“Sevgidə sədaqət, əhdə vəfa, həyat eşqi, insanın ucalığı, ana-qadın qəlbinin münbit əsrarlı kəhkəşanı övlad məhəbbəti, sülh, əmin-amanlıq arzuları, vətəni qorumaq, doğma təbiətə heyran olmaq, gözəllik duyğusu və s. Mədinə Gülgünün şeirlərində həmişə öz əksini tapmışdır”.
Professor Bəkir Nəbiyev
Mədinə Gülgün-Azərbaycan şairəsi, Azərbaycanın əməkdar incəsənət xadimi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları (1960, 1974, 1986), “Şərəf Nişanı” ordeni (1980), “21 Azər” (1946), “Əmək veteranı” (1948) və digər medallarla təltif olunmuşdur. Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. M. Gülgün Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirmişdir. Mədinə Gülgünün ilk yaradıclığı Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edir.Vətən sevgisi,azadlıq həsrəti onun yaradıcılığının əsas leytmotivini təşkil edir. Onun şeirlərində başlıca yer tutan hicran, həsrət motivləri də əsasən buradan irəli gəlirdi. Mədinə Gülgünün poeziyasının ağır sınaqlarla dolu olan yollarında ilk addımlarını atdığı gündən onun lirasının ötdüyü nəğmələrin baş ahəngini xalqa, doğma vətənə övlad məhəbbəti, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış nidalarını başlıca motivlərini təşkil etmişdir. Onun əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunmuşdur. Şairin Bakıda və Moskvada “Təbrizin baharı” (1950), Savalanın ətəklərində (1950); Sülhün səsi (1951); Yadigar üzük (1953); Təbriz qızı (1956); Firudin (poema) (1963); Dünyamızın sabahı (1974); Durnalar qayıdanda (1983); Dünya şirin dünyadır (1989) “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni” (1978), “Könlümü ümidlər yaşadır” və onlarca diğər şeir kitabı dərc olunmuşdur. Bu kitabların başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir. Onun lirik şeirlərinə mahnılar bəstələnmişdir. Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, Fəxri
Xiyabanda dəfn olunmuşdur.
Əsərləri: “Təbrizin baharı” (1950), “Seçilmiş əsərləri: Şerlər və poemalar” (1986), ”Yadigar üzük” (1953), ”Pərvanə” (1955), ”Günlər və xatirələr” (1959), “Firidun” (1963), “Dünyamızın sabahı” (1976), “Arzu da bir ömürdür: (Şerlər və poemalar)” (1976), ”Ömrün payız dayanacağı” (1983), “Dünya şirin dünyadır” (1989), “Mən bu ömrü yaşadım” (1997), “Yora bilməz yollar məni” (1978), “Çinar olaydı” (1985), “Qürbət elə qürbətdi; Bir dəli rüzgarım…; Danışım danışmayım…:” (Şerlər) (1993), “Sarı bülbül” (Şerlər) (1992) və s.
Gundelik.az

