Sentyabr 4, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 1005:2026 “Milli simli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər” yeni dövlət standartını qəbul edib.

Gundelik.az AZSTAND-a istinadən xəbər verir ki, bu dövlət standartının qəbulunda əsas məqsəd xalq musiqisinin solo, ansambl, orkestr ifası və tədris məqsədi üçün nəzərdə tutulan kamança və kamança ailəsinə aid alətlərinin texniki və digər keyfiyyət göstəricilərinin vahid qaydada müəyyənləşdirilməsi, alətlərin istehsalında və qiymətləndirilməsində ümumi yanaşmanın təmin edilməsidir.

Yeni dövlət standartı layihəsi Mədəniyyət Nazirliyinin bazasında təsis edilmiş “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 44) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.