Gundelik.az Elm və təhsil Ədəbiyyat 21 Avqust Ədəbiyyatşünas, tənqidçi Bəkir Nəbiyevin 95 illiyi, (1930-2012)
Ədəbiyyat Tarixdə bu gün

21 Avqust Ədəbiyyatşünas, tənqidçi Bəkir Nəbiyevin 95 illiyi, (1930-2012)

Nəbiyev Bəkir Əhməd oğlu – ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycanın Əməkdar elm xadimi (1990).

     Bəkir Nəbiyev 21 avqust 1930cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. ADU-nun filologiya fakültəsində təhsil almışdır (1949-1954). Eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olmuşdur. Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən “Dama-dama göl olar” rəyi ilə başlamışdır. Universiteti bitirdikdən sonra “Azərbaycan gəncləri”, “İnşaatçı” qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləmişdir (1954-1957). ADU-nun aspiranturasına daxil olmuş, “F.Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir (1960). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi (1961-1971), Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru (1971-1986), Azərbaycan Ədəbiyyat Fondunun sədri işləmişdir (1982-1986). AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmuşdur (2003-2012). “Çoxmillətli sovet ədəbiyyatı tarixi”nin, ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi”nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin baş redaktorudur. 30 cildlik “Türk dünyası ədəbiyyatı” ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisidir. Azərbaycan EA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin rəhbəri olmuşdur (1987-2001). 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1960-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 15 mart 2012-ci ildə Bəkir Nəbiyev Bakı şəhərində vəfat edib.

Əsərləri: “Görkəmli tənqidçi və ədəbiyyatşünas”(1963),Müasirlik və sənətkarlıq uğrunda” (1966), “Sovet Azərbaycanı: Ədəbiyyat və incəsənət” (1970), Süngüyə çevrilmiş qələm” (1970), “Ədəbi düşüncələr” (1971), “Nizami adına Azərbaycan ədəbiyyatı muzeyi” (1975), “Təzə izlər sorağında” (1979), “Kamalın təntənəsi” (1981), “Müasirlərimiz bədii ədəbiyyatda” (1983), “ Söz ürəkdən gələndə” (1984), “Mənalı ömürdən səhifələr : Firidun bəy Köçərli” (1984), “Roman və müasir qəhrəman” (1987), “Almaz İldırım” (1994), “Azərbaycan ədəbiyyatı tarixi altı cilddə”(2004), “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” (2009) və s.

Filmoqrafiya:Söz əsrlərlə yaşayır (film, 1979), Şeirin xəzrisi (film, 2000), Üç zirvənin fatehi (film, 2008), Rənglərdə yaşayan kino (veriliş, 2009). Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XXXXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 129.

Gundelik.az

 

 

Exit mobile version