Gundelik.az Siyasət Ərzaq böhranı qapıdadır: ekspertlər nə deyir?
Siyasət Xəbərlər

Ərzaq böhranı qapıdadır: ekspertlər nə deyir?

Qlobal miqyasda baş verən geosiyasi gərginliklər və regional münaqişələr dünya iqtisadiyyatına getdikcə daha ciddi təsir göstərməkdədir. Xüsusilə Yaxın Şərqdə baş verən hadisələr enerji və ərzaq bazarlarında dərin sarsıntılar yaradaraq yeni iqtisadi çağırışlar formalaşdırır. Mövzunu daha ətraflı təhlil etmək üçün Gundelik.az xəbər portalının suallarını politoloq, elmlər doktoru Elşad Mirbəşiroğlu cavablandırır.

 Bu gün dünyada müşahidə olunan iqtisadi prosesləri necə qiymətləndirirsiniz? Artıq qlobal böhran mərhələsindəyikmi?
– Bəli, bu gün dünyada artıq ciddi iqtisadi böhranın əlamətləri açıq şəkildə müşahidə olunmaqdadır. Qlobal iqtisadi böhranın sürətlənməsinin əsas səbəbi kimi Yaxın Şərqdə baş verən müharibəni göstərmək olar. Lakin qeyd etməliyik ki, bu münaqişədən əvvəl də həm enerji, həm də ərzaq sektorunda müəyyən narahatlıq doğuran tendensiyalar mövcud idi. Eyni zamanda, Ukraynadakı münaqişə də Avropanın enerji bazarına əhəmiyyətli təsir göstərmişdi. Bununla yanaşı, Yaxın Şərq enerji resurslarına tələbatın artması da müşahidə olunurdu.

– Yaxın Şərqdə baş verən hadisələrin enerji sektoruna təsiri nədən ibarətdir?
– İran ətrafında baş verən hadisələr körfəz ölkələrinin enerji sektoruna ciddi zərər vurub. Halbuki həmin ölkələr dünya bazarının əsas enerji təchizatçılarıdır. Enerji daşıyıcıları iqtisadiyyatın hərəkətverici qüvvəsidir və bu sahədə yaranan böhran getdikcə daha ciddi sosial-iqtisadi problemlərin meydana çıxmasına səbəb olacaq.

– Ərzaq böhranı ilə bağlı səsləndirilən proqnozları necə dəyərləndirirsiniz?
– Təəssüf ki, bu, yalnız başlanğıcdır. Dünyada daha dərin ərzaq böhranının yaranacağı artıq ekspertlər tərəfindən də proqnozlaşdırılır. Bunun əsas səbəbləri Yaxın Şərqdəki münaqişə, enerji infrastrukturlarının zərər görməsi, logistika imkanlarının məhdudlaşması və ümumi qeyri-müəyyənlikdir. Xüsusilə Hörmüz boğazı və Qırmızı dənizdə yaranan problemlər həm enerji, həm də ərzaq daşımalarına ciddi təsir göstərir.

– Körfəz ölkələrində enerji infrastrukturu hansı vəziyyətdədir?
– Mövcud vəziyyət kifayət qədər mürəkkəbdir. Səudiyyə Ərəbistanı, Küveyt və Qətərdə həm neft, həm də qaz emalı infrastrukturları ciddi zərər görüb. Məsələn, Qətərdə sıxılmış qaz istehsalı zavodu istehsal gücünü 17 faiz azaltmaq məcburiyyətində qalıb. Bu infrastrukturların tam bərpası uzun illər və böyük maliyyə vəsaiti tələb edir.

– Müharibə dayandırılsa belə, bu böhranın təsirləri davam edəcəkmi?
– Şübhəsiz. Hətta müharibə yaxın dövrdə dayandırılsa belə, körfəz ölkələrində enerji sektorunun bərpası üçün təxminən 5 ilə qədər zaman lazım olacaq. İlkin hesablamalara görə, bu proses üçün təxminən 25 milyard dollar vəsait tələb olunur. Bu isə böhranın uzunmüddətli xarakter daşıyacağını göstərir.

– Enerji qiymətləri ilə bağlı gözləntilər nədir?
– Proqnozlara görə, neftin bir barelinin qiyməti 130–140 dollar civarında 2026-cı ilin sonuna qədər qalacaq. 2027-ci ildə də bu prosesin mənfi təsirləri davam edəcək. Bu isə enerji və ərzaq qıtlığının daha da dərinləşməsinə səbəb olacaq.

– Kənd təsərrüfatı və gübrə istehsalı bu vəziyyətdən necə təsirlənir?
– Kənd təsərrüfatında istifadə olunan gübrələrin əksəriyyəti təbii qaz əsasında istehsal olunur. Məsələn, geniş istifadə olunan kükürdün artıq qlobal miqyasda çatışmazlığı müşahidə edilir və qiyməti sürətlə artır. Bu isə nəticədə kənd təsərrüfatı məhsullarının bahalaşmasına və insanların gündəlik xərclərinin artmasına gətirib çıxarır.

– Mövcud vəziyyətin psixoloji və investisiya mühitinə təsiri nədir?
– Yaxın Şərqdəki qeyri-müəyyənlik investorların davranışına da təsir edir. Onlar daha ehtiyatlı mövqe tuturlar və bu da bölgəyə sərmayə axınının azalmasına səbəb olur. Bu təsirlər bir neçə il davam edə bilər.

– 2030-cu ilə qədər dünyada hansı sosial-iqtisadi proseslər gözlənilir?
– 2030-cu ilə qədər dünyada ciddi sosial-iqtisadi problemlərin yaranması ehtimalı yüksəkdir. Bu, geniş miqrasiya proseslərini stimullaşdıracaq. Xüsusilə Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələrində yaşayan insanlar daha yaxşı həyat şəraiti üçün Avropa və Amerikaya üz tutmağa məcbur ola bilərlər.

– Bu problemlərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
– Bunun üçün qlobal səviyyədə koordinasiyalı tədbirlərin görülməsi vacibdir. Lakin hazırda bu imkanlar məhduddur. Çünki aparıcı dövlətlər, xüsusilə ABŞ, daha çox öz geosiyasi maraqlarını üstün tuturlar. Eyni zamanda, ticarət müharibələri və tarixi qarşıdurmalar davam edir. Bu isə dünya iqtisadiyyatına mənfi təsir göstərərək insanların sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdırır.

Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version