İyul 8, 2026
Baku
Aktual Ədəbiyyat

DEDUKSIYA

– Göz dəyməsin, əla sürürsən, çoxdan sürücülük edirsən?..

 – Əslində, mən sürücü deyiləm, mənim ali təhsilim var, fərqlənmə ilə universiteti bitirmişəm…

 – …ay qardaş, niyə elə bütün taksi sürücüləri eyni şeyi danışır, baxma sənin Rusiyada şirkətlərin, Bakıda bir neçə evin də olar… niyə başqa nəsə fikirləşmirsiniz axı? başqa nəsə fikirləşib danışmaq olar ki, inandırıcı olsun da…

Sürücü köks ötürür. Sərnişin gülümsəyərək, istehzalı baxışları ilə sürücünün nə deyəcəyini gözlədiyini hiss etdirir.

 – Mənim Rusiyada şirkətlərim yoxdur, heç Bakıda evim də yoxdur, kirayədə qalıram və bir neçə ay bundan öncə çalışdığım şirkətdə ixtisara düşdüm deyə 38 yaşında 2 azyaşlı övladımla qaldım işsiz. Uzun müddət hara müraciət etdimsə, yaşımı səbəb gətirib heç yerə işə almadılar. Məcbur qalıb taksi fəaliyyətinə başladım…

Sərnişin bu sözləri eşidəndən sonra bir növ özünü günahkar hiss edirmiş kimi gözünü sürücüdən çəkərək digər istiqamətdə baxmağa davam etdi və maşından düşənə kimi susdu.

Sürücüyəm. Hər kəsin bildiyi taksi sürücüsü, yəni öhdəliyi insanları bir nöqtədən digər nöqtəyə aparmaq olan bir insan. Amma biz gördüyümüz işlə yanaşı, həm də, müxtəlif səhnələrin və söhbətlərin şahidi oluruq, mübahisələri müşahidə edib bəzən məsləhətlər veririk, yol gedərkən siyasətdən tutmuş şou-biznesədək müxtəlif müzakirələrin iştirakçısı oluruq.

Mən, həmişə demişəm, dünyada asan görülən iş yoxdur amma insanlarla işləmək, yəni xidmət sahəsində çalışmaq ən çətinidir, özüdə bizim ölkədə, harada ki, əksər insanlar 2 manat verib qarşısındakı şəxsin sanki onların qulu olduğunu düşünürlər. Ünvana çatdıqda gəlib maşına oturmaqdan ötrü beş addımlıq yolu yaxınlaşmayıb öz “ayağına” qədər maşını sürdürən, öz ehtiyatsızlığı ucbatından harasa vaxtında çatmayıb sürücüdən narazı olub, bütün hirsini onun üzərinə tökən insandan hansı hörməti gözləmək olar ki?.. bizi anlayan sərnişinlər də az olmur, nəvazişli, hörmətlə yanaşan, yəni anlayan ki, o pulu bizə yalnız onları bir nöqtədən digər nöqtəyə aparmaqdan ötrü verdiklərinin fərqinə varan insanlar. Belə adamları gördükdə fəxr edirsən ki, belə işdə işləyib elə insanlara xidmət göstərirsən… amma 2 manatlıq “qoçuları” görəndə əksinə, nifrət edirsən həyatına da, gördüyün işə də…

Maşına bir qoca kişi minir…

 – Salam, bala, zəhmət olmasa Elmlər Akademiyası metrosunun yanına…

 – Əleyküm salam, baş üstə…

Bir müddət keçəndən sonra…

 – Nəsə əsəbi görünürsən? (bir az öncə fikrimdən keçənlərin “izi” qalıb üzümdə, ona görə soruşur)

– Yox, xeyr, hər şey yaxşıdır…

 – Anlayıram, yəqin müştərilər əsəbiləşdirib, hə? (gülümsəyərək davam edir) … bilirsən, bala, zəmanə çox pisdir, kimin bir az pulu olur, başlayır özünü hamıdan ağıllı hesab etməyə, yəni deməyim odur ki, pulu çox olub mərifətini itirməyən insan azdır indi… insan gərək evindən çıxanda, ailə üzvlərini unutmasın. Əgər bir insan öz ailə üzvlərini daim gözünün önünə gətirsə, onda nə kiminsə xətrinə dəyər, nə də ki, kimsə barədə pis fikirləşər…

Kişinin bu sözləri məni o qədər özünə cəlb edir ki, heç bir şərh etmədən onu dinləyib necə gəlib ünvana çatdığımızı hiss etmədim.

Sərnişin ödənişi edib minnətdarlığını bildirir, sağollaşıb maşından düşür…

Kişinin dedikləri ağlımdan çıxmır, həqiqətən də biz hər hansı bir addım atanda ailəmizi düşünsək, o addımı daha düzgün atmağa daha bir səbəbimiz olur. Həmişə ailə üçün nəsə arzu edib hansısa bir işi başlayanda o işin uğurla nəticələnməsini gözləyirsən ki, səndən savayı sevinəcək başqa kəslər də var, o kəslər ki, onların sevinci sənin üçün bir aləmdir.

