Avqust 23, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

50 yaşdan sonra kritik dəyişiklik: İllərlə unuduldu, indi yenidən gündəmdədir

Yaş artdıqca yalnız əzələlərimiz və yaddaşımız deyil, immun sisteminin mühüm mərkəzlərindən biri olan timus vəzi də dəyişir. Nature jurnalında dərc olunan genişmiqyaslı araşdırma daha sağlam görünən timus vəzi ilə ölüm və bəzi xəstəliklərin daha aşağı riski arasında diqqətçəkən əlaqə olduğunu ortaya qoyub. İndi alimlər illər ərzində arxa planda qalan bu kiçik orqanın yenidən cavanlaşdırılıb-cavanlaşdırıla bilməyəcəyini araşdırırlar.

Döş sümüyünün arxasında yerləşən və uzun illər ərzində yetkinlik dövründə funksiyasını böyük ölçüdə itirdiyi düşünülən timus vəzi uzunömürlülüklə bağlı araşdırmaların yenidən mərkəzinə keçib. İmmun sisteminin, demək olar ki, “təlim mərkəzi” olan bu orqan yaş artdıqca kiçilir və yeni T-hüceyrələri yaratmaq qabiliyyəti azalır. Yeni araşdırmalar isə timus vəzinin sağlam qocalma və immun sisteminin gənc qalması baxımından düşündüyümüzdən daha əhəmiyyətli ola biləcəyinə işarə edir.

Prof. Dr. Osman Müftüoğlu Sabah qəzetindəki köşəsində mövzu ilə bağlı mühüm məlumatlar verib.

Kişilər 50 yaşdan sonrakı dövrə qədəm qoyarkən bir çox şeyi itirməkdən qorxurlar. Əzələlərini, saçlarını, yaddaşlarını… Amma heç kimin danışmadığı başqa bir itki də var. Gəlin, birlikdə oxuyaq.

Timus terapiyası mənim də uzun illərdir üzərində çalışdığım və maraq göstərdiyim sahələrdən biridir. Xüsusilə Avropada, Almaniya mənşəli uzunömürlülük və bioloji qocalma üzrə fəaliyyət göstərən elmi dairələr timus, immun sisteminin qocalması və regenerasiyası ilə bağlı uzun müddətdir mühüm araşdırmalar aparırlar.

Timus regenerasiyası ilə bağlı çox danışılan digər mühüm addım isə ABŞ-dan gəlib. Bir neçə il əvvəl aparılan kiçikmiqyaslı TRIIM araşdırmasında böyümə hormonu, DHEA və metformin birlikdə istifadə edilib. Timus toxumasında regenerasiya ilə uyğun dəyişikliklər və bəzi bioloji yaş göstəricilərində diqqətçəkən nəticələr əldə olunub.

İndi isə daha bir yaxşı xəbər var. Məşhur elmi jurnal Nature 14 iyul 2026-cı ildə timusu yenidən uzunömürlülük gündəminin tam mərkəzinə gətirib.

TİMUSU NİYƏ UNUTDUQ?

Timus döş sümüyümüzün arxasında yerləşən kiçik bir orqandır. Amma onun kiçikliyinə aldanmayın. Mən onu immun sistemimizin Hərbi Akademiyası adlandırıram. T-hüceyrələri burada təlim keçir. Onlar kimə hücum etməli, kimə isə toxunmamalı olduqlarını burada “öyrənirlər”.

Problem ondadır ki, yaş artdıqca timus kiçilir və getdikcə yağ toxuması ilə əvəz olunur. Hərbi Akademiya tamamilə bağlanmır, amma siniflər boşalmağa başlayır. Yeni T-hüceyrələrinin istehsalı və müxtəlifliyi azalır, immun sisteminin gənclik dövründəki çevikliyi tədricən itir.

NATURE-DAN TƏƏCCÜBLÜ MƏLUMATLAR

Bu il Nature jurnalında dərc olunan genişmiqyaslı araşdırmada alimlər süni intellektin köməyi ilə 27 mindən çox yetkin insanın döş qəfəsinin kompüter tomoqrafiyası görüntülərindən timusun vəziyyətini qiymətləndiriblər.

Nəticə olduqca diqqətçəkən olub: timusu daha sağlam görünən insanlarda 12 illik müşahidə müddətində ölüm riski təxminən iki dəfə daha aşağı olub. Ürək-damar xəstəliklərindən ölüm və ağciyər xərçəngi riski də daha aşağı olub.

Bu, “Timusu cavanlaşdırsaq, ömrü uzadarıq” demək deyil. Amma çox mühüm bir məqamı göstərir:

Yetkinlik dövründə timus düşündüyümüz qədər funksiyasını itirmiş və əhəmiyyətsiz orqan deyil.

İndi məqsəd: Timusu yenidən aktivləşdirmək

Tədqiqatçılar böyümə faktorlarından hormonlara, hüceyrə terapiyalarından mRNA texnologiyalarına qədər müxtəlif üsullarla timusun yenidən aktivləşdirilib-aktivləşdirilə bilməyəcəyini araşdırırlar.

Əsas məqsəd yalnız timusu böyütmək deyil. Məqsəd daha gənc və müxtəlif T-hüceyrələri yarada bilən immun sistemi formalaşdırmaqdır.

Bu səbəbdən timus regenerasiyası gələcəkdə immunosenesensə, yəni immun sisteminin qocalmasına qarşı mübarizədə mühüm uzunömürlülük hədəflərindən biri ola bilər.

Amma hələ resept yazmayaq

Böyümə hormonu, DHEA və ya metformindən istifadə edərək özbaşına “timusu cavanlaşdırmağa” çalışmaq qətiyyən doğru deyil.

TRIIM maraqlı nəticələr göstərib, amma bu, çox kiçikmiqyaslı pilot araşdırma idi. Daha geniş TRIIM-X araşdırması da məhz bu səbəbdən aparılır.

Hazırda heç bir müalicə üçün “timusu cavanlaşdırır və insan ömrünü uzadır” deyə biləcəyimiz səviyyədə sübut yoxdur.

Möcüzəvi timus dərmanını gözləyərkən köhnə və etibarlı tövsiyələr yenə də qüvvədədir:

Fiziki aktiv olmaq;

Əzələ kütləsini qorumaq;

Siqaret çəkməmək;

Artıq çəkidən uzaq durmaq;

Keyfiyyətli yatmaq.

Çünki mövcud məlumatlar daha sağlam həyat tərzi vərdişlərinin daha yaxşı timus sağlamlığı ilə də əlaqəli olduğunu göstərir.

NƏTİCƏDƏ BU NƏ DEMƏKDİR?

Uzunömürlülük elminin gələcəyində məqsəd immun sistemini daim “gücləndirmək” deyil.

Əsas hədəf immun sisteminin gəncliyini, müxtəlifliyini və düzgün qərarvermə qabiliyyətini qorumaq ola bilər.

Və bu hekayənin mərkəzində illər ərzində unudulmuş kiçik bir orqan yenidən səhnəyə çıxır: timus vəzi.

Bəlkə də artıq sualımız “Timus nə işə yarayır?” deyil.

Əsas sual budur:

“Timusu daha uzun müddət gənc saxlaya bilərikmi?”

Və daha böyük sual:

“Əgər bunu bacarsaq, sağlam ömür müddətimizi də uzada bilərikmi?”

Elm hələlik “bəli” demir.

Amma artıq bu sualı çox ciddi şəkildə araşdırır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az