Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli Türk Dövlətləri Təşkilatı çərçivəsində QHT-lər arasında əməkdaşlığın gələcək perspektivlərini dəyərləndirib. O qeyd edir ki, türkdilli ölkələr arasında vətəndaş cəmiyyəti institutlarının birgə layihələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin dərinləşməsi və regional humanitar təşəbbüslərin koordinasiyasının gücləndirilməsi yaxın illərdə QHT əməkdaşlığını daha da strateji səviyyəyə qaldıracaq.
Gundelik.az ın Tük Dövlətləri Təşkilatı daxilində QHT əməkdaşlığının gələcək prespektivlərinin necə görürsünüz? sualına da sədr İskəndərli aydınlıq gətirdi:
– “Türk Dövlətləri Təşkilatı çərçivəsində QHT əməkdaşlığının gələcək prespektivləri kifayət qədər aydındır və artıq davam edən proseslər bu istiqamətdə yeni mərhələyə keçidin başlandığını göstərir. Naxçıvanda qəbul edilən Birgə Bəyannamə TDT məkanında ortaq fəaliyyətin real institusional çərçivəyə salındığını təsdiqləyir.
Biz hesab edirik ki, Türk dövlətləri arasında ictimai diplomatiyanın güclənməsi artıq təkcə mədəni və humanitar əlaqələrin deyil, ümumi inkişaf gündəliyinin də vacib tərkib hissəsinə çevrilib. QHT-lərin tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti, gənclər və gender sahələrində birgə qrant proqramları elan etməsi, habelə müştərək təşəbbüslərin beynəlxalq platformalarda koordinasiyalı təqdim olunması TDT üçün yeni imkanlar açır. Prezident İlham Əliyevin son nitqlərində bu istiqamətlər açıq şəkildə vurğulanıb.
Türk dünyasında QHT sektoru artıq lokallıq mərhələsini çoxdan geridə qoyub və qlobal qərarvermə proseslərinə təsir edə bilən vahid səs formalaşdırmaq potensialına malikdir.
Gundelik.az