Növbəti sifariş.

Qapı açılır, bir xanımı yoldaşı yola salır, deyir çatanda sms yazsın, qadın da başıyla razılıq bildirib onun üzünə baxmadan maşına oturur və gözünü telefona zilləyir.

Bir müddət keçdikdən sonra kiməsə zəng edir və həyat yoldaşının necə də pis olduğundan gileylənir…

 – Bilirsən, sonuncu dəfə heç nə vaxt restorana getmişik, yadımda deyil. Camaat arvadı üçün nələr etmir, bu isə ancaq borc ödəyir, nə bilim kredit verir…

Nə qədər olaree, ay mama (anasıyla danışır), onsuz mən demişəm ki, gec-tez ayrılacağam ondan, onsuz mən bilirəm ki, bunu sən də istəyirsən, prosto uşaq var deyə hələ bilmirəm nə edim…

Maraqlıdır, insan maddi vəziyyətə görə öz həyat yoldaşı barədə niyə bu qədər pis ifadələr işlədib ondan ayrılmasını istəsin ki? Hələ valideyni də buna dəstək versin? Hansı valideyn övladının ailəsinin dağılmasını istəyər? Valideyn əksinə dəstək olub məsələni düzgün istiqamətə yönləndirməlidir… demək, insanlar və ailələr bu cəhətdən də fərqlənirmiş…

Başqa adama zəng edir.

 – Salam, necəsən?… az, nə evdə? Evdə danışa bilərəm elə? Oradasınız? Çatmısınız? Rafiqə demişəm ki, bəs gecəni anamgildə qalacağam, odur ki, narahat olma, heç bir problem olmayacaq…

Qadın dəstəyi asıb mənə Bakı Dövlət Universitetinin yanına sürməyi xahiş edir, mən ona sifarişdə başqa ünvan qeyd olunduğunu deyəndə, cavabında mənə:

 – əşi, sənin üçün nə fərqi var, əlavə pul verəcəm, sür Bakı Dövlətin yanına, deyir…

Mən Bakı Dövlət Universitetinə çatıram, qadın ödəniş edib maşından düşür. Orada müştəri çox olur deyə, maşını elə orada saxlayıb, yeni sifariş almağı gözləyirəm.

Birdən, gözüm maşından düşən xanımın onu gözləyən kimi görünən başqa bir maşına mindiyinə sataşır.

İndi məlum olur ki, bəs bu qadın həyat yoldaşına anasıgildə qalacağını deyib, ora sifariş verdirir, daha sonra başqa ünvanda başqa bir maşına minib gedir. Bir az öncəki zəng zamanı danışdığını xatırlayıram, ağlımdan min cür mənfi fikirlər keçir, yəni bu insan öz həyat yoldaşından narazıdır, anası da buna tərəfdir və fikrinə dəstək verir, rəfiqəsi ilə (hər halda elə olar) danışıb yoldaşının heç nədən şübhələnməyəcəyindən bəhs edirsə, demək xəyanət edir, hə? Bəlkə də etmir amma hər nədirsə etdiyini həyat yoldaşından gizlədir… Nədən irəli gəlir bu hərəkətlər hamısı? Həyat yoldaşının kasıb olmasından? Xeyr, elə deyil, insanın təməli xarab olanda hansı həyat yaşamasından asılı olmayaraq, yolunu azır…

Axı, mənim də pulum yoxdur? Axı, mən də kredit və müəyyən borclarımı ödəyirəm deyə həyat yoldaşımın istədiyi həyatı ona yaşada bilmirəm, imkanım çatmır övladlarımın istədikləri oyuncaqları onlara alım, vaxt aşırı onları hansısa əyləncə mərkəzinə aparım… ola bilər ki, mənim də həyat yoldaşım belə narazı olub mənim bilmədiyim hər hansı bir qəbuledilməz hərəkət etsin? Ola bilərmi ki, o da məndən ayrılmaq istəsin amma bunu uşaqlara görə etməsin?.. bu fikirlərdən ürəyim sıxılır, sankı yerindən çıxacaq qədər tez-tez döyünməyə başlayır…

Məni fikirlərdən maşının qabaq sağ şüşəsini kiminsə döyməsi ayıldır… bayaqkı kişidir.

 – (gülümsəyərək öz pozitiv səsiylə) bağışla, bala, deyəsən narahat etdim səni

 – yox, buyurun…

 – bala, sifariş vermişəm, nəsə maşın ləngiyir, olar sifarişi sənə versinlər aparasan dayını, daha nə də olmasa tanışıq da… (gülür)

 – əlbəttə, bu dəqiqə…

Mən dispetçerə zəng edib sifarişi mənə ötürmələrini xahiş edirəm, ağsaqqal oturur maşına onu aparıram.

