2026–2027-ci tədris ilinin başlanması ilə Azərbaycan təhsil sistemində bir sıra yeniliklər və dəyişikliklər gündəmə gəlir. Təmayüllü təhsilin genişləndirilməsi, rəqəmsal məktəb modelinin inkişafı, şagird yerdəyişmələrinin elektronlaşdırılması, yeni dərsliklərin hazırlanması və məktəb infrastrukturunun yenilənməsi bu istiqamətdə diqqət çəkən məsələlərdəndir. Bununla yanaşı, təhsilin keyfiyyəti, məktəblər arasındakı fərqlər, repetitorluq xərcləri, ali məktəblərə qəbul təzyiqi və əmək bazarının tələblərinə uyğun ixtisas seçimi kimi problemlər də aktual olaraq qalır.
Digər tərəfdən, 2026-cı ilin sonuna yaxın ölkənin sosial-iqtisadi vəziyyəti də cəmiyyətin diqqətindədir. İqtisadi artım göstəriciləri ilə yanaşı, qiymətlərin yüksəlməsi, real gəlirlərin vəziyyəti, məşğulluq, mənzil təminatı, sosial ədalət və keyfiyyətli xidmətlərə çıxış kimi məsələlər vətəndaşların gündəlik həyatına birbaşa təsir göstərir.
Bəs qarşıdakı dövrdə təhsil və sosial-iqtisadi sahələrdə hansı dəyişikliklər gözlənilir? Mövcud addımlar real nəticələrə çevrilə biləcəkmi? Gundelik.az-ın bu və digər aktual suallarını tanınmış politoloq Çingiz Şahbazi cavablandırır.
Çingiz müəllim, 2026–2027-ci tədris ilində təhsil sahəsində hansı dəyişiklikləri xüsusilə qeyd etmək olar?
– 2026–2027-ci tədris ilində diqqət çəkən dəyişikliklər, əlbəttə ki, olacaq. Əsas istiqamətlərdən biri təmayüllü təhsilin ölkəmizdə genişləndirilməsidir. Şagirdlərin maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təhsil modelinin tətbiqinə xüsusi diqqət yetirilir. Bakı şəhərində yeni təmayül istiqamətləri üzrə artıq 7 mindən çox şagird müraciət edib.
Bununla yanaşı, şagird yerdəyişmələrinin elektronlaşdırılması da mühüm yeniliklərdəndir. Bunlar rəqəmsal məktəb modelinin inkişafı istiqamətində həyata keçirilən dəyişikliklərin bir hissəsidir. Bu istiqamətdə işlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Hazırda Bakıdakı 354 dövlət məktəbində rəqəmsal platformalardan istifadə edilir və 900 mindən çox istifadəçi bu sistemlərdən yararlanır.
Dərsliklərlə bağlı da müəyyən yeniliklər həyata keçirilir. Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?
– Dərslik və metodik vəsaitlərin yenilənməsi davamlı prosesdir. Mütəmadi olaraq yeni və yenilənmiş dərsliklər hazırlanır. Ötən tədris ilində 49 adda dərslik və metodik vəsait üzrə iş aparılıb, 6 milyondan çox dərslik çap edilərək məktəblərə çatdırılıb.
Eyni zamanda, respublika üzrə məktəblərin tikintisi və təmiri də davam etdirilir. Yəni təhsil sisteminin həm rəqəmsal, həm maddi-texniki, həm də metodik bazasının gücləndirilməsi istiqamətində müəyyən işlər görülür.
Müəllimlərlə bağlı yeni qaydalar da gündəmdədir. Sizcə, bu dəyişikliklər hansı nəticələri verə bilər?
– Müəllim təhsil sisteminin əsas fiqurlarından biridir. Bu baxımdan müəllimlərlə bağlı yeni qayda və tələblərin müəyyənləşdirilməsi təhsil prosesinin keyfiyyətinə təsir edə bilər. Dövlət məktəblərində müəllimlərin geyiminə dair tələblərin müəyyənləşdirilməsi ilə bağlı qanunvericilik dəyişikliyinin qəbul olunması da bu çərçivədə müzakirə edilən məsələlərdəndir.
Lakin istənilən halda müəllimə münasibətdə əsas diqqət onun peşəkarlığına, pedaqoji hazırlığına və şagirdə bilik və bacarıq qazandırmaq imkanlarına yönəlməlidir.
Birinci sinfə qəbul prosesi də artıq elektron şəkildə həyata keçirilir. Bu, təhsil sisteminin rəqəmsallaşması baxımından nə dərəcədə əhəmiyyətlidir?
– Birinci sinfə qəbul prosesinin elektronlaşdırılması valideynlər üçün də, təhsil sistemi üçün də müəyyən rahatlıqlar yaradır. Artıq respublika üzrə 124 mindən çox uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.
Ümumilikdə baxdıqda, şagird qəbulu, yerdəyişmələr və digər proseslərin rəqəmsallaşdırılması təhsil idarəçiliyinin daha çevik və şəffaf həyata keçirilməsinə imkan yaradır.
Bütün bu yeniliklərlə yanaşı, təhsil sistemində problemlərin də qaldığını qeyd etdiniz. Əsas problem nədən ibarətdir?
– Məncə, əsas məsələ təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımların real nəticələrə nə dərəcədə çevrilməsidir. Məktəb, müəllim, dərslik və digər istiqamətlərdə müəyyən məsələlər öz həllini tapsa da, əsas sual budur: şagird məktəbi bitirdikdən sonra real həyatda ona lazım olan bilik və bacarıqları əldə edə bilirmi?
