Azərbaycan iqtisadiyyatında son illər baş verən dəyişikliklər ölkənin əsas gəlir mənbələri, ixrac strukturu, qeyri-neft sektorunun inkişafı və inflyasiya proseslərinin yenidən nəzərdən keçirilməsini zəruri edir. Neft və qaz sektoru iqtisadiyyatın əsas dayaqlarından biri olaraq qalmaqla yanaşı, mədən sənayesi, kənd təsərrüfatı, qida sənayesi və turizm kimi sahələrin də iqtisadi fəallıqda rolu artır.
Digər tərəfdən, inflyasiya həm qlobal, həm də daxili iqtisadi proseslərin təsiri ilə formalaşan mühüm makroiqtisadi göstəricilərdən biridir. Qiymət artımlarına xarici amillərlə yanaşı, daxili xərclərin strukturu, dövlət və hərbi xərclər, milli valyutanın məzənnəsi ilə bağlı gözləntilər və digər iqtisadi faktorlar təsir göstərə bilər.
Mövcud iqtisadi vəziyyəti, Azərbaycanın iqtisadiyyatının əsas dayaq nöqtələrini və inflyasiyanın formalaşmasına təsir edən amilləri daha ətraflı təhlil etmək məqsədilə Gundelik.az İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevlə müsahibə hazırlayıb.
Hazırda ölkə iqtisadiyyatının əsas dayaq nöqtələri hansılardır?
– Hazırda Azərbaycan iqtisadiyyatının əsasını neft və qaz məhsulları və onların ixracı təşkil edir. İxrac strukturuna nəzər saldıqda, təxminən 90 faizə yaxın hissənin neft-qaz məhsullarının payına düşdüyünü görürük.
Bununla yanaşı, neft sektorundan kənar sahələrə nəzər saldıqda, son dövrdə əsasən mədən sənayesinin, xüsusilə də qızıl hasilatının önə çıxdığını görürük. Eyni zamanda, kənd təsərrüfatı məhsulları arasında meyvəçilik və tərəvəzçilik də mühüm yer tutur. Son dövrdə texniki bitkilərin istehsalında da müəyyən artım müşahidə olunur.
Sənaye istehsalı, o cümlədən qida sənayesi də daxili istehsalda mühüm paya malikdir. Turizm isə son dövrdə Azərbaycan iqtisadiyyatının əsas prioritet sahələrindən birinə çevrilib. Beləliklə, iqtisadiyyatın əsasını neft-qaz sektoru təşkil etsə də, digər sahələrin inkişafı da iqtisadi şaxələndirmə baxımından mühüm əhəmiyyət daşıyır.
İnflyasiyanın artmasının əsas səbəbləri nədir və onu cilovlamaq üçün hansı mexanizmlər effektivdir?
– Ümumiyyətlə, inflyasiyanın formalaşmasına bir sıra amillər təsir göstərir. Burada həm xarici, həm də daxili amilləri nəzərə almaq lazımdır. Pulun alıcılıq qabiliyyəti də zaman keçdikcə qiymət artımları nəticəsində müəyyən qədər azalır və bütün ölkələrdə müxtəlif səviyyələrdə inflyasiyanın mövcudluğu normal iqtisadi proses hesab olunur.
İnflyasiya mülayim, sürətli və hiperinflyasiya kimi müxtəlif mərhələlərə ayrılır. Mülayim inflyasiya müəyyən həddə qədər iqtisadi aktivliyi stimullaşdırıcı xarakter daşıya bilər. Lakin yüksək və nəzarətdən çıxan inflyasiya iqtisadiyyat üçün ciddi problemlər yaradır.
İnflyasiyanın formalaşmasına əsas təsir göstərən amillərdən biri makroiqtisadi proseslər və qiymət artımlarıdır. Eyni zamanda, ölkə gəlirlərinin və xərclərinin strukturu da mühüm əhəmiyyət daşıyır. Xüsusilə xərclərin iqtisadi baxımdan səmərəliliyi aşağı olan sahələrə yönəldilməsi inflyasiya proseslərinə təsir göstərə bilər.
Bundan başqa, hərbiləşmiş iqtisadiyyatlarda hərbi xərclərin artması da inflyasiyaya təsir edən amillərdən biri ola bilər. İqtisadiyyatda süni gəlirlərin artırılması, devalvasiya ilə bağlı gözləntilər və narahatlıqlar, eləcə də xarici valyutaların milli valyutaya təsiri də müəyyən inflyasiya təzyiqləri yarada bilər.
Bu baxımdan inflyasiyanın cilovlanması üçün pul-kredit və fiskal siyasətin əlaqələndirilməsi, xərclərin səmərəli idarə olunması, bazarda rəqabət mühitinin qorunması və milli valyutaya olan etimadın gücləndirilməsi mühüm mexanizmlər hesab olunur.
