50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla həmişə zəngin həyat təcrübəsi, müşahidə, bilik, məharət və bacarıq, gərgin əmək tələb edən 300-ə yaxın müxtəlif
surətlər silsiləsi yaratmışdır.
Sidqi Ruhulla, əsl adı Ruhulla Fətulla oğlu Axundov Azərbaycanın və SSRİ-nin xalq artisti və teatr rejisoru. 1931-ci ildə Sidqi Ruhulla Azərbaycan SSR-nin
əməkdar artisti, 1938-ci ildə Azərbaycan SSR xalq artisti, 1949-cu ildə SSRİ xalq artisti adını almışdır. Sidqi Ruhulla 1945-1946-cı illərdə “Qırmızı Əmək Bayrağı” ordeni ilə, “Əmək igidliyinə görə” və “Qafqazın müdafiəsi üçün”
medalları ilə təltif olunmuşdur.
Ruhulla Fətulla oğlu Axundov (Sidqi Ruhulla) 1886-cı ildə Bakının Buzovna kəndində müəllim ailəsində anadan olmuş, ibtidai təhsilini bir kənd müəllimindən almışdır. Əsl adı Ruhulla, soyadı Axundov olsa da, gəncliyində “Vətən” dramında Sidqi rolunu məharətlə ifa etdiyi üçün yoldaşlarının məsləhətilə Sidqi ləqəbini qəbul etmişdir. 1906-cı ildə birinci dəfə Azərbaycan səhnəsində böyük tragik Ərəblinskini Axundovun “Vəziri Xani Lənkəran” komediyasında Teymur Ağa rolunda gördü. Bu andan Sidqinin gələcək taleyi həll olundu. Sidqi sanki çoxdan axtardığı bir fəaliyyət sahəsini tapmış oldu. Onda hələ uşaqlıqdan aktyor sənətinə böyük həvəs var idi. Ərəblinski ilə dostlaşan Sidqi Ruhulla səhnəyə olan həvəsini ona bildirdi. O, Sidqinin səsində, qamətində, mimikasında, jestlərində böyük gələcəyi olan aktyoru əvvəlcədən görə bildi və Sidqini səhnəyə cəlb etdi.1906-cı ildə Sidqi birinci dəfə Vəzirovun “Adı var, Özü yox” komediyasında Telli rolunda səhnəyə çıxdı. O vaxt milli teatr səhnəsində Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdilər. 1908-ci ildə Bakıda “Morskoe Sobranie” zalında Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” faciəsi tamaşaya qoyulur. Burada Rüstəm bəy rolu Sidqiyə tapşırılır. Bu rolda Sidqi öz ifasının təbiiliyi, rolu dərindən hiss edib yaşaması ilə diqqəti cəlb edir. Bu tamaşadan sonra Sidqi hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alır. O, Azərbaycan yazıçılarından Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Mirzə İbrahimov, Məmməd Səid Ordubadi, Sabit Rəhman, Süleyman Rüstəm, Rəsul Rza, İlyas Əfəndiyevlə yanaşı rus klassiklərinin, qərb dramaturqlarının da əsərlərində müxtəlif rollar ifa etmişdir.Sidqi Ruhulla 1959-cu ildə 73 yaşında Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Fimoqrafiya: Abbas Mirzə Şərifzadə (film), Bismillah (film, 1925), Gilan qızı (film, 1928), Hacı Qara (film, 1929), Qızıl kol (film, 1930), Kəndlilər (film, 1939), Fətəli xan
(film, 1947), Mənim atam Əliövsət Sadıqov (film, 2007) və s.
Gundelik.az
