Havanın temperaturu 30 dərəcəni keçdikdə iştah azalır, yemək hazırlamaq isə daha çətinləşir. Mütəxəssislər bildirirlər ki, isti günlərdə təkcə su içmək kifayət deyil, qidalanma rejimi də hava şəraitinə uyğunlaşdırılmalıdır. Kiçik dəyişikliklərlə həm susuzlaşmanın qarşısını almaq, həm də bədən temperaturunu tarazlaşdırmaq mümkündür.
1. Daha çox zülal qəbul etməyə ehtiyac yoxdur
Oxford Brookes Universitetinin qidalanma mütəxəssisi doktor Aisling Deylin sözlərinə görə, isti havalarda orqanizmin əlavə zülala ehtiyacı olmur.
Ət, toyuq və balıq kimi məhsulların bişirilməsi mətbəxi daha da qızdırdığı üçün air fryer və ya yavaş bişirici kimi az istilik yayan üsullara üstünlük vermək tövsiyə olunur.
Mərcimək, lobya, qatıq, pendir, tofu və quru çərəzlər kimi alternativ zülal mənbələri isti günlər üçün daha uyğun seçimlərdir. Smoothie, qatıq, lobyalı salat, yumurta və ton balığı kimi yüngül yeməklər həm zülal ehtiyacını qarşılayır, həm də asan həzm olunur.
2. Suyu təkcə içməyin, həm də yeyin
İsti havalarda tərləmə artdığı üçün orqanizm daha çox maye itirir. Buna görə də yalnız su içmək deyil, su tərkibi yüksək olan meyvə və tərəvəzləri də gündəlik qidalanmaya daxil etmək vacibdir.
Mütəxəssislər xiyar, pomidor, kahı, kərəviz, qarpız və çiyələyin, həmçinin alma, armud, üzüm, portağal, ananas və kökün maye ehtiyacının ödənilməsinə kömək etdiyini bildirirlər.
3. İsti çay düşündüyünüz qədər zərərli deyil
Bir çox insan isti havalarda yalnız soyuq içkilərə üstünlük versə də, mütəxəssislər isti və ya ilıq içkilərin də sərinləməyə kömək edə biləcəyini bildirirlər.
Araşdırmalara görə, isti içki qəbul edildikdə orqanizm daha çox tərləyir və bunun sayəsində bədən istiliyini xaric edir. Bununla belə, əsas məsələ içkinin temperaturu deyil, gün ərzində kifayət qədər maye qəbul etməkdir.
Həddindən artıq qəhvə və alkoqol qəbulu isə orqanizmin daha çox maye itirməsinə səbəb olur. Mütəxəssislər gündə 1–2 fincan qəhvənin adətən problem yaratmadığını, lakin yüksək miqdarda kofeinin susuzlaşma riskini artıra biləcəyini vurğulayırlar.
Yemək saatlarını dəyişmək də faydalıdır
Mütəxəssislərin fikrincə, isti havalarda səhər yeməyini erkən yemək, günün ən isti saatlarında ağır yeməklərdən uzaq durmaq və axşam sərinliyində daha gec saatlarda qidalanmaq orqanizmin yüksək temperaturla mübarizəsini asanlaşdırır.
Kifayət qədər su içmək, su tərkibi yüksək qidalar qəbul etmək və yüngül yeməklərə üstünlük vermək yay istisini daha rahat keçirməyin ən təsirli yolları hesab olunur.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
