İyul 8, 2026
Baku
Ədəbiyyat Kateqoriya seçilməyən Tarixdə bu gün

23 Mart – Bəstəkar, professor Əşrəf Abbasovun 105 illiyi, (1920-1992)

Yaşadığı mühitin varlığına nüfuz etməyən, müasirlərinin həyatı, arzu və istəkləri ilə yaşamayan sənətkarlar heç vaxt xalq tərəfindən sevilən əsərlər yarada bilməz. Əşrəf Abbasov daim axtaran, qəhrəmanının daxili aləminə nüfuz etməyi bacaran, onu sevib, düşünən, qurub- yaradan bir insandır.

C.Həsənova

Abbasov Əşrəf Cəlal oğlu – Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycanın Əməkdar incəsənət xadimi (1963), Azərbaycanın Xalq artisti, professor (1968). Əşrəf Cəlal oğlu 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi doğma şəhərində tamamlamış, 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. 1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti “Qaraca qız”ı yazmışdır. O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün “Konsertino”nun (1948), “Şuşa” (1945), “Gələcək gün” (1952), “Dramatik” (1953) simfonik poemalarının, “Səndən mənə yar olmaz” (1963), “Dağlar qoynunda” (1970) operettalarının, bir çox instrumental əsərin, xor, mahnı, romansın, həmçinin “Ü. Hacıbəyov və onun “Koroğlu” operası” (1956) və bir sıra başqa nəzəri əsərlərin və məqalələrin müəllifidir. Azərbaycanda ilk uşaq baletinin müəllifi, görkəmli bəstəkar Əşrəf Abbasovun anadan olmasından 95 il keçir. Üzeyir Hacıbəylinin xeyir-duası ilə bu sənətə gələn Əşrəf Abbasov unudulmaz müəlliminin çox ləyaqətli davamçısı olduğunu öz zəngin və dərin məzmunlu yaradıcılığı ilə təsdiq etmişdir. Ömrü boyu Şuşa musiqi mühitinin və Üzeyir Hacıbəylinin əsasını qoyduğu peşəkar bəstəkarlıq məktəbinin ənənələrini yaradıcı şəkildə davam etdirmişdir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında Əşrəf Abbasovun xidmətləri böyükdür. O, xalq musiqisinə yaradıcılıqla yanaşaraq, özünün yeni əlavələri ilə orijinal əsərlər yazmışdır. Eyni zamanda, klassik irsi dərindən mənimsəməsi, müasir musiqinin ən yaxşı nümunələrindən bəhrələnməsi onun əsərlərinin mükəmməlliyini təmin edən amillərdəndir. Odur ki, bəstəkarın əsərləri yüksək peşəkarlığı, bədii məzmunun aydınlığı, mövzularının müasirliyi, emosionallığı, səlis üslubu ilə diqqəti cəlb edir. Həmişə axtarışda olan bəstəkarın əsərləri janr müxtəlifliyi ilə də seçilmişdir. Əşrəf Abbasovun yaradıcılığında xüsusi yeri simfonik musiqi tutur. Bu sahəyə bəstəkar bütün yaradıcılığı boyu müraciət etmişdir. Onun simfonik orkestr üçün ilk əsəri tələbə ikən yazdığı “Rəqs süitası” olmuşdur. Aydın ifadə tərzinə, melodik zənginliyə və forma vəhdətinə malik bu əsər 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya incəsənəti ongünlüyündə böyük maraqla qarşılanmışdır. Əşrəf Abbasovun fortepiano ilə orkestr üçün “Konsert”, simfonik orkestr üçün “Konsertino”, “Şuşa”, “Gələcək gün”, “Dramatik poema”sı bəstəkarın ən kamil simfonik əsərlərindən sayılır. O, simfonik orkestr üçün süitalar da yazmışdır. Bəstəkarın yaradıcılıq zirvəsində duran “Qaraca qız” baleti həm də uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bu əsər S.S.Axundovun eyniadlı hekayəsi əsasında hazırlanmışdı. Librettonun müəllifi isə Xalq Artisti Əfrasiyab Bədəlbəyli idi. Müəllif “Qaraca qız”da milli xoreoqrafiya ilə klassik balet ənənələrinin gözəl vəhdətinə nail olmuşdur. O, hadisələrin dramatizmini və obrazların psixoloji səciyyəsini gərgin və parlaq harmonik ahənglər, tembr rəngarəngliyi, maraqlı polifonik vasitələr, xalq musiqi intonasiyalarından istifadə etmək yolu ilə vermişdir. Klassik balet ənənələrinin ən gözəl nümunələrindən biri olan bu səhnə əsərini təkcə uşaqlar deyil, böyüklər də maraqla seyr etmişlər. Zəngin yaradıcılığa malik Əşrəf Abbasovun musiqi bəstələdiyi mahnı və romanslar şeirlərin mətni ilə poetik vəhdət yaratmışdır. Onun M.Füzulinin, M.P.Vaqifin, M.Müşfiqin, A.Şaiqin sözlərinə yazdığı musiqilər həzinliyi, emosionallığı ilə dinləyicinin ruhunu oxşayır. “Heyran olmuşam”, “Oxu, bülbül”, “Qurban olduğum”, “Ceyranım, gəl”, “Gözəl yar”, “Qarabağın qızları” və digər romansları, mahnıları uzun illərdir ki, məhəbbətlə ifa edilir. Bəstəkarın “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” komediyalarına yazdığı musiqi ifadəliyi, coşqunluğu, lirizmi ilə seçilmişdir. O, tamaşa müəlliflərinin ideyalarını, obrazların xarakterini musiqinin dili ilə müvəffəqiyyətlə əks etdirmişdir. Əşrəf Abbasov instrumental musiqiyə də müraciət etmiş, skripka, violonçel, fortepiano, nəfəsli alətlər, kamera ansamblı, xalq çalğı alətləri orkestri, habelə xor üçün də əsərlər yazmışdır. Onun bir sıra əsərləri tədris proqramlarına daxil edilmişdir.  Bəstəkarlıqla yanaşı, elmi tədqiqatlarını və pedaqoji fəaliyyətini də ardıcıl davam etdirən Əşrəf Abbasov 1952-ci ildə Moskvada “Üzeyir Hacıbəyov və onun “Koroğlu” operası” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, Azərbaycan bəstəkarları arasında həm də ilk sənətşünaslıq namizədi olmuş, musiqişünaslarımızınbir çox elmi əsərlərini redaktə etmişdir. Əşrəf Abbasov müxtəlif illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, kafedra müdiri vəzifələrində çalışmışdır. Onun musiqi mədəniyyətimizin inkişafında xidmətləri layiqincə qiymətləndirilmiş və respublikamızın ən yüksək fəxri adlarına layiq görülmüşdür. Görkəmli bəstəkar, musiqişünas və pedaqoq, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, professor Əşrəf Abbasov 1992-ci ildə Bakıda vəfat etmişdir. Bütün ömrünü, istedadını, yaradıcılığını musiqimizin inkişafına həsr etmiş Əşrəf Abbasovun adı musiqi tariximizdə əbədi həkk olunmuşdur.

Gundelik.az