Müasir dövrdə türk dünyasında inteqrasiya proseslərinin dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi və gənclik siyasətinin yeni çağırışlara uyğun formalaşdırılması aktual mövzular sırasındadır. Bu istiqamətdə Azərbaycan həm təşəbbüskar, həm də aparıcı mövqedən çıxış edərək regional və qlobal miqyasda mühüm platformaların formalaşmasına töhfə verir.
Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü və Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov ilə apardığımız müsahibədə türk dövlətləri arasında vətəndaş cəmiyyəti əməkdaşlığının perspektivləri, birgə layihələrin institusional mexanizmləri, Azərbaycan QHT sektorunun gələcək inkişaf mərhələləri və gənclərin peşəkar yüksəliş imkanları ətrafında geniş müzakirə aparılıb.
Müsahibədə həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən təşəbbüslərin ictimai diplomatiya müstəvisində rolu, Azərbaycanın bu proseslərdəki aparıcı mövqeyi və formalaşan yeni əməkdaşlıq platformalarının region üçün yaratdığı imkanlar ətraflı şəkildə şərh olunur.
Türk dövlətləri arasında QHT-lərin birgə layihələr həyata keçirməsi üçün hansı institusional imkanlar yaradılmalıdır?
– Şübhəsiz ki, bu gün Türk Dövlətləri Təşkilatı getdikcə güclənən və xüsusilə Avrasiya qitəsində ciddi geosiyasi əhəmiyyətə malik bir beynəlxalq təşkilat formasını alır. Təşkilata üzv ölkələrin iştirakı ilə Avrasiya məkanında mühüm inteqrasiya layihələri reallaşdırılır. Bu layihələrin əsas istiqamətlərini enerji və beynəlxalq nəqliyyat-logistika sahələri təşkil etsə də, digər sahələrdə də Türk Dövlətləri Təşkilatının fəal iştirakı müşahidə olunur.
Bütün bu proseslərin əsas məqsədi türk dünyasında həmrəyliyin daha da dərinləşdirilməsi, əməkdaşlığın möhkəmləndirilməsi və üzv ölkələrin potensialının artırılmasıdır. Dövlətlərarası əməkdaşlıq kifayət qədər inkişaf etsə də, etiraf etməliyik ki, vətəndaş cəmiyyəti institutları arasında əlaqələr nisbətən zəif olub. Bu boşluğun aradan qaldırılması istiqamətində Azərbaycan lokomotiv rolunu oynayır.
Azərbaycanın təşəbbüsü ilə müxtəlif illərdə Azərbaycan–Türkiyə, Azərbaycan–Özbəkistan və Azərbaycan–Qazaxıstan QHT-lərinin iştirakı ilə ikitərəfli və çoxtərəfli forumlar keçirilib. 2025-ci il noyabrın 24-də isə türk dünyası tarixində ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə Birinci Əməkdaşlıq Forumu təşkil olundu. Forumun davamı olaraq noyabrın 25-də Naxçıvan şəhərində TDT-yə üzv ölkələrin QHT Platforması təsis edildi.
Platformanın idarə olunması üçün məsul struktur kimi Baş Katiblik yaradıldı və onun daimi əsaslarla Bakı şəhərində fəaliyyət göstərməsi qərara alındı. Hazırda Türk Dövlətləri Təşkilatında Azərbaycanın sədrliyi nəzərə alınaraq, Baş Katibin Azərbaycan tərəfindən təyin olunması və bu vəzifənin mənə həvalə edilməsi də ölkəmizə göstərilən etimadın göstəricisidir.
Birgə layihələrin icrası üçün konkret olaraq hansı mexanizmlər nəzərdə tutulur?
– Birgə layihələrin həyata keçirilməsi platformanın müəyyən etdiyi istiqamətlər üzrə fəaliyyətlərin effektivliyini artırmaq baxımından son dərəcə vacibdir. Bu məqsədlə Azərbaycan tərəfindən bir sıra təşəbbüslər irəli sürülüb. Xüsusilə birgə qrant müsabiqələrinin elan olunması bu təşəbbüslərin əsasını təşkil edir.
