Dünyanın ən çox satılan avtomobil istehsalçısı hesab edilən “Toyota” 2025-2026-cı maliyyə ili üçün mənfəət proqnozunu 21 faiz azaldıb.
Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.
Məlumata görə, şirkətin qərarı ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarının təsirinin artması və yapon yeninin dəyər qazanması fonunda verilib.
“Toyota” 2026-cı ilin mart ayına qədər olan dövrdə əməliyyat mənfəətinin 3,8 trilyon yen (təxminən 26 milyard dollar) olacağını gözləyir.
Bu, əvvəlki ildə qeydə alınan 4,8 trilyon yendən əhəmiyyətli dərəcədə azalma deməkdir.
Şirkət rəsmiləri öz təqdimatlarında bildiriblər ki, mənfəət gözləntilərinin azalmasının əsas səbəbləri Yaponiya yeninin möhkəmlənməsi, xammal qiymətlərinin artması və ticarət siyasətləridir.
“Toyota” ABŞ-də istehsal gücünü genişləndirmək qərarına gəlsə, daha yüksək əmək xərcləri və kapital məsrəfləri ilə üzləşə biləcəyini bildirir.
“Toyota”nın Çində satışları digər Yapon markalarına nisbətən daha az azalsa da, dünyanın ən böyük avtomobil bazarında Çin istehsalçılarının artan rəqabəti qarşısında şirkətin satışlarını sabit saxlamaqda çətinlik çəkdiyi bildirilir.
Gundelik.az
