Oman İranın Hörmüz boğazından keçən kommersiya gəmilərindən müştərək rüsum alınması ilə bağlı irəli sürdüyü təklifi rədd edib.
Gundelik.az xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Post” nəşri regiondakı yüksəkvəzifəli məmura istinadən məlumat yayıb.
“İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ötən həftə verdiyi bəyanatın əksinə olaraq, Oman rüsumların yığılmasına razılıq verməkdən boyun qaçırıb”, – deyə qəzeti məlumatlandıran mənbə bildirib.
Nəşr xatırladır ki, ötən həftə İran və Omanın xarici işlər nazirləri Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə ediblər. Bir neçə saat sonra isə SEPAH nümayəndəsi hər iki ölkənin payı barədə razılığın əldə olunduğunu bildirmişdi.
Bununla yanaşı, keçən həftə adı açıqlanmayan ABŞ rəsmisi məsələyə belə münasibət bildirmişdi:
“SEPAH tələskənliyə yol verib, çünki gəlirlərin bölüşdürülməsi ilə bağlı təklif olunan razılaşmanın şərtləri hələ Tehranın özündə belə tam təsdiqlənməyib”.
“The New York Post” vurğulayır ki, bununla da Oman hökuməti ABŞ Prezidenti Donald Trampla qarşıdurmadan yayına bilib. Belə ki, Tramp Omanın Hörmüz boğazına nəzarət üzrə İranla danışıqları davam etdirəcəyi təqdirdə ölkəni sərt şəkildə bombalamaqla hədələmişdi.
