Sentyabr 4, 2026
Baku
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün Xəbərlər

3 Sentyabr – Xalq artisti Yaşar Nurinin 75 illiyi, (03.09.1951-22.11.2012)

Yaşar Nuri azərbaycanlı aktyor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı; (1981) Azərbaycan SSR- in Əməkdar Artisti fəxri adı; (1991) “Yaramaz” filmindəki

Maşallah roluna görə Azərbaycan Respublikasının Dövlət Mükafatı; (1996) “Qızıl dərviş” mükafatı; (2005) Azərbaycan Respublikası Prezidentinin I dərəcəli mükafatı; (2010) Cəfər Cabbarlı mükafatı; (2011) “Şöhrət” ordeni;(2012) Milli Kino Mükafatı; Azərbaycanın Xalq Artisti; Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Məmmədsadıq oğlu Nuriyev 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir. Səhnəyə ilk dəfə on bir yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının “Yelkən” verilişinin aparıcılarından olmuşdur. Bundan başqa o, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir. Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustası idi. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda “Sabahınız xeyir”, “Gülüş axşamı” yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. “Azərbaycanfilm” kinostudiyasında isə saysız hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir. Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilmişdir. Səhnədə həmişə canlı, təravətli, ürəklərə yol tapmışdır. Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınamışdır. Teatrda İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” əsərinə quruluş vermiş, kinoda isə “Spasibo” filmini çəkmişdir. Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir.

Gundelik.az