 – bacıoğlu, yaman gərginsən, bayaqdan heç düzəlməmisən, mən adam tanıyanam və məlumdur ki, sən bu işin adamı deyilsən. Deyirəm, gör həmin sərnişin səni necə əsəbiləşdiribsə, bayaqdan özünə gəlməmisən…

 – yox, xeyr, üzr istəyirəm, heç bir şey yoxdur, üzr istəyirəm, narahat olmayın… (istəyirəm onun fikrini yayındıram)

– bax bala, mənim altmış səkkiz yaşım var, mən bir çox yerlərdə işləyib müxtəlif insanlarla əlaqədə olmuşam, ağı qaradan, düzü səhvdən seçməyi yaxşı bacarıram. Yadımdadır, doxsanıncı illərin əvvəli idi, biz hamımız kasib yaşayırdıq amma mehriban idik, sonra insanların maddi vəziyyəti düzəldikcə bir-birimizə qarşı qəzəbimiz artdı. Bilirsən niyə elə oldu? İnsanları pul azdırdı, hər kəs pul qazanmaq barədə düşünür deyə mərifətli olmağı daha önəmsəmir. Ancaq camaat nə etsin, necəsə dolanmalıdırlar da… Valideynlər pul qazanmaq barədə düşünür deyə övladlarına lazımi tərbiyəni verməyə imkanları olmur, uşaqlar da necə gəldi böyüyürlər deyə kimdən nə alınırsa artıq göz qabağında olur…

– bəli elədir, razıyam sizinlə, ailədən başlayır hər şey…

  – ailə tərbiyəsi, oğul, çox mühüm məsələdir. Olduqca məsuliyyətlidir, buraxılmış hər hansı bir nöqsan və boşluq gələcəkdə böyük fəsadlara gətirib çıxara bilir. Amma təəssüflər olsun ki, bəzən valideynlər səy göstərsələr də düzgün tərbiyə etmirlər, çünki özlərində bu barədə çatışmazlıqlar olur… Bunu sənə niyə danışıram? Görürəm, qabiliyyətli oğlansan, hər hansı bir səbəbdən bu işlə məşğulsan, çalış insanları qınayanda dediklərimi nəzərə alıb düzgün təhlil edəsən. Mənim çox gözəl xatirimdədir on – on beş il əvvəl taksiyə minməkdəmən ötrü yol qırağına, küçəyə çıxmalı olurduq. Qısa bir yol getməkdən ötrü sürücünün təklif etdiyi qiyməti aşağı salıb daha ucuz getməyə çalışırdıq indi isə o yolu üç – dörd dəfə ucuz qiymətə gediriksə və maşın bizi gəlib biz olduğumuz ünvandan götürürsə nədən narazı olmalıyıq?..

Çatırıq ünvana, sərnişin maşını saxlamağıma baxmayaq enmir, söhbətini davam edir, mən də onu həvəslə dinləyirəm.

 – Gərək, indi biz indi bir-birimizə qarşı daha diqqətli olaq, daha hörmətlə yanaşaq. Bax, o 44 günlük müharibə müddətində necə hamı bir idi, necə hamı bir-birinə dəstək olmağa çalışırdı? Demək, istəyəndə edə bilirik də, demək bizim əsl üzümüz odur, bu deyil… elə müharibə demişkən, o müharibədə biz üç minə yaxın şəhid verdik, on minlərlə də qazimiz var, hansılar ki, canlı şəhid sayılırlar, əlavə olaraq öz canından keçməyə hazır olan, oradan sağ qayıtmacağını gözə alıb müharibəyə yollanan səksən min veteranlarımız var, bizim qələbə çalmağımızda onların hamısının rolu var, biz onlara borcluyuq, həmişə də borclu qalacağıq. Yəni deməyim odur ki, küçədə rastlaşdığımız insanların o adamlarla bağlılığının olması, yəni kimsə onların ailə üzvü, kimsə qohumu, kimsə dostu ola bilər, ən azından onlara görə, yəni onların xətrinə dəyməmək məqsədi ilə bir-birimizə qarşı hörmətlə yanaşmalıyıq. Ən azından bu məsələni nəzərə alıb bir-birimizə qarşı daha diqqətli olmalıyıq, çünki belə baxanda elə bütün ölkəmiz uzaqdan da olsa bir-biri ilə ya qohumdur ya da tanışdır. Axı, biz buna qadirik, bunu edə bilərik…

(hiss edirəm ki, qoca kişi danışdıqca dodaqları, yanaqları əsəbdən əsir, ona görə də söhbətə qarışıram)

– inanın ki, dediyiniz hər sözdə haqq var və inandırım sizi ki, nə vaxtsa hamı bunu anlayacaq, gəlin biz buna inanaq, inanaq ki, həyata keçsin…

(kişi mənim dediklərimə cavab olaraq heç bir söz demir, sağollaşıb maşından düşür)

Telefonuma zəng gəlir…(növbəti sifariş vermiş müştəridir)

– Ə, haradasan? Çox gözləməliyəm səni mən? Gəl, çıx da…

Nahid Tağıyev

Maliyyəçi, biznes təlimçi

Gundelik.az