Ümumdünya Meteorologiya Günü 1950-ci ildən, yəni bu təşkilatın yaradılması barədə konvensiya qüvvəyə minəndən bəri ənənəvi olaraq hər il bir deviz altında keçirilir. Azərbaycan 1993-cü il sentyabrın 3-dən Ümumdünya Meteorologiya Təşkilatının üzvüdür. 1873-cü ilin sentyabrında Vyana şəhərində yaradılmış Ümumdünya Meteorologiya Təşkilatı ən qədim beynəlxalq təşkilatlardan biri olan Beynəlxalq Meteorologiya Təşkilatının sələfidir. 1951-ci ildən isə Birləşmiş Millətlər Təşkilatının Xüsusi Agentliyidir. Artıq Ümumdünya Meteorologiya Gününün hər il bir deviz altında keçirilməsi ənənəyə çevrilib.
2012-ci ilin mövzusu olan “Hava, iqlim və su gələcəyimizin aparıcı quvvəsidir” devizi isə hava, iqlim və su ilə əlaqədar təqdim olunan məlumatların sosial-iqtisadi sektorlar üçün müstəsna rolunu göstərmək üçün seçilmişdir. “Hava, iqlim və su gələcəyimizin aparıcı quvvəsidir” devizi Ümumdünya Meteorologiya Təşkilatının 16-cı Konqresində 2012-ci ildən başlayaraq İqlim Xidmətlərinin Qlobal Çərçivə Sisteminin (İXQÇS) yaradılmasına dair qəbul edilmiş qərarın icrası ilə bağlıdır. Bu Konqresdə İqlim Xidmətlərinin Qlobal Çərçivə Sisteminin 4 prioritet istiqaməti müəyyən edilmişdir: təbii fəlakət təsirlərinin minimuma endirilməsi, su resursları, səhiyyə və qida təhlükəsizliyi. Operativ və rejim xarakterli hidrometeoroloji məlumatlardan, proqnoz və xəbərdarlıqlardan iqtisadiyyatın ayrı-ayrı sahələrində, kənd təsərrüfatı, tikinti, aviasiya, gəmiçilik, energetika və s. sahələrdə istifadə edilməsi böyük səmərə verməklə, dayanıqlı inkişafı təmin edən amillərdəndir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən müşahidə şəbəkələri yeni cihaz və avadanlıqlarla, o cümlədən avtomat meteoroloji stansiyalarla təmin olunur. Bu da müşahidələrin keyfiyyət göstəriciləri ilə bərabər onların operativ ötürülməsini və istifadəsini təmin edir. Hava şəraitini idarə etmək mümkün olmasa da, mütəmadi olaraq müşahidələrin aparılması və daha yüksək dəqiqliklə qabaqcadan verilən proqnoz və xəbərdarlıqlar nisbətən əlverişli və təhlükəsiz həyat üçün zəmin yarada bilir. Bununla da təbii fəlakətlərin təsirlərinin nisbətən yumşaldılması məqsədilə iqtisadiyyatın bütün sahələrində keyfiyyətli hidrometeoroloji xidmətə təlabatın artması müşahidə olunur. Bu baxımdan da hidrometeorologiya xidmətlərinin rolu əvəzsizdir.
Gundelik.az