Planlaşdırılır ki, Azərbaycan–Türkiyə, Azərbaycan–Özbəkistan və Azərbaycan–Qazaxıstan QHT-lərinin iştirakı ilə ortaq qrant müsabiqələri keçirilsin. Bu yanaşma fəaliyyətlərin koordinasiyalı şəkildə icrasına, ortaq maraqların qorunmasına və hər bir tərəf üçün актуal məsələlərin birgə həllinə imkan yaradacaq.
Bu gün Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi fəaliyyət göstərir. Türkiyə və Özbəkistanda da analoji strukturlar mövcuddur, Qazaxıstanda isə bu mexanizm bir qədər fərqli olsa da, mahiyyət etibarilə QHT sektoruna maliyyə və institusional dəstək verən institutlar mövcuddur. Bizim əsas məqsədimiz bu institutlar arasında əlaqələri genişləndirərək vahid resurs mexanizmi formalaşdırmaqdır.
Hazırda Özbəkistanla bu istiqamətdə konkret danışıqlar aparılır. Mövcud çərçivələri bir araya gətirməklə, oxşar komponentlər üzrə unifikasiya edilmiş, hər iki tərəfin simvolik maliyyə iştirakı ilə birgə qrant müsabiqələrinin elan olunması nəzərdə tutulur.
Gələcək dövrdə Azərbaycan QHT sektorunu və gənclik təşkilatlarını hansı əsas inkişaf mərhələləri gözləyir?
– Şübhəsiz ki, sadaladığımız bütün bu təşəbbüslər Azərbaycan QHT sektorunu tamamilə yeni bir müstəviyə çıxarır. Azərbaycan vaxtilə Qlobal Cənub Platformasının yaradılmasını fəal şəkildə təşviq etmişdi və 2025-ci ilin may ayında bu təşəbbüs reallaşdı. Bu gün yüzdən artıq ölkənin QHT-lərini bir araya gətirən Qlobal Cənub Platforması uğurla fəaliyyət göstərir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platforması da bu model əsasında formalaşıb. Hər iki platformanın Katibliyinin Bakı şəhərində daimi əsaslarla fəaliyyət göstərməsi Azərbaycan vətəndaş cəmiyyəti institutlarına olan beynəlxalq etimadın və onların qazandığı nüfuzun bariz göstəricisidir.
Bu platformalar Azərbaycan QHT-lərinin beynəlxalq səviyyədə fəaliyyət imkanlarını daha da genişləndirir və ölkəmizin vətəndaş cəmiyyəti institutlarını qlobal miqyasda daha fəal aktora çevirir.
Azər müəllim, şəxsiyyəti və prinsipləri qoruyaraq karyera qurmaq və peşəkar yüksəliş əldə etmək müasir dövrdə mümkündürmü? Sizcə, bu uğura aparan əsas yol hansıdır?
– Bəli, tam əminliklə deyə bilərəm ki, bu mümkündür və bunun çoxsaylı real nümunələri var. Azərbaycanda “Yüksəliş” müsabiqəsi və digər dövlət proqramları gənclər üçün geniş imkanlar yaradır. Oxşar təşəbbüslər Özbəkistanda və digər türk dövlətlərində də həyata keçirilir.
Burada əsas amillər zəhmətsevərlik, öz üzərində davamlı çalışma, peşə bacarıqlarının və bilik bazasının artırılmasıdır. Şəxsi təcrübəmdən deyə bilərəm ki, uzun illər gənclər hərəkatında, gənclər təşkilatlarının idarə olunmasında və 14 il Gənclər və İdman Nazirliyində çalışdığım dövrdə çoxsaylı gənclərin uğur yoluna şahid olmuşam.
Zamanında təlimlərdə və proqramlarda iştirak edən gənclərin bu gün yüksək dövlət vəzifələrində, eləcə də beynəlxalq təşkilatlarda təmsil olunması sevindirici və qürurverici haldır. Rəhbərlik etdiyim təşkilatlarda çalışmış insanların bu gün xarici ölkələrdə və beynəlxalq strukturlarda fəaliyyət göstərməsi də bu fikirləri təsdiqləyən real nümunələrdir.
Gundelik.az

