Gundelik.az Dünya Zelenski Trampın təklifinə “yox” cavabı verməyəcək – RƏY
Dünya Siyasət Xəbərlər

Zelenski Trampın təklifinə “yox” cavabı verməyəcək – RƏY

Ukrayna Prezidenti Volodimir Zelenski çox ağır seçim qarşısındadır. ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Zelenskidən müharibəni dayandırmasını və bunun qarşılığında Donbasın Rusiyaya qurban verməsini istəyəcək.

Gundelik.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.

O bildirib ki, Kreml bunun əvəzinə Ukraynaya daha hücum etməyəcəyi və Qərb ölkələrinin Kiyevə verəcəyi təhlükəsizlik təminatını tanıyacağını vəd edib: “Bu vədin bir qara qəpik dəyəri yoxdur. Ortada Kremlin 1994-cü il sazişini cırıb zibil yeşiyinə atdığı faktı var. Zelenski Vaşinqtona səfərdən əvvəl açıqlama verərək Ukrayna Konstitusiyasına zidd qərar verməyəcəyini və Donbasdan imtina etməyəcəyini bildirib. Zelenski bu fikrini Trampa deyəcəyi halda o Ağ Evdən nəticəsiz qayıdacaq. Bu, Ukraynanın resurslarını tükəndirən müharibənin davamı və Trampın Ukraynaya hərbi dəstəyi azaltması demək olacaq”.

Politoloq vurğulayıb ki, Zelenski Trampın təklifini qəbul etsə, o, ərazilərdən imtinasını Ukrayna xalqına izah etməli olacaq: “Prezidentə ərazisindən imtinanı xalqına izah etməkdən ağır vəzifə ola bilməz. Bu faktiki Rusiya qarşısında kapitulyasiyadır”.

E. Şahinoğlunun sözlərinə görə, Trampa nə yolla olursa-olsun müharibəni dayandırmaq, seçkiqabağı vədini yerinə yetirməklə reytinqini artırmaq və Nobel sülh mükafatı almaq lazımdır: “Yeganə maneə Zelenskinin kapitulyasiyaya müqavimət göstərməsidir. Ukrayna Prezidenti üçün bu görüş ötən dəfəki görüşdən daha ağır keçəcək. Zelenski dünyanın gözü qarşısında Ağ Evdə ikinci dəfə Trampla mübahisə etmək istəmir. Ona görə də Zelenski Trampın təklifinə “yox” cavabı vermək əvəzinə məsələni uzatmaq taktikasını seçə bilər”.

Gundelik.az 

Exit mobile version