Gundelik.az Tarixdə bu gün 22 Sentyabr – Filləri Ümumdünya Müdafiə Günü
Tarixdə bu gün Xəbərlər

22 Sentyabr – Filləri Ümumdünya Müdafiə Günü

22 sentyabr bir çox ölkələrdə ekoloji bayramlardan biri olan Filləri Ümumdünya Müdafiə Günü (World Day of Elephants) kimi qeyd olunur. Bu bayram, planetimizdəki
quruda yaşayan məməlilərin ən böyüyü olan fillərin sayının azalmasından narahat olan təbiəti mühafizə təşkilatları, ekoloqların təşəbbüsü ilə yaranmışdır. Fillər qədim
xortumluların yeganə nümayəndəsi kimi günümüzədək gəlib çıxmışlar. Hal-hazırda onlar təbiətdə Cənub-Şərqi Asiyanın və Afrikanın tropik meşələrində və savannalarında yaşayırlar.
Qədim zamanlardan fillərə dünyanın bir çox xalqları tərəfindən sitayiş olunub, onlar hakimiyyət və hökmdarların əzəmətinin, xeyirxahlıq və sakitliyin, müdrikliyin simvolu olmuşlar. Hindistan, Tailand və s. kimi Asiya ölkələrində fillər bayramlarda mütləq yer alırlar. Lakin fillərin ən böyük düşmənləri də məhz insanlardır. Bu heyvanların sayının azalmasının əsas səbəbi dişlərinə və ətinə görə ovlanması, onların yaşayış sahələrinin daralması, meşələrin qırılması və ümumiyyətlə ekologiyanın pisləşməsidir.
Bu gün Afrika filləri yoxolma təhlükəsi qarşısındadır. Hal-hazırda fillərin iki növü – Hind və Afrika filləri mühafizə olunur. Hind fillərinin hündürlüyü 2,5 metr, çəkiləri 3-5 ton, Afrika fillərinin hündürlüyü 4 metrədək, çəkiləri isə 5-7 tondur. 1989-cu ildə BMT öz qərarı ilə fil dişinin ticarətini tam qadağan etmişdir. Bu günün qeyd olunmasının da məqsədi məhz fillərin qorunmasına diqqəti cəlb etməkdir. Bayram rəsmi statusa malik olmasa da, ekoloji, təbiəti mühafizə təşkilatları, könüllülər tərfindən geniş qeyd olunur, maarifləndirici tədbirlər həyata keçirilir.
Fillər bədii əsərlərin də qəhrəmanı olurlar. Qriqori Osterin kitabındakı fil balası, Mauqli haqqında kitablardakı müdrik Xatxa və dünyada çox məşhur olan, ingilis yazıçısı və rəssamı Devid Makkinin yaratdığı Elmer adlı rəngbərəng, dama-dama fil buna misal ola bilər.

Gundelik.az

Exit mobile version