Yaxın Şərqdə artan geosiyasi gərginlik, xüsusilə İran–ABŞ qarşıdurması fonunda region ölkələrinin mövqeyi daha da həssas xarakter alır. Bu mürəkkəb siyasi mənzərədə Azərbaycan həm coğrafi, həm də geosiyasi baxımdan olduqca incə və balans tələb edən bir mövqedə dayanır. Müxtəlif güc mərkəzləri arasında münasibətləri tənzimləmək, milli maraqları qorumaq və regionda sabitliyə töhfə vermək Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri kimi çıxış edir.
Mövcud vəziyyət və Azərbaycanın bu proseslərdə tutduğu mövqe ilə bağlı Gundelik.az xəbər portalı tanınmış politoloq Çingiz Şahbazi ilə həmsöhbət olub.
İran–ABŞ qarşıdurması fonunda Azərbaycanın mövqeyini necə qiymətləndirmək olar?
– Azərbaycanın mövqeyi olduqca həssas və mürəkkəbdir. Bu vəziyyəti şərti olaraq “iki od arasında qalmaq” kimi də xarakterizə etmək olar. Azərbaycan həm İranla qonşuluq münasibətlərinə, həm ortaq dini və mədəni dəyərlərə, həm də milli və mənəvi bağlara malikdir. Digər tərəfdən isə Qərb ölkələri və İsraillə müxtəlif sahələrdə əməkdaşlıq edir. Bu səbəbdən ölkəmiz balanslaşdırılmış və neytral siyasət yürütməyə üstünlük verir.
Azərbaycanın rəsmi mövqeyi nədən ibarətdir?
– Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç bir halda İrana qarşı hərbi məqsədlər üçün istifadə olunmayacaq. Bu, Azərbaycanın prinsipial və dəyişməz mövqeyidir. Eyni zamanda rəsmi Bakı diplomatik kanallar vasitəsilə həm Tehranla əlaqələri davam etdirir, həm də münaqişənin sülh yolu ilə həllinə çağırışlar edir. Bu yanaşma Azərbaycanın müharibədə iştirak etmək niyyətində olmadığını açıq şəkildə göstərir.
İranla münasibətlərin mürəkkəbliyinə baxmayaraq bu siyasətin səbəbləri nədir?
– Doğrudur, son dövrlərdə İranın Azərbaycana münasibəti, xüsusilə postmünaqişə mərhələsində, hər zaman müsbət olmayıb. Lakin bir sıra mühüm amillər mövcuddur. Azərbaycan və İran arasında uzun sərhəd xətti var və bu sərhədin o tayında – Cənubi Azərbaycanda milyonlarla etnik azərbaycanlı yaşayır. Bundan əlavə, iki ölkə arasında iqtisadi, logistik və ticarət əlaqələri də mövcuddur. Bütün bunlar ehtiyatlı və ölçülmüş siyasəti zəruri edir.
Azərbaycanın beynəlxalq tərəfdaşları bu mövqeyi necə qiymətləndirir?
– ABŞ, İsrail və Avropa ölkələri yaxşı anlayırlar ki, İranla mümkün münaqişə fonunda Azərbaycan hərbi platformadan daha çox enerji və logistika tərəfdaşı kimi önəmlidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və eyni zamanda İsraillə də enerji əməkdaşlığı mövcuddur. Bundan başqa, ölkəmiz regionda mühüm tranzit və logistika qovşağıdır.
Azərbaycan–İsrail münasibətləri İranı narahat edən əsas faktor hesab oluna bilərmi?
– Bəli, müəyyən mənada bu amil İran üçün həssas mövzulardandır. Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq mövcuddur. Bu səbəbdən İran mediasında tez-tez Azərbaycana qarşı müxtəlif iddialar səsləndirilir. Lakin indiyədək Azərbaycanın ərazisinin hər hansı hücum üçün istifadə edilməsi ilə bağlı konkret sübut təqdim olunmayıb.
Regionda digər geosiyasi faktorlar bu münasibətlərə necə təsir edir?
– Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı, Zəngəzur dəhlizi və ümumilikdə Türk dünyası ilə inteqrasiya məsələləri də İranın narahatlıq duyduğu məqamlar sırasındadır. Bəzi radikal dairələr Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirir və ölkəmizi Qərb-İsrail blokunun bir hissəsi kimi təqdim etməyə çalışırlar. Lakin bunlar əsassız iddialardır və daha çox təxribat xarakteri daşıyır.
Azərbaycanın hazırkı siyasətini necə xarakterizə edərdiniz?
– Azərbaycan hazırda “aktiv neytrallıq” siyasəti yürüdür. Yəni ölkə bir tərəfdən Qərblə münasibətlərini qoruyur və inkişaf etdirir, İsraillə əlaqələrini saxlayır, digər tərəfdən İranla açıq qarşıdurmadan qaçır. Paralel olaraq Türkiyə ilə strateji müttəfiqliyini gücləndirir və regionda digər güclərlə, o cümlədən Rusiya ilə münasibətlərdə balansı qorumağa çalışır.
Bu vəziyyət Azərbaycana hansı imkanları yarada bilər?
– Hər bir geosiyasi böhran eyni zamanda müəyyən imkanlar da yaradır. Əgər regionda qüvvələr balansı dəyişərsə, bu, Azərbaycan üçün yeni siyasi və iqtisadi dividendlər qazandırmaq imkanı yarada bilər. Ölkəmizin enerji və logistika baxımından əhəmiyyəti daha da arta bilər. Lakin əsas məsələ bu proseslərdə riskləri düzgün idarə etmək və milli maraqları qorumaqdır.
Mövcud geosiyasi şəraitdə Azərbaycanın seçdiyi balanslaşdırılmış və ehtiyatlı siyasət regionda sabitliyin qorunmasına xidmət edir. Aktiv neytrallıq yanaşması ölkəyə həm risklərdən yayınmaq, həm də yaranan fürsətləri dəyərləndirmək imkanı verir.

