Bu gün dünyanın diqqəti ABŞ prezidenti Donald Trumpın xalqa edəcəyi müraciətə yönəlib. İranla bağlı hərbi gərginlik, enerji böhranı, daxili siyasi təzyiqlər və artan etirazlar fonunda bu çıxışın hansı mesajları verəcəyi böyük maraq doğurur.
ABŞ-da baş verən kütləvi etiraz aksiyaları, yanacaq qiymətlərinin artması və seçkiöncəsi siyasi gərginlik Tramp administrasiyasını çətin vəziyyətə salıb. Digər tərəfdən, İranla bağlı müharibənin qısa müddətdə bitəcəyi ilə bağlı səsləndirilən fikirlər də ciddi müzakirə mövzusuna çevrilib.
Bəs Trampın bu müraciətində nə gözlənilir? Müharibənin bitməsi ilə bağlı konkret tarix açıqlanacaqmı? Bu, reallıqdır, yoxsa ictimai rəyi sakitləşdirməyə hesablanmış siyasi gedişdir?
Mövzu ilə bağlı Gundelik.az xəbər portalına açıqlama verən elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu məsələyə aydınlıq gətirir.
Trampın bu gün gözlənilən müraciəti ABŞ cəmiyyəti və dünya üçün hansı mesajları verə bilər və bu çıxışda İranla bağlı müharibənin taleyi ilə bağlı nə kimi qərarlar açıqlana bilər?
ABŞ prezidenti Donald Trumpın xalqa gözlənilən müraciəti həm Amerika cəmiyyətində, həm də dünya miqyasında böyük maraqla gözlənilir və artıq bu çıxış ətrafında müxtəlif təhlillər aparılır. Bu müraciətdən əsas gözləntilərin nədən ibarət ola biləcəyi xüsusi diqqət mərkəzindədir.
Xatırlatmaq yerinə düşər ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranda müharibənin 2–3 həftə ərzində başa çatacağını bildirmiş, eyni zamanda İranla aparılan danışıqların nəticəsindən asılı olmayaraq münaqişənin bitəcəyini vurğulamışdır. Ehtimal etmək olar ki, qarşıdakı müraciətdə də məhz bu məsələ – müharibənin bitmə tarixi və mümkün qərarlarla bağlı mövqe açıqlana bilər. Lakin bu, heç də müharibənin həqiqətən də 2–3 həftə ərzində başa çatacağı anlamına gəlmir. Çünki indiyədək müşahidə olunan təcrübə göstərir ki, Tramp bir çox hallarda əvvəlki bəyanatlarının əksinə addımlar atmış və qərarlarını tez-tez dəyişmişdir.
Digər tərəfdən, ABŞ-ın müxtəlif ştatlarında milyonlarla insanın iştirakı ilə keçirilən etiraz aksiyaları da diqqətdən kənarda qalmır. “Krallara yox” şüarı ilə yadda qalan bu aksiyalar göstərir ki, cəmiyyətdə narazılıq artmaqdadır. Seçkilər ərəfəsində belə bir vəziyyətin mövcudluğu Tramp administrasiyası üçün ciddi siqnal hesab olunur. Bu baxımdan ehtimal etmək olar ki, prezident müraciətində cəmiyyəti narahat edən məsələlərə də toxunacaqdır.
Xüsusilə yanacaq qiymətlərinin sürətlə artması ABŞ iqtisadiyyatına ciddi təzyiq göstərir. Əhali və biznes bu vəziyyətdən ciddi şəkildə təsirlənir. Tramp isə bəyan etmişdir ki, müharibə başa çatdıqdan sonra yanacağın qiymətləri sürətlə aşağı düşəcək. Onun İranda müharibənin 2–3 həftəyə bitəcəyini deməsi də müəyyən mənada cəmiyyəti sakitləşdirməyə yönəlmiş addım kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, Trampın gələcək üçün administrasiyasının siyasi imicini qorumaq məqsədilə müəyyən mesajlar verəcəyi də istisna olunmur. Əgər o, qeyd etdiyi kimi yaxın həftələrdə İrandan geri çəkilməyi planlaşdırırsa, bu qərarın əsaslandırılması üzərində də düşünmüş ola bilər. Trampın sözlərinə görə, ABŞ-ın əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaq idi və bu hədəfə artıq nail olunub.
Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, müharibənin ilk mərhələsində Tramp İran rejiminin dəyişdirilməsinin əsas hədəflərdən biri olduğunu açıq şəkildə bəyan edirdi. Hətta İran xalqına müraciət edərək hakimiyyəti ələ almağa çağırırdı. Hazırda isə o, rejim dəyişikliyinin prioritet olmadığını bildirir. Bu ziddiyyətli yanaşma Trampın taktiki gedişi kimi də qiymətləndirilə bilər. Bu, həm İranı, həm də beynəlxalq siyasi dairələri müəyyən mənada arxayınlaşdırmaq və gələcək addımlar üçün manevr imkanlarını genişləndirmək məqsədi daşıya bilər.
Mövcud reallıqlar göstərir ki, ABŞ daxilində siyasi gərginlik artmaqdadır. Respublikaçıların mövqeləri zəifləyir, Trampın reytinqi isə təxminən 33–34 faiz səviyyəsinə enib. Bu amil də onun siyasi strategiyasına təsirsiz ötüşmür. Digər tərəfdən, noyabrda keçiriləcək praymeriz seçkiləri fonunda demokratların üstünlük qazanmaq ehtimalı yüksək qiymətləndirilir. Bu halda Trampa qarşı ciddi siyasi ittihamların irəli sürülməsi üçün zəmin formalaşa bilər.
Bu baxımdan ehtimal etmək olar ki, Tramp gözlənilən müraciətində münaqişənin tezliklə başa çatacağını vurğulayacaq və bu bəyanatla ictimai rəyi sakitləşdirməyə çalışacaq. O, həmçinin danışıqların nəticəsindən asılı olmayaraq müharibənin bitəcəyini bildirərək cəmiyyətə müəyyən təminat verməyə çalışır.
Digər mühüm məsələ isə Hörmüz boğazı ilə bağlıdır. Tramp bəyan etmişdir ki, bu boğazın açılması ABŞ-ın birbaşa vəzifəsi deyil və ondan istifadə edən ölkələr bu məsələni özləri həll etməlidirlər. Lakin nəzərə almaq lazımdır ki, məhz ABŞ-ın İrana qarşı hərbi əməliyyatları nəticəsində boğaz bağlanmış və bu, körfəz ölkələri ilə yanaşı, enerji təchizatında bu marşrutdan asılı olan digər dövlətlərə də ciddi zərər vurmuşdur.
Yekun olaraq qeyd etmək olar ki, Trampın gözlənilən müraciətində ABŞ-ın İranda əldə etdiyi hərbi və siyasi nəticələr “qələbə” kimi təqdim edilə, İranın nüvə proqramının dayandırıldığı vurğulana və ABŞ-ın regiondakı mövqelərinin gücləndiyi bildirilə bilər. Bütün bunlar, ehtimal ki, növbəti mərhələdə mümkün geri çəkilmə qərarını əsaslandırmaq və həm daxili auditoriyada, həm də siyasi opponentlər arasında əlavə sualların yaranmasının qarşısını almaq məqsədi daşıyacaqdır.
Ziyalə Əhmədli

