəaları aidiyyəti qanunlarda öz əksini tapır. Məsələn:
İnsan və vətəndaş hüquq və azadlıqları – Azərbaycan Respublikasının Konstitusiyası İnsan hüquqlarının müdafiəsi, bərabərliyi və toxunulmazlığını tənzimləyir. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq konvensiyalara uyğun olaraq, vətəndaşların hüquqlarının qorunmasını təmin edir. Bu hüquqlar “Mülki Məcəllə”, “Cinayət Məcəlləsi” və digər normativ aktlarda daha ətraflı tənzimlənir.
Seçki sistemi – Konstitusiyanın seçki hüququ ilə bağlı müddəaları “Seçki Məcəlləsi” vasitəsilə tənzimlənir.
Məhkəmə sistemi və hüquq mühafizə orqanları – Konstitusiyada məhkəmə hakimiyyətinin müstəqilliyi təsbit edilir, bu isə “Məhkəmələr və hakimlər haqqında” Qanun, “Konstitusiya Məhkəməsi haqqında” Qanun və digər hüquqi aktlarda konkretləşdirilir.
İqtisadiyyat və mülkiyyət hüququ – Konstitusiyada xüsusi və dövlət mülkiyyətinin toxunulmazlığı təsbit olunub, bu müddəalar isə “Mülki Məcəllə”, “Vergi Məcəlləsi”, “Gömrük Məcəlləsi” kimi qanunlarla tənzimlənir.
Konstitusiya müddəalarının qanunvericilikdə düzgün əks olunması və tətbiq edilməsi üçün hüquqi nəzarət mexanizmləri mövcuddur:
Konstitusiya Məhkəməsi – Qanunların və normativ aktların Konstitusiyaya uyğun olub-olmadığını yoxlayır. Əgər hər hansı qanun və ya normativ akt Konstitusiyaya ziddirsə, Konstitusiya Məhkəməsi həmin aktı ləğv edə bilər.
Parlament nəzarəti – Milli Məclis qanunların qəbulunda və icrasında Konstitusiyaya uyğunluğu təmin edir.
Prezident və hökumət – İcra hakimiyyəti Konstitusiyanın müddəalarını həyata keçirmək üçün normativ aktlar qəbul edir. Prezident qəbul edilən qanunları Konstitusiyaya uyğun gəlib-gəlmədiyini yoxlamaq üçün geri qaytara bilər.
Məhkəmələr və hüquq-mühafizə orqanları – Hüquqi aktların Konstitusiyaya uyğun icrasına nəzarət edir.
Azərbaycan Respublikasının Konstitusiyasında aparıcı-təsisedici hüquq sahəsi olan konstitusiya hüququ üçün də əsas institutlar təsis edilmişdir. Bunlar insan hüquqları, seçki hüququ, məhkəmə quruluşu, ərazi quruluşu, yerli özünüidarəetmə və idarəetmə fövqəladə hallar rejimi, konstitusiya nəzarəti, hüquq və qanunvericilik sistemi və digərləridir. Göstərilən konstitusiya hüququ institutlar tənzimləyən əksər qanunvericilik aktları artıq dövlət tərəfindən qəbul edilmiş və ictimai həyatın bir hissəsinə çevrilmişdir.
Yekun olaraq bunu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq müqavilələri və insan hüquqları standartlarını özündə birləşdirməklə Azərbaycanın qlobal müstəvidəki yerini möhkəmləndirir. Konstitusiyanın hüquqi sistemdə əsaslı mövqeyi onu digər normativ aktların üzərində qoyur və bu, hüquqi sabitlik və hüququn aliliyinin təminatı baxımından fundamental əhəmiyyət daşıyır. Gələcəkdə isə, konstitusiyanın inkişafı və müasir çağırışlara uyğunlaşması, cəmiyyətin dinamikasından asılıdır. Yeni təşəbbüslər və gənc nəslin aktiv iştirakı ilə, konstitusiyanın prinsiplərinin tətbiqi daha da genişlənəcək, cəmiyyətin tələblərinə cavab verən qanunvericilik prosesləri həyata keçiriləcəkdir.
Təhminə Nəcəfova
NDU Hüquqşünaslıq ixtisası tələbəsi
Gundelik.az