Təhsilimizin ən böyük problemini məhz burada axtarmaq lazımdır. Təhsilin məqsədi yalnız şagirdin imtahan verməsi və müəyyən bal toplaması olmamalıdır. Şagird gələcək həyatında, peşəsində və əmək bazarında istifadə edə biləcəyi bilik və bacarıqlara sahib olmalıdır.
Valideynlərin qarşılaşdığı əsas problemlər hansılardır?
– Valideynlərin üzləşdiyi problemlər arasında repetitorluq xərcləri, məktəblər arasında keyfiyyət fərqi, ali məktəblərə qəbulun yaratdığı təzyiq, kənd-şəhər fərqi və əmək bazarının tələblərinə uyğun ixtisas seçimi xüsusilə diqqət çəkir.
Bu məsələlərin hər biri ayrıca yanaşma tələb edir. Əgər şagird məktəbdə keyfiyyətli təhsil ala bilmirsə və ailə əlavə olaraq repetitor xidmətinə müraciət etməyə məcbur qalırsa, bu, təhsil sisteminin qarşısında duran problemlərdən biri kimi qiymətləndirilməlidir.
Çingiz müəllim, 2026-cı ilin sonuna yaxın Azərbaycanın sosial-iqtisadi vəziyyətini necə qiymətləndirirsiniz?
– 2026-cı ilin başa çatmasına az qalır. Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləri iqtisadi artımın davam etdiyini göstərir. Lakin vətəndaşların gündəlik həyatda hiss etdiyi əsas məsələlərdən biri qiymətlərin artması və aylıq nominal əməkhaqqının dinamikasıdır.
Sadə dillə desək, maaşlar artır, amma qiymətlərin artımı bu yüksəlişin təsirini azalda bilir. Bu da onu göstərir ki, nominal əməkhaqqında artım vətəndaşların real rifahındakı artım kimi tam hiss olunmaya bilər.
Bu baxımdan yaxın dövr üçün ən vacib sosial-iqtisadi məsələlərdən biri məhz real gəlirlərin və əhalinin rifahının yüksəldilməsidir.
2026-cı il üçün sosial göstəricilər də müəyyənləşdirilib. Bu rəqəmlər sosial siyasətin prioritet olduğunu göstərirmi?
– 2026-cı il üçün yaşayış minimumu 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, uşaqlar üçün isə 260 manat müəyyən edilib. Rəqəmlər göstərir ki, sosial sahə dövlətin əsas xərc istiqamətlərindən biridir.
Lakin burada əsas məsələ yalnız vəsaitin həcmi deyil. Əsas faktor ayrılan vəsaitin insanların problemlərinin həlli baxımından nə dərəcədə səmərəli nəticə verməsidir.
Sizcə, vətəndaş üçün əsas sosial-iqtisadi göstəricilər hansılardır?
– Əslində, insanları yalnız statistik göstəricilər maraqlandırmır. Vətəndaş üçün əsas məsələ gəlirləri ilə qiymətlərin nisbəti, mənzil problemi, keyfiyyətli iş yeri, keyfiyyətli təhsil və səhiyyə xidmətlərindən istifadə imkanlarıdır.
Bununla yanaşı, insanların yaşadığı şəhər və rayonun müasir tələblərə cavab verən infrastruktura malik olması, sosial ədalət və imkanlardan bərabər şəkildə yararlanmaq imkanının təmin edilməsi də mühüm məsələlərdir.
İqtisadi göstəricilər nə qədər müsbət olsa da, bu göstəricilər insanların gündəlik həyatında öz əksini tapmalıdır.
Yaxın dövrdə ölkədə böyük sosial-iqtisadi dəyişikliklər gözləmək olarmı?
– Müəyyən sahələrdə real dəyişiklik ehtimalı, əlbəttə, var. Amma böyük sosial dönüş gözləmək üçün hazırda konkret əsasların olduğunu söyləmək çətindir. Hökumətin göstəricilərinə nəzər saldıqda daha çox tədricən yaxşılaşma və dəyişmə meylinin olduğunu görmək mümkündür.
İqtisadiyyat böyüyür, qeyri-neft sektorunda artım var, investisiyalar da artır. Digər tərəfdən isə inflyasiya əhalinin gəlirlərindəki artımın təsirini azalda bilər.
Bu baxımdan Azərbaycanın qarşısında yaxın perspektivdə ciddi sosial-iqtisadi risklərin yaranması ilə bağlı əsas görmürəm. Lakin əhalinin böyük əksəriyyətinin hiss edəcəyi rifah artımı üçün iqtisadi artımın daha çox yeni iş yerlərinin açılmasına, real əməkhaqqının yüksəlməsinə və qiymətlərin sabitləşməsinə çevrilməsi lazımdır.
Deməli, qarşıdakı dövrdə əsas gözlənti tədricən dəyişikliklərin baş verməsidir?
– Bəli. Hazırkı göstəricilər bütün sahələrdə dəyişikliklərin daha çox mərhələli şəkildə baş verəcəyini göstərir. İstər təhsil, istər iqtisadiyyat, istərsə də sosial sahədə əsas məsələ həyata keçirilən dəyişikliklərin və ayrılan resursların vətəndaşın gündəlik həyatında real nəticəyə çevrilməsidir.
Təhsildə rəqəmsallaşma, təmayüllü təhsilin genişləndirilməsi və infrastrukturun yenilənməsi müsbət istiqamətlərdir. İqtisadi sahədə isə artımın real gəlirlərə, yeni iş yerlərinə və daha yüksək həyat keyfiyyətinə çevrilməsi əsas məsələlərdən biri olaraq qalır.
Nəticə etibarilə, dəyişikliklərin sürəti ilə yanaşı, onların cəmiyyət üçün real faydasını da əsas meyar kimi götürmək lazımdır.
Gundelik.az

