Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat, enerji və logistika sahələrində əməkdaşlığın dərinləşdiyi mühüm regional platformalardan birinə çevrilib. Şərqlə Qərbi birləşdirən strateji coğrafi mövqeyi, həyata keçirdiyi iri nəqliyyat və enerji layihələri, eləcə də balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan təşkilat daxilində təşəbbüskar ölkələrdən biri kimi çıxış edir.
Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların genişlənməsi, regional təhlükəsizlik məsələləri və üzv dövlətlər arasında siyasi koordinasiya TDT-nin gələcək fəaliyyətinin əsas istiqamətləri hesab olunur. Bununla yanaşı, təşkilatın qarşısında üzv ölkələrin fərqli xarici siyasət prioritetləri kimi müəyyən çağırışlar da mövcuddur.
Gundelik.az xəbər portalının bu və digər aktual suallarını tanınmış politoloq Çingiz Şahbazi cavablandırıb.
Son illər Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Sizcə, bu təşkilatın regional siyasətdə rolu necə dəyişir?
– Son illərdə Türk Dövlətləri Təşkilatı Avrasiyanın ən perspektivli regional əməkdaşlıq platformalarından birinə çevrilməkdədir. Təşkilat artıq yalnız ortaq tarix, dil və mədəni irs üzərində qurulan birlik deyil, eyni zamanda iqtisadi, nəqliyyat, enerji, rəqəmsallaşma və təhlükəsizlik sahələrində praktik əməkdaşlığı inkişaf etdirən mühüm mexanizm kimi çıxış edir. Bu istiqamətdə həyata keçirilən layihələr təşkilatın beynəlxalq nüfuzunu da artırır.
Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı mövqeyini necə qiymətləndirirsiniz?
– Azərbaycan bu təşkilatda xüsusi strateji mövqeyə malikdir. Ölkəmiz Şərqlə Qərbi, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən əsas tranzit ölkələrindən biridir. Orta Dəhlizin inkişafı, Xəzər dənizi üzərindən yükdaşımalarının genişləndirilməsi, yeni logistika mərkəzlərinin yaradılması Azərbaycanın təşkilat daxilində əhəmiyyətini daha da artırır. Bu üstünlüklər Bakını TDT-də təkcə fəal üzv deyil, həm də təşkilatın gündəliyinin formalaşmasına təsir edən əsas aktorlardan birinə çevirir.
Azərbaycanın həyata keçirdiyi xarici siyasət TDT çərçivəsində ölkəmizin roluna necə təsir göstərir?
– Son onillikdə Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, uğurlu enerji diplomatiyası və beynəlxalq nəqliyyat layihələrinə verdiyi töhfələr ölkəmizi Avrasiyanın geostrateji mərkəzlərindən birinə çevirib. Bu amillər Azərbaycanın TDT daxilində etibarlı tərəfdaş kimi qəbul edilməsinə və təşəbbüslərinin dəstəklənməsinə mühüm təsir göstərir.
TDT-nin inkişaf perspektivlərini yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşdırmaq olarmı?
– Xeyr. İqtisadi əməkdaşlıq təşkilatın əsas istiqamətlərindən biri olsa da, son illərdə siyasi dialoqun dərinləşdirilməsi və regional məsələlər üzrə koordinasiyanın gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Azərbaycan diplomatiyasının çevikliyi və müxtəlif beynəlxalq platformalarda qazandığı təcrübə bu proseslərdə ölkəmizin rolunu daha da artırır.
Təşkilatın gələcək inkişafı qarşısında hansı əsas çətinlikləri görürsünüz?
– Əsas məhdudiyyətlərdən biri üzv dövlətlərin xarici siyasət prioritetlərinin tam üst-üstə düşməməsidir. Ayrı-ayrı ölkələrin Rusiya, Çin, Avropa İttifaqı və digər qlobal güclərlə münasibətlərində fərqli yanaşmalar mövcuddur. Bu səbəbdən yaxın perspektivdə TDT-nin hərbi və ya klassik siyasi ittifaqa çevrilməsi real görünmür. Daha çox iqtisadi inteqrasiya və nəqliyyat əməkdaşlığı istiqamətində inkişaf edəcəyi ehtimalı yüksəkdir.
Belə bir şəraitdə Azərbaycanın prioritetləri nədən ibarət olacaq?
– Azərbaycan praqmatik siyasət yürüdən dövlətdir. Bakı təşkilatın fəaliyyətində ideoloji məsələlərdən daha çox real nəticə verən layihələrə üstünlük verir. Ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı, rəqəmsallaşma, enerji əməkdaşlığının gücləndirilməsi və logistika imkanlarının artırılması Azərbaycanın əsas prioritetləri olaraq qalacaq. Bu yanaşma həm üzv dövlətlərin maraqlarına cavab verir, həm də təşkilatın beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın TDT çərçivəsində fəaliyyətini daha geniş geosiyasi kontekstdə necə qiymətləndirirsiniz?
– Azərbaycanın TDT-də fəallığı yalnız türk dövlətləri arasında əlaqələrin inkişafına xidmət etmir. Bu siyasət həm də ölkəmizin Avrasiyanın dəyişən geoiqtisadi xəritəsində mövqeyini daha da möhkəmləndirməyə hesablanıb. Bakı bu təşkilatı regional əməkdaşlığın mühüm platforması kimi qiymətləndirir və burada həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli strateji maraqlarına tam uyğundur.
Sizcə, yaxın illərdə Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolu necə olacaq?
– Hesab edirəm ki, Azərbaycan gələcəkdə də TDT-nin ən fəal və təşəbbüskar üzvlərindən biri olaraq qalacaq. Bunun üçün ölkənin siyasi iradəsi, geostrateji mövqeyi və həyata keçirdiyi beynəlxalq layihələr kifayət qədər güclü əsas yaradır. Bununla yanaşı, təşkilatın gələcək uğuru yalnız Azərbaycanın siyasətindən deyil, üzv dövlətlərin ortaq maraqları uzunmüddətli strateji əməkdaşlığa çevirmək bacarığından da asılı olacaq.
Gundelik.